Azərbaycan istənilən təxribatlara adekvat cavab vermək iqtidarındadır

2021-03-29 Baxış: 520
img

Müxtəlif zamanlarda mənfur qonşularımız tərəfindən ölkəmizə qarşı əsassız şəkildə ərazi iddiaları adı altında təcavüzlər olmuşdur. Zaman-zaman edilən təcavüzlər nəticəsində xalqımızın maddi-mənəvi terrora məruz qalması düşmənlərimizi getdikcə azğınlaşdırmış, daha dəhşətli terror aktları həyata keçirmələrinə rəvac vermişdir. 2020-ci il 27 sentyabr tarixində atəşkəsi  kobud şəkildə pozan düşmənin niyyəti bunun əyani sübutudur. Düşmən bu dəfə də iyrənc siyasəti gerçəkləşdirməyi planlaşdırarkən bir məsələni diqqətdən qaçırmışdı: nə Azərbaycan 1992-ci ildəki Azərbaycandır, nə də Azərbaycan ordusu həmin ordudur. Artıq  bacarıqlı rəhbərinin sarsılmaz iradəsi, siyasi gücü sayəsində qüdrətli dövlətə çevrilmiş Azərbaycan adlı nurlu məmləkətin şanlı ordusu dünyanın nüfuzlu dövlətləri tərəfindən həm maddi, həm də mənəvi baxımdan Qafqazın ən güclü ordusu adlandırılırdı. Bəli, 27 sentyabrdan başlayaraq-10 noyabra qədər davam edən Vətən müharibəsi zamanı sübut olundu ki, Azərbaycan Ordusu nəinki Qafqazın, hətta dünyanın ən güclü ordularından biridir. Ordumuzun çoxşaxəli manevrlərə malik olan heyətinin əzmi, Ali Baş Komandanımızın hərbi-diplomatik qüdrəti, düşmənə qan udduran Azərbaycan əsgərinin cəsarəti 30 ilə yaxın əsl sahiblərini intizarla gözləyən əsir torpaqları azadlığına qovuşdurdu. Azadlığına qovuşan Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa, Laçın, Ağdam, Kəlbəcər və digər müqəddəs torpaqlarımız artıq məkrli düşmənlərimizin tapdağında deyil. Dəfələrlə İşğaldan azad olunan torpaqların ziyarətinə getmiş Ali Baş Komandan  düşmənin mütəmadi  xalqımıza qarşı törətdiyi fiziki zorakılıq və mənəvi terror haqqında danışmışdır. Cənab Prezident qeyd etmişdir: “İşğal vaxtı törədilmiş vəhşiliyin, dağıntıların miqyası göstərir ki, mənfur düşmən bizim bütün yaşayış məntəqələrimizi yerlə-yeksan etmiş, Azərbaycanın zəngin tarixi irsini silmək istəmişdir”. Qeyd olunduğu kimi, düşmən xalqımıza qarşı amansızlıq sərgilədi, ancaq layiqli cavabını aldı. 44 günlük müharibə düşmənə təsəvvür edə bilməyəcəyi qorxunu yaşatdı. Azərbaycanın qələbəsinin təminatında  uğurlu hərbi strategiya mühüm rol oynadı. Hadrutun işğaldan azad edilməsi, Şuşanın azad olunması uğurlu hərbi strategiyanın nəticəsidir. Ordunun məqsədinə çatmaq üçün düşündüyü planlı bu hərbi fəaliyyət modeli düşmənin çaşqınlığına səbəb oldu. Nəticədə kapitulyasiya ilə barışan düşmən biabırçı şəkildə sülhə imza atdı.  Bütün bunlar Ali Baş Komandanımızın siyasi iradəsi, Müzəffər ordumuzun şücaətinin nəticəsidir. Artıq işğaldan azad olunmuş torpaqlarda abadlıq və quruculuq işləri həyata keçirilir. Şuşa Azərbaycanın Mədəniyyət Paytaxtı elan olunub. Ümid edirik ki, 2021–ci ildə gerçəkləşdiriləcək bir sıra hətda beynəlxalq əhəmiyyətli mədəni-kütləvi tədbirlər Şuşada, Cıdır düzündə baş tutacaqdır. Buna xalqımızın haqqı çatır. Qalib xalq, Müzəffər ordu, Yenilməz Ali Baş Komandan birliyi ilə Azərbaycanımızın yüksəlişi düşmənlərimizi hələ çox qorxuya salacaqdır.

 

Salmanlı Vüsalə

Neftçala rayon gənci.