Prezident İlham Əliyev şanlı tarix yazmış görkəmli dövlət xadimidir.

2020-12-24 Baxış: 684
img

Prezident İlham Əliyev güclü və müasir ordumuzun qucusu Vətən Müharibəsində böyük zəfər qazanmış, ərazi bütövlüyümüzü təmin etmiş və şanlı tarix yazmış görkəmli dövlət xadimidir.

Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Ali Baş Komandanın rəhbərliyi ilə Silahlı Qüvvələrimizin modernləşdirilməsi, müasirləşdirilməsi, eləcə də, maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində kifayət qədər əhəmiyyətli işlər reallaşdırılıb. “Bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır”, deyən cənab Prezident bildirib ki, biz bunu yorulmaz fəaliyyət nəticəsində əldə etmişik: “Çünki mənim prezident kimi fəaliyyətimdə ordu quruculuğu birinci yerdədir”. Məhz  bunun nəticəsidir ki, Azərbaycan Cənubi Qafqaz regionunda ən güclü orduya malik ölkə statusunu daşıyır. Bu gün Azərbaycanda istehsal olunan bir çox hərbi məhsullar ordumuzun potensialının gücləndirilməsində əsas amillərdən biridir. Dövlət başçısının siyasi iradəsi, qətiyyətli mövqeyi nəticəsində bu gün doğma evimizə - Qarabaga yol alırıq.

Prezident İlham Əliyevin parlaq liderliyi və müdrikliyi Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsini təmin etdi. Prezident İlham Əliyevin də dediyi kimi, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi və bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi. Həqiqətən də, 44 günlük Vətən müharibəsi dövründə biz bütün güclərimizi səfərbər edərək, mənfur düşmənin mübarizə əzmimizi qırmasına imkan vermədik, düşmən üzərində qələbə qazandıq, tarixi ədaləti bərpa edib bütün dünyaya qalib Azərbaycan, məğlub Ermənistanı göstərmiş olduq. Azərbaycan əsgəri sübut etdi ki, biz mübariz xalqıq.

Dövlətimizin başçısı İlham Əliyevin 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə keçirilən hərbi paradda söylədiyi bu fikirləri xatırlatmaq istəyirəm: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”. Nəhayət gözlənilən gün - o böyük gün oldu, vədə əməl olundu və biz bütün dünyaya qalib Azərbaycan Ordusunun Zəfər paradını nümayiş etdirdik. Beləliklə, Zəfər paradı tariximizə qızıl hərflərlə yazıldı.

Azərbaycanın 44 günlük Vətən Müharibəsində qazandığı zəfərdə qardaş Türkiyənin böyük payı var. Vətən müharibəsi dövründə qardaş ölkənin mövqeyini, gücünü, siyasi, mənəvi dəstəyini bütün dünya gördü. Azərbaycan xalqı, ordusu daim arxasında bu güclü əli hiss etdi, bu bizi qələbəyə daha da ruhlandırdı. Bu baxımdan, cənab Rəcəb Tayyib Ərdoğanın Qələbə Paradında iştirakı və qardaş Türkiyə ordusunun Azərbaycan ordusu ilə çiyin-çiyinə olması ayrıca qürurverici hadisə idi. Bu, bir daha xalqlarımıza, Türk dünyasına, beynəlxalq ictimaiyyətə, eləcə də düşmənə, onun havadarlarına xüsusi mesaj oldu.

Azərbaycan son onilliklər ərzində sürətlə inkişaf etdi. Prezident İlham Əliyev hər zaman ölkənin infrastrukturuna, logistikasına və təhsilinə investisiyalara böyük diqqət ayırırdı. İndi də Dağlıq Qarabağ çiçəklənməyə başlayacaq ki, bu da bütün regionun inkişafına təkan verəcək.

Zəfərimiz günbəgün qüdrətlənən, ən islahatçı ölkələr sırasında qərarlaşan Azərbaycanın qarşısında yeni imkanlar açacaq. Zəfərin mübarək Azərbaycan! Eşq olsun Ali Baş Komandana! Eşq olsun Azərbaycan Ordusuna! Yeni ilə Zəfərinlə addımla məğrur, yenilməz Azərbaycan xalqı!

Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatı adından Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevi doğum günü münasibətilə təbrik edirik.


Yeni Azərbaycan Partiyası Neftçala Rayon Təşkilatının Aparat Rəhbəri

CAVAD MIRZƏYEV