Yeni Azərbaycan Partiyası böyük bir siyasi məktəbdir.

2021-03-09 Baxış: 755
img

Ulu Öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan Yeni Azərbaycan Partiyası təkcə ölkəmizdə deyil, regionda ən güclü, lider siyasi təşkilatdır. Qurulduğu gündən yüksək nüfuz qazanmış Yeni Azərbaycan Partiyası şərəfli bir yol keçmişdir. İqtidar partiyası olaraq Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyev siyasətinin avanqard qüvvəsi kimi, xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə öz töhfəsini vermiş və bundan sonra da davam edəcəkdir. Ölkəmizdə keçirilən bütün seçkilərdə inamlı qələbə qazanan Yeni Azərbaycan Partiyası regionda ən iri siyasi təşkilata çevrilib. Partiyanın qurucusu Ümummilli Lider Heydər Əliyevin söylədiyi kimi "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır". Partiyanın dünəni zəngin və şərəflidir, bu günü fəal quruculuq və xalqa xidmət qayğılarından ibarətdir. Biz gələcəyə aydın proqramla, güclü rəhbərimiz, partiyanın Sədri, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək irəliləyirik.

 5 mart 2021-ci il tarixində Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirildi. Bu qurultay ölkəmizin ictimai-siyasi həyatında tarixi hadisədir. Bu gün Azərbaycan özü yeni reallıqlar yaradan ölkədir. 44 günlük Vətən müharibəsində tarixi qələbəmiz yeni reallıqların yaranması prosesini inkişaf etdirən başlıca istiqamətlərdəndir. Qurultayın keçirilməsi bir daha Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının milli çağırışlara və yeni reallıqlara daima adaptiv mexanizminin olduğunu isbat edir. Eyni zamanda bu qurultayın keçirilməsi ölkədə aparılan islahatların davamıdır.

Qurultayda 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına qoşulmaqla bağlı müraciətinin qəbul edilməsi milli birlik və siyasi həmrəyliyin yeni modelinin təzahürüdür. Yeni Azərbaycan Partiyasının Sədri, Prezident cənab İlham Əliyevin VII qurultayda yekun nitqində digər partiyaların Yeni Azərbaycan Partiyasına qoşulmasını siyasi sistemimizin təkmilləşdirilməsi istiqamətində atılan növbəti addım olaraq dəyərləndirmiş və bu addımın olduqca əlamətdar hadisə olduğunu qeyd etmişdir.

VII qurultay çərçivəsində təşkilati məsələlərlə bağlı qərarlar, həmçinin partiyanın yeni nizamnaməsi qəbul edilmişdir. Belə ki, qəbul edilmiş qərara əsasən Yeni Azərbaycan Partiyasının 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfər tərkibdə Təftiş Komissiyası təsdiq edilmişdir. Eyni zamanda, yeni qurum olan Yeni Azərbaycan Partiyasının Veteranlar Şurası yaradılmışdır ki, bu qurumun da tərkibi 35 nəfər olaraq təsdiq edilmişdir. Qəbul olunmuş yeni qərarlar partiya fəaliyyətinin inkişaf sürətini daha da artıracaq.

Yeni Azərbaycan Partiyasının İdarə Heyətində gənclərin də təmsil olunması məsələsində bu, partiya Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin gənclərinə göstərdiyi böyük etimadın bariz nümunəsidir. Yeni Azərbaycan Partiyası böyük bir siyasi məktəbdir. Yeni Azərbaycan Partiyası hər zaman gənclərə xüsusi diqqət ayırır. Biz isə Yeni Azərbaycan Partiyasının gəncləri olaraq ölkəmizin və partiyamızın nüfuzunun artırılması istiqamətində ölkə daxilində və xaricində əlimizdən gələni etməliyik. Unutmamalıyıq ki, gələcək gəncliyin əlindədir. Bu səbəbdən üzərimizə düşən məsuliyyəti anlamalı və Ulu Öndər Heydər Əliyevin bizlərə miras qoyduğu vətəndaşlıq modeli çərçivəsində partiyamız üçün çalışmalıyıq.

 

Cavad Mirzəyev

YAP Neftçala rayon təşkilatının Aparat rəhbəri.