Qüdrətli Azərbaycanın Müzəffər Ordusu

2021-03-09 Baxış: 704
img

1992-1993-cü illər Azərbaycan tarixinin qara ləkəsidir desək əsla yanılmarıq. Çünki həmin vaxt hakimiyyətdə olan AXC-Musavat cütlüyü özünün yarıtmaz siyasəti, səriştəsizliyi ucbatından həm daxili həm də xarici siyasətdə Azərbaycanı məhv etdi. Vəzifə, şöhrət davası nəticəsində nələri itirmədik? Ata-baba yurdlarımız bizdən qat-qat zəif, qorxaq millətin ordusu tərəfindən ağılasığmayacaq formada işğala məruz qaldı. Həmin vaxt dırnaqarası hakimiyyət nə ordu qura bildi, nə də vətəni müdafiə edə bildi. Satqınlıq, səriştəsizlik, özbaşnalıq nəticəsində 20 faiz tormaqlarımız işğal olundu, minlərlə əsgər-zabitimiz şəhid və itgin düşdü. Çünki ordu olmayan yerdə nə komandanlıq, nə taktika nə də hücumdan söhbət gedə bilərdi. Lakin xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev uzaqgörən siyasət yürüdərək ilk öncə daxili sabitliyi təmin etdi, arxasınca ordu quruculuğuna başladı. Bəli bu proses zamanla, planlı şəkildə həyata keçirilirdi. Ölkə Prezidenti cənab İlham Əliyevin hakimiyyətə gəlişindən sonra isə bu məsələ dövlətin xüsusilə prioritet sahələrindən biri hesab edildi. “Sülh istəyən gərək müharibəyə hazır olsun” ideyasını rəhbər tutaraq, daim ordunun kompkletləşdirilməsi, şəxsi heyətinin peşəkarlığının artırılması, yeni və müsair silahların alınması davam etdirildi. Azərbaycan Ordusu hərbi paradlarda öz imkanlarını və məharətini göstərdikcə xalqımızın qürur duyğuları və gələcəyə inamı bir az da artırdı. Ordumuzun Aprel döyüşlərində, Tovuz hadisələrində göstərdiyi igidlik, qorxmazlıq və peşəkarlıq onun gücünə olan inamımızı artırmaqla yanaşı Qarabağın azadlığını hiss etdirirdi bizlərə. Azərbaycan Ordusunun şanlı tarix yazdığı və tarixə çevrildiyi 44 gündə xalqımız, hətta bütün dünya nəyə qadir olduğumuzu, gücümüzü gördü. Ordumuzun qarşısında keçilməz heç bir maneə yox idi. O, müharibəyə həm fiziki, həm əqli, həm də psixoloji cəhətdən hazır idi. Azərbaycan Ordusu bütün ekstremal şəraitlərdə, təhlükəli situasiyalarda öz döyüş əməliyyatlarını peşəkarlıqla, xüsusi manevrlərlə davam etdirirdi. Məqsəd qarşıya qoyulan tapşırıqları yüksək səviyyədə reallaşdırmaq, nəticədə ərazi bütövlüyümüzün bərpasına nail olmaq idi. Ordumuzun gücü xalqımızı nə qədər qürurlandırırdısa, düşməni hər keçən gün bir az da qorxudurdu. Düşmən özü yaralanmış əsgərlərimizin döyüşü necə davam etdirdiyini, igid oğullarımızın qorxmazlığını xəbər manşetlərinə çevirmişdi. Azərbaycanın xüsusi təyinatlı qüvvələri başda olmaqla digər hərbi birləşmələr və qüvvələr mümkünsüzü gerçəkliyə çevirirdilər desək yanılmarıq. Onların fiziki hazırlığı düşməni lərzəyə saldığı kimi pilotsuz uçuş aparatları və onların idarəetmə sistemi türk oğlunun əqlinin ermənilərin fövqündə durduğunu sübut edirdi. Döyüş əməliyyatlarına bütün cəhətlərdən bu qədər hazır olan ikinci Dövlət bəlkə də yox idi. Odur ki, Vətən müharibəsi bütün dünya hərbi ekspertlərinin nəinki döyüşlərin gedişində, hələ uzun illər araşdırma mövzusu olacaqdır. Onlar şanlı ordumuzun gücünü heyranlıqla seyr edib, elmi və praktiki sirrlərini öyrənməyə cəhd edirlər. Hesab edirəm ki,  Azərbaycanın müharibə təcrübəsi onun indiyə qədərki hazırlıq səviyyəsini daha da artıracaqdır. Bu da öz növbəsində bundan sonra da qüsursuz ordu quruculuğu aparılacağına heç bir şübhə qoymur. Yaşasın Azərbaycan ordusu!

 

Cavid Babayev

Neftçala şəhər sakini, keçmiş hərbçi.