Neftçala rayonunda YAP-ın yaradılmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib

2022-11-01 Baxış: 50
img

Oktyabrın 31-də Neftçala rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar.

Sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsini əbədiləşdirmək üçün inşa edilmiş Abidə-Kompleksi ziyarət edilib və önünə gül dəstələri düzülüb.

Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə  çıxış edən Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev bildirib ki, Yeni Azərbaycan Partiyası 30 il ərzində zəngin və şərəfli inkişaf yolu keçib. O, partiyanın qazandığını nailiyyətlərin əhəmiyyətindən və qarşıda duran vəzifələrdən bəhs edib. 

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov  tədbirdə çıxış edərək vurğulayıb ki,  Yeni Azərbaycan Partiyası daim milli mübarizənin önündə dayanmışdır. Bu gün əminliklə deyirik ki, ötən 30 ildə Yeni Azərbaycan Partiyasının keçdiyi yol, əldə etdiyi nailiyyətlər böyük quruculuq salnaməsidir.

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Kamal Cəfərov çıxışında qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası şərəfli inkişaf yolu keçərək bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə tarixi müvəffəqiyyətlər əldə edir. Xalqın sevgisini və dəstəyini qazanan partiya ölkədə sabitliyin təminatında avanqard rolunu oynayır.

YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov ümumxalq partiyasına çevrilən və 800 minə yaxın üzvü olan Yeni Azərbaycan Partiyasının ölkənin tərəqqisində müstəsna rolundan danışıb.

Tədbirdə partiya veteranı Oktay Kərimov, Ərazi Partiya Təşkilatı sədri Ruhəngiz Nəcəfova, partiya fəalı, Vətən Müharibəsi iştirakçısı Vüqar Qələşov çıxış ediblər.

Sonda rayon təşkilatının həyatında fəal iştirak edən bir qrup partiya üzvlərinə fəxri fərman və partiya sıralarına yeni qəbul olunmuş üzvlərə vəsiqələr təqdim olunub.