Azərbaycan böyük investorlar üçün artıq daha maraqlı ölkədir

2021-03-16 Baxış: 629
img

“Vətən Müharibəsi”ni qələbə ilə başa vurub ərazi bütövlüyümüzü bərpa etdik. Qələbə ilə ordumuzun və xalqımızın milli birliyini nümayiş etdirərək “Qarabağ Azərbaycandır” şüarını bütün dünyaya bəyan etdik. Artıq qarşıda yeni işlər, yeni layihələr dayanır. Azad edilən torpaqlarımızda sürətlə yenidənqurma işlərinə başlanılıb. Ölkə başçısı cənab İlham Əliyevin qarşıya qoyduğu, müəyyən etdiyi vəzifələrdən biri azad edilmiş torpaqlarımızda rayon və şəhərlərimizin bərpa olunması, “Böyük Qayıdış” proqramının həyata keçirilməsidir. “Böyük Qayıdış”ın ilk addımı hələ 2016-cı il Aprel qələbəsindən sonra Cocuq Mərcanlı kəndinin yenidən qurulması ilə başlanmışdı. Bu gün isə işlər daha maştablı, daha böyükdür. Bunun üçün isə Qüdrətli Azərbaycanın bütün potensialı vardır. Diqqətlə baxarkən görürük ki, həyata keçirilən bütün işlər tam planlı, gələcəyə hesablanmış şəkildə, yüksək səviyyədə reallaşdırılır. Yenidənqurma istiqamətində ilk addım yolların çəkilməsidir. Yol-nəqliyyat infrastrukturunun yaradılması inkişafa gedən yolda bizi məqsədimizə daha rahat çatdıracaqdır. Şuşa şəhərinə çəkilən avtomobil yolunun “Qələbə yolu” adlandırılması müqəddəs mübarizəmizin, qələbəmizin müqayisə olunmayacaq möhtəşəmliyindən xəbər verir. Reallaşdırılan yol infrastrukturları Qarabağa gediş-gəlişi asanlaşdıracaq və bu da öz növbəsində həmin ərazilərə investor axınını sürətləndirəcək. Həyata keçirilən dəmir yolu layihələri regiona yeni imkanlar açmaqla, Azərbaycanın tranzit imkanlarını genişləndirir. Nəzərə alsaq ki, bu gün böyük tikinti meydanı olan işğaldan azad edilmiş torpaqlara daşınacaq tikinti materialları əsasən dəmir yolu vasitəsilə daşınacaqdır, onda ərazidə nəqliyyatın bu növünün inkişaf etdirilməsi düzgün hesablanmış addımdır. Bu gün azad edilən şəhər və rayonlarımız paralel olaraq elektrik enerjisi ilə də təmin olunur. Hazırda “Azərişıq Qarabağda” layihəsi adı altında tədbirlər həyata keçirilir. Görülən işlər Qarabağın yenidən qurulmasına, bərpa işlərinin sürətlənməsinə zəmin yaradır. Bu günlərdə hamı Qarabağımızı – Azərbaycanımızı qurub-yaratmağa can atmalıdır. Füzuli, Ağdam, Cəbrayıl kimi şəhərlər yerlə-yeksan edilib. Görünən odur ki, mənfur düşmənin əməlləri nəticəsində xarabalığa çevrilmiş ata-baba yurdlarımızda işlərə sıfırdan başlanılmalıdır. Bütün infrastruktur layihələri, sosial layihələr, binalar, məktəblər, xəstəxanalar tikilməlidir. Paralel olaraq xain düşmən tərəfindən minalanmış həmin torpaqlar minalardan təmizlənməlidir. Heydər Əliyev Fondu tərəfindən dağıdılmış tarixi abidələrimizin bərpası bu gün bizi çox sevindirir. Bərpa edilən abidələrimiz Qarabağda turizmin inkişafına öz töhfəsini verəcəkdir. Qarabağımız elə bir əsrarəngiz bölgədir ki, orada bütün turizm sahələrinin inkişafı, digər iqtisadi layihələrin həyata keçirilməsi mümkündür. Əminik ki, ərazilərimizin yenidən qurulmasında yerli şirkətlərlə yanaşı müasir innovativ təkliflərlə çıxış edən xarici şirkətlər də maraqlı layihələrlə çıxış edəcəklər.

 

Nəcəfova Ruhəngiz

Neftçala rayon sakini, ziyalı.