18 illik ömrünə qəhrəman taleyi yazan Mirmöhsüm Əhmədov

2021-03-18 Baxış: 697
img

Neftçala, 17 mart, İsmayıl Cəfərli

“O, həmişə 18 yaşında mərd, məsum, igid bir oğul olaraq qalacaq. Balamın arzuları çox idi... Amma oğlum elə bir zirvə fəth etdi ki, indi onunla təkcə böyüdüyü el-oba deyil, bütün Azərbaycan qürur duyur. Mənim oğlumun adı Vətən müharibəsində qəhrəmanlığı ilə tarix yazan igidlərin sırasındadır”. Bunu neftçalalı şəhid Mirmöhsüm Əhmədovun anası Arzu Əliyeva deyib. Onun sözlərinə görə, 18 yaşında əbədiyyət yolçuluğuna çıxan Mirmöhsüm qısa ömrünə böyük bir qəhrəmanlıq sığdırdı.

Arzuları da özü kimi gənc idi. Polis olmaq, asayişi qorumaq və qanun keşiyində dayanmaq istəyirdi. Yaşıdlarından fərqlənirdi. Sakit, mehriban, hər kəsin köməyinə yetən biri idi. Anasını çox sevirdi. “Ana, Vətən sənsən” deyirdi həmişə. Vətəni anası qədər əziz bilirdi. Uşaq yaşlarından evdə “Vətən bizim anamızdır, onun bir qarış torpağı düşmən əsarətində qalmamalıdır” cümləsini də tez-tez işlədərdi.

Şəhidin anası Arzu Əliyeva deyir: “Arzusu polis olmaq idi. Şərəfli peşəni yerinə yetirmək istəyirdi. Amma qisməti şəhidlik oldu. Polis ola bilməsə də, şəhid oldu. Ən uca zirvəyə yüksəldi. Mirmöhsüm ilə saatlarla, günlərlə, aylarla danışsam da doymaram. Bir şəhid anası kimi qürur duyuram oğlumla”.

Arzu ana bildirir ki, şəhidlər ölmür, onlar daim uca zirvədədirlər. Bu isə ona təsəllidir.

Mirmöhsüm Vətənə borcunu ödəmək üçün sanki tələsirdi. Səbirsizliklə hərbi xidmətə çağırılacağı günü gözləyirdi. Çağırış zəngi gələndə ailəsi ilə sevinərək sağollaşıb. 2020-ci ilin iyulun 13-də hərbi xidmətə yollanıb. Səhhətinə görə dörd dəfə əməliyyat olunan Mimöhsum Vətən müharibəsinin ilk günlərindən döyüşə atılır. Ailəsi onun bu istəyinə qarşı çıxmaq istəsə də, qəhrəman əsgər inadından dönmür. Qubadlı, Xocavənd və Füzuli uğrunda gedən döyüşlərdə böyük şücaətlər göstərir. Füzuli istiqamətində gedən ağır döyüşlərin birində qəhrəmancasına şəhid olur. Mirmöhsüm qonşuların, qohumların, dostlarının da sevimlisi idi.

Şəhidin dayısı Rauf Əliyev onun döyüş yolundan danışaraq deyir: “Mirmöhsümün döyüş yolu Füzulidən başladı. Qanlı döyüşlər gedirdi. Qəhrəmancasına döyüşüb, baxmayaraq ki, gənc əsgər idi. Həqiqətən də qorxu deyilən hissi yox idi. Müharibədən sonra bizə dedilər ki, əsgər yoldaşı yaralanmışdı. Mirmöhsüm onu kürəyinə alaraq arxaya gətirib, yenidən döyüşə qayıdıb və şəhidlik zirvəsinə yüksəlib”.

Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Mirmöhsüm Əhmədov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Mirmöhsüm 18 illik ömrünə bütöv bir qəhrəman taleyi yaza bildi. Elə tale ki, həmişə danışılacaq.