Yeni Azərbaycan Partiyası seçki ilə bağlı məlumat yayıb.

2020-02-10 Baxış: 500
img

“Azərbaycan Respublikasının Milli Məclisinə 9 fevral 2020-ci ildə keçirilmiş növbədənkənar seçkilər başa çatıb. Seçkiləri izləyən çoxsaylı beynəlxalq və yerli müşahidəçilərin rəyi seçki prosesinin azad, demokratik, şəffaf şəraitdə ölkənin qanunvericiliyinə tam uyğun olaraq keçirildiyini sübuta yetirir. Seçkilərdə 1314 namizədin iştirak etməsi deputat mandatı uğrunda mübarizənin yüksək rəqabət şəraitində aparılmasından xəbər verir”.

MAYAKİNFO xəbər verir ki, bu barədə partiyanın məlumatında deyilir.

“Daha güclü Azərbaycan naminə” çağırışı ilə seçkilərə qatılan Yeni Azərbaycan Partiyası 123 dairədə qeydiyyatdan keçmiş namizədi ilə geniş və əhatəli seçki kampaniyası aparmağa müvəffəq olub. Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalq  arasında yüksək şəxsi nüfuzu, həyata keçirdiyi siyasətin möhtəşəm nəticələri, ölkə iqtisadiyyatının sürətli inkişafı, əhalinin rifahının yüksəlməsi, Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin daha da möhkəmlənməsi, uğurla davam edən genişmiqyaslı islahatlar Yeni Azərbaycan Partiyasının sözügedən seçkilərdə istinad etdiyi əsəs məqamlar olub. Qeyd etmək yerinə düşər ki, seçkilərə şəxsi keyfiyyətləri sayəsində insanlar arasında böyük nüfuz qazanmış layiqli namizədləri ilə qatılan Yeni Azərbaycan Partiyasının seçki kampaniyasının uğurla həyata keçirilməsinə partiyanın çoxsaylı üzvləri və könüllüləri də böyük töhfə veriblər.

Seçkilərin gedişatını izləyən bir sıra mötəbər beynəlxalq sorğu mərkəzlərinin (exit-poll) verdikləri açıqlamalar Yeni Azərbaycan Partiyasının Milli Məclisə növbədənkənar seçkilərdə əhəmiyyətli uğurlar qazandığını söyləməyə əsas verir.

Yeni Azərbaycan Partiyası bu seçkilərdə səsvermənin gedişini özünün çoxminli müşahidəçiləri ilə geniş şəkildə izləyiblər. Onların verdiyi məlumatlara görə, seçkilərə qatılmış bəzi namizədlər və onların tərəfdaşları səsvermə prosesini pozmağa, müxtəlif təxribatlarla demokratik və azad keçirilən seçkilərə kölgə salmağa cəhdlər göstəriblər.

Yeni Azərbaycan Partiyası bu seçkilərdə onun irəli sürdüyü namizədlərə və nəticə etibarilə Azərbaycan Respublikasının Prezidentinin siyasətinə səs vermiş vətəndaşlarımıza dərin minnətdarlığını ifadə edir və əmin olduğunu bildirir ki, Milli Məclisin yeni tərkibi ölkəmizdə həyata keçirilən islahatlara öz dəyərli töhfəsini verəcək”.