Neftçalalı alim “Bir kəmər, bir yol” Gənc Çinşünaslar Alyansının sədr müavini seçilib

2020-01-24 Baxış: 242
img

Çinin Cinhua şəhərindəki Cıcian Pedaqoji Universitetində 1-ci “Bir kəmər, bir yol” dil strategiyası beynəlxalq elmi konfransı və Gənc Çinşünaslar Alyansının 1-ci elmi simpoziumu keçirilib.

MAYAKİNFO AZƏRTAC-a istinadən xəbər verir ki, Çin ilə yanaşı, Türkiyə, Tailand, Vyetnam, Myanma, Tunis, Cənubi Koreya və digər ölkələrdən gənc alimlərin qatıldıqları tədbirdə Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev “Azərbaycanda xarici dillərin tədrisi prizmasından Çin dilinin tədrisinə baxış: problemlər və gözləntilər” mövzusunda mühazirə oxuyub.

Azərbaycanın tarixən İpək yolu üzərində həm ticari, həm də mədəni qovşaq olduğunu bildirən gənc tədqiqatçı, ölkəmizdə dövlətin dil siyasəti çərçivəsində xarici dillərin, o cümlədən Çin dilinin tədrisinin vəziyyətindən danışıb, bu sahədə dərslik, lüğət, mütəxəssis və digər məsələlərə toxunub. Bildirib ki, hazırda Azərbaycanda iki ali təhsil ocağında Konfutsi İnstitutu, Milli Elmlər Akademiyasında Çin Mərkəzi fəaliyyət göstərir, bir neçə universitetdə Çin dili tədris olunur. Heydər Əliyev Fondu tərəfindən Azərbaycanda ilk dəfə distant Çin dili kursları təşkil olunub.

Qeyd olunub ki, Azərbaycanda Çin dilinin tədrisində ən böyük problemlər dərsliklərin, lüğətlərin və yerli müəllimlərin az olmasındadır. Hər bir xarici dil dərsliyinin və lüğətlərin müvafiq dövlətin tədris sisteminə, mədəniyyətinə uyğun olmasının vacibliyi elmi izah əsasında diqqətə çatdırılıb. Bununla bağlı konkret təkliflər irəli sürülüb.

A.Əliyev Çinin ali təhsil ocaqlarında təqaüd proqramları çərçivəsində oxuyan azərbaycanlı tələbələrin sayının 100-ə çatdığını bildirib, Çində Azərbaycan dilinin tədrisi, 100-dən çox xarici dilin tədris olunduğu PXDU-da Azərbaycan dili üzrə kadrlar hazırlanması prosesi barədə məlumat verib.

Tədbirdə “Bir kəmər, bir yol” Gənc Çinşünaslar Alyansı təsis edilib və Aqşin Əliyev qurumun sədr müavini seçilib.