Müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir.

2021-03-12 Baxış: 747
img

Azərbaycan deyəndə xatirələrimdə qaranlığın bətnindən sıyrılıb çıxan, aləmi nura qərq edən Günəş canlanır. Bu Günəş əsrimizin o üzündə yolunu azan talelərin yoluna işıq saçdı, gələcəyi aydınlatdı. Azərbaycan deyəndə xalqının qara taleyinə Günəş kimi doğan, onu aydınlığa qovuşduran Şəxsiyyəti-Heydər Əliyevi heç vəchlə unutmaq olmaz. Məhz onun iti, uzaqgörən siyasəti nəticəsində Azərbaycan bugünkü səviyyəsinə yüksəldi. İlk dəfə hələ 46 yaşından Azərbaycana rəhbərlik edən Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycan KP MK-nın birinci katibi olduğu dövrdə SSRİ-nin təzyiqlərinə baxmayaraq, ölkənin gələcəyini düşünmüş, mənsub olduğu xalqın təhsilli, iti dünyagörüşlü olması üçün var qüvvəsini sərf etmişdir. Sonradan Moskvada rəhbər vəzifələrə irəli çəkilən Heydər Əliyev erməni siyasətçilərinə və o vaxtkı ermənipərəst qüvvələrə öz məkrli siyasətlərini həyata keçirmələrinə imkan vermirdi. Daim Azərbaycanı düşünən, qəlbi Vətənlə döyünən Heydər Əliyevin rəhbərlikdən getməsi düşmənə əl-ayağını açmaq üçün şərait yaratdı. 1990-cı il Qanlı yanvar faciəsi bunun əyani sübutudur. O vaxt bütün maneələrə, təzyiqlərə baxmayaraq Heydər Əliyev hadisə törədilən günün səhəri Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək bəyanatla çıxış etmiş, xalqımıza qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. 1990-cı ildə  Azərbaycana qayıdan Heydər Əliyev  ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, 1991-1993-cü illərdə Naxçıvan  Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olmuşdur. Bu o dövr idi ki, ölkəmizdə siyasətdən uzaq siyasətçilər meydana gəlmiş, Ölkə rəhbərliyində bacarıqsız rəhbərlər idarəçiliyi ələ almışdılar. Bir tərəfdən ermənilərlə aparılan müharibə, digər tərəfdən daxili çəkişmələr ölkəmizi parçalanmaq, məhv olmaq təhlükəsi ilə üzbəüz qoymuşdu. Azərbaycanın səmasında qara buludların hökmran olduğu dövrdə xilaskara ehtiyac var idi. Hər kəs xalqın xilasını Heydər Əliyevin Ölkə rəhbərliyinə gətirilməsində görürdü. Bütün nəzərlər o zaman Naxçıvana dikilmişdi. Naxçıvandan gələcək o məşhur sima batmaqda olan gəmini- Azərbaycanı ruzigarın sərt dalğalarından qoruya bilərdi. Belə də oldu, Azərbaycana rəhbərliyə gətirilən Heydər Əliyev Azərbaycan tarixinə “Qurtuluş”  sözünü qızıl hərflərlə yazdı. Onun 1993-cü ildən Azərbaycan Prezidenti kimi fəaliyyətə başlaması ilə tariximizdə dönüş yarandı. İlk öncə daxili sabitliyi qoruyan, bütövlüyü təmin edən Ümummilli lider cəbhədə atəşkəsə nail oldu. Sonra Azərbaycanın beynəlxalq ələmdə təbliğini gücləndirən Heydər Əliyevin siyasəti nəticəsində ölkəmiz dünyanın nüfuz sahibi olan ölkələri ilə birgə layihələrə qoşuldu. 1994-cü il sentyabrın 20-də  Bakıda “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü” haqqında dünyanın 11 ən iri neft şirkəti ilə “Əsrin Müqaviləsi”  imzalandı. Heydər Əliyevin Prezidentliyi zamanında milli ordu quruculuğunda ciddi dəyişikliklər başladı. İlk öncə orduda nizam-intizamın yaradılması, zabitlərimizin qardaş Türkiyədə təlimlərə cəlb olunması,digər ölkələrdə yüksək peşəkarlıq tələb edən təlimlərdə iştirakı ordumuzun gücünü artırdı. Bu gün əminliklə deyirik, Qafqazın ən güclü ordusu Azərbaycan ordusudur. Həm 2016-cı il Aprel döyüşlərindəki qələbələrimiz, həm də 44 günlük Vətən müharibəsindəki Zəfərimiz bir daha sübut etdi ki, Ümummilli liderimizin o zaman ordu quruculuğu sahəsində gördüyü işlər bu gün üçün dəqiqliklə hesablanmışdır. Heydər Əliyevin ölkəmizin  dünyada layiqincə təmsil olunması üçün Azərbaycan diasporunun  fəaliyyətinin yaxşılaşdırılması və gücləndirilməsi sahəsində çox dəyərli tarixi qərarları qəbul etməsi də  diqqətçəkici məqamlardandır. 2001-ci il noyabrın 9-10-da Dünya Azərbaycanlılarının Bakıda keçirilən I qurultayı bunun əyani sübutudur. Bu gün dünyanın dörd yanında  ölkəmizi layiqincə təmsil edən diasporumuz  mövcuddursa, bu ,Ümummilli liderimizin vaxtilə apardığı davamlı uğurlu siyasətin nəticəsidir. Bu gün müstəqil Azərbaycan özünün çiçəklənmə dövrünü yaşayır. Vaxtı ilə Ümummilli Liderimizin apardığı uğurlu diplomatiya nəticəsində Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlara üzv olması, bu gün həmin beynəlxalq təşkilatlardan haqq səsini ucaltması ilə nəticələnir. Gördüyümüz kimi, Ulu Öndər Heydər Əliyevin siyasi irsi  müstəqil dövlətçiliyimizin əsasını təşkil edir. Bu günkü  qüdrətli Azərbaycan  Ulu Öndərimizin inamlı və qətiyyətli siyasi bacarığının sayəsində yüksəlmiş, bizlərə töhfə edilmişdir. Ömrünü xalqı yolunda yorulmadan sərf edən, hər zaman milli mənsubəiyyəti haqda fəxrlə danışan dahi Öndərimiz sabahın sabahını yaradanlardan olmuşdur. “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!”-deyən Ümummili Liderimiz!,  biz də fəxr edirik, fəxr edirik ki, mənsub olduğumuz xalqın tarixində sizin kimi parlaq sima var və bu sima ilə eyni xalqa mənsub olmaq bizim üçün şərəfdir.

 

Rövşən Həsənov

Neftçala rayon sakini, ziyalı