QARABAĞI CƏNNƏTƏ ÇEVİRƏCƏYİK

2021-02-19 Baxış: 627
img
Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş rayonlara səfərləri böyük maraq və ruh yüksəkliyi ilə qarşılanmaqla, həm də böyük əhəmiyyət daşıyan əlamətdar hadisələrlə yadda qalır. Belə ki, bu səfərlər zamanı həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində yeni strateji obyekt və müəssisələrin təməlinin qoyulması həm siyasi, həm iqtisadi, həm də mənəvi cəhətdən müstəsna əhəmiyyət kəsb edir. Qarabağın bərpası dövlətimizin başçısının “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında sərəncamı ilə müəyyənləşdirilən əsas hədəflər sırasında xüsusi yer alıb. Cənab Prezident xalqa müraciətində “Ermənistanın işğalı və vəhşiliyi nəticəsində başdan-başa dağıdılmış doğma Qarabağımızı əminəm ki, biz ən qısa zamanda əsl cənnətə çevirəcəyik” vurğulayarkən bir daha  uzaqgörən siyasətini nümayiş etdirdi. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən və gələcəyə hesablanmış geniş miqyaslı infrastruktur layihələri onu deməyə əsas verir ki, Qarabağ qısa müddətdə nəinki Azərbaycanın, həm də bölgənin əsas mərkəzlərindən birinə çevriləcəkdir. 
       Ümumiyyətlə hər bir ərazinin bütün sahələr üzrə inkişafı yol infrastrukturundan başlayır. Bu gün artıq ölkə Prezidentinin tapşırığına əsasən Əhmədbəyli-Alxanlı-Fizuli-Şuşa avtomobil yonunun çəkilişi yüksək templə davam etdirilir. Digər vacib layihələrdən birinə Toğanalı-Kəlbəcər yolu, həm şimaldan həmdə cənubdan Laçın və Kəlbəcər rayonlarına yol nəqliyyat infrastrukturunun həyata keçirilməsi nəzərdə tutulur. Vətəndaşlarımızın azad olunmuş torpaqlara gediş-gəlişini asanlaşdırmaq məqsədi ilə Fizuli şəhərində beynəlxalq hava limanının tikintisinə başlanılmışdır. Qonşu rayonlarla iqtisadi əlaqələrin yaradılması və strateji əhəmiyyəti olduqca böyük olan uzunluğu 100 km olan Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisinə başlanılmışdır. Horadiz-Ağbənd dəmir yolu xətti Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında mühüm rol oynayacaq və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası  arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verməklə yanaşı, qurulan dəmir yolu infrastrukturu Türkiyəyə qədər uzanacaq. Beləliklə Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaradılacaqdır.    
            Aparılan işlər onu deməyə əsas verir ki, işğalından azad olunmuş torpaqlarda görülən tədbirlər, məqsədyönlü və paralel şəkildə icra edilir. Belə ki, Dövlət Başçısının birbaşa təşəbbüsü ilə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşması istiqamətində hal-hazırda ciddi işlər görülməkdədir. İlk olaraq  Zəngilan rayonunda başlanılan “ağıllı kənd” layihəsi dağılmış Ağalı kəndi həyata keçiriləcəkdir. Kənddə layihənin icrası əsasən 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələridir.
            Azərbaycanın işğaldan azad etdiyi ərazilərin yeraltı və yerüstü təbii ehtiyatlarla zəngin olması, habelə həmin yerlərin geniş kurort-rekreasiya potensialına malik olması ərazinin iqtisadi əhəmiyyətini artırdığı kimi, əhalinin könüllü və sürətli məskunlaşması, adaptasiya və məşğulluğunun təmini üçün də geniş fürsətlər yaradır. Ən əsası azad edilən ərazilərin iqtisadiyyatı yenidən qurulur. Əminliklə deyə bilərik ki, bütün sahələrdə yeni texnologiyaların tətbiqi iqtisadiyyatı daha da məhsuldar edəcəkdir. Bütün bu işlər heç şübhəsiz Müzəffər Azərbaycanın Prezidenti cənab İlham Əliyevin böyük uzaqgörənliyi, qətiyyəti və iradəsi əsasında reallaşır. 
Yaşasın Azərbaycan, Qarabağ Azərbaycandır!

Qəfərov Mürsəl Səfər oğlu
 Fermerlər Şurasının sədri