Azərbaycan-Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir

2021-03-03 Baxış: 447
img

Azərbaycan və Türkiyə arasındakı münasibətlər dərin köklərə dayanır. Xalqlarımız arasında eyni soy, eyni kök, eyni dil və din mənsubluğu, ənənə və mədəniyyət oxşarlığı, bu iki ölkənin bir-birinə doğmalığını bir daha sübut edir. İki ölkə arasında tarixi dostluğa, qarşılıqlı etimada, səmimi münasibətlərə söykənən əlaqələr və qardaşlıq telləri daim möhkəmlənməkdə davam edir.

Azərbaycan və Türkiyə tarix boyu bir-birlərinə arxa olmuşlar İstər işğalçı erməni dövlətinin torpaqlarımıza təcavüzü zamanı, istərsə də 44 günlük Vətən Müharibəsində Türkiyə Azərbaycana haqq mübarizəsində açıq şəkildə öz dəstəyini nümayiş etdirmişdir. Bu bir daha sübut edir ki, Azərbaycan və Türkiyə arasında hər bir sahədə olduğu kimi hərbi sahədəki əməkdaşlıq bölgədə sülhün və təhlükəsizliyin ən vacib və ən böyük təminatıdır.

Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən bu istiqamətdə hər zaman düzgün siyasət aparılır, Türkiyənin hərb sahəsində qazandığı uğurlarından bəhrələnmək əsas istiqamət qəbul edilir. Hörmətli Prezidentimizin xarici ölkə jurnalistləri ilə keçirdiyi son mətbuat konfransında da dediyi kimi:”Türk silahlı Qüvvələri ilə Azərbaycan Müdafiə Nazirliyi arasında əməkdaşlıq uzun tarixə malikdir. Müharibə dövründə bütün dünya Türkiyə müdafiə sənayəsinin keyfiyyətini gördü. Türkiyə istehsalı olan müdafiə sistemlərindən Azərbaycan məharətlə isitfadə edib və müharibədə bu, böyük üstünlük təmin etmişdir. Hərbi əməkdaşlığımız gündən-günə möhkəmlənir”. Türkiyə ilə müdafiə sahəsində əməkdaşlığımız və əlaqələrimiz bundan sonra ancaq və ancaq gücümüzə güc qatacaqdır. Bu tərəfdaşlıq, ordumuzun daha da modernləşdirilməsində, təcrübəli hərbi kadrların hazırlanmasında,  Azərbaycan Müdafiə Sənayesinin inkişafında böyük rol oynayacaqdır.

Bu gün Ermənistan hakim dairələrində və erməni  cəmiyyətində vahid mövqe yoxdur. Onların dövlətimizə və xalqımıza qarşı düşmənçilik siyasəti sərgiləməsi, revanş müharibə istəyi, bütün azərbaycanlılar kimi məni də narahat edir. Lakin 44 gündə Qalib Ordumuzun nələrə qadir olduğunu gördükdən sonra heç şübhəm yoxdur ki, istənilən təhdid düşməni bu dəfə tamam məhvə aparacaqdır. Azərbaycan-Türkiyə əlaqələri, o cümlədən müdafiə sahəsində əməkdaşlıq bütün türk dünyası üçün də vacib və əhəmiyyətlidir. Çünki, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı bu ölkələrin möhkəmlənməsinə və inkişafına təkan verəcək, böyük töhfələr bəxş edəcəkdir.

Azərbaycan və Türkiyə hər zaman və hər sahədə tam bir müttəfiqdir. Ölkəmizin suverenliyi, müstəqilliyi və təhlükəsizliyi üçün qardaş Türkiyə ilə hərbi əməkdaşlığımız hər zaman davam etdirilməli, bölgədə sülh və əmin əmanlığın qorunmasını iki qardaş ölkə olaraq daim birlikdə təmin etməliyik.

 

Məmmədli Nərgiz;

Neftçala rayon sakini gənc,

Azərbaycan Milli Aviasiya Akademiyasının məzunu