Yaralı yoldaşlarını döyüş meydanından çıxararkən şəhidlik zirvəsinə yüksələn Pəncalı Hüseynov

2021-05-20 Baxış: 757
img

Neftçala, İsmayıl Cəfərli

Qırx dörd günlük Vətən müharibəsi Azərbaycan xalqına zəfər sevincini bəxş etməklə yanaşı, xalqımızın qəhrəman oğullarını da hər kəsə tanıtdı. Neçə-neçə igid oğullarımız Vətən uğrunda haqq savaşının iştirakçısı, şəhid və ya qazi oldular. Sonunda zəfər çaldığımız bu müharibə Azərbaycan xalqının Vətənə necə bağlılığını, onun üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha nümayiş etdirdi. Belə qəhrəman Vətən övladlarından biri də əsgər Pəncalı Hüseynovdur.

Pəncalı Bəhmən oğlu Hüseynov Neftçala rayonunun 2-ci Qaralı kəndində dünyaya göz açıb. Hələ uşaqlıqdan xoş rəftarı, yüksək mədəniyyəti ilə onu tanıyan hər kəsin böyük sevgisini qazanmışdı. Yaşadığı kənddə hər kəs onu mərd, cəsur oğul kimi tanıyırdı. Məktəb illərində dərs tapşırıqlarını həll edib, boş vaxtlarında valideynlərinə kömək edərdi. Beləcə Pəncalı ailəsinə dəstək olmağı balaca yaşlarından öyrənmişdi.

Şəhidin anası Hicran Hüseynova deyir ki, onun hərbidə qalıb işləmək ən böyük arzusu idi: “Müharibə başlayan kimi - sentyabrın 27-də döyüşə atıldılar. Murov-Kəlbəcər uğrunda gedən döyüşlərin birində şəhid oldu. Dostları deyirdilər ki, o, döyüşlərdə yaralı uşaqları çıxarırdı, onlara kömək edirdi. Həmişə deyirlər ki, çox mehriban uşaq idi, vətənpərvər idi. Xidmətdə olanda da özünü nümunəvi əsgər kimi göstərib. Komandirləri evimizə iki dəfə tərifnamə də göndərib. Allah bütün şəhidlərimizə rəhmət eləsin, sağ qalan əsgərlərimizə, qazilərimizə cansağlığı versin”.

Pəncalının əmisi 1-ci Qarabağ savaşında Ağdərə istiqamətində şəhid olub. O, dilbər guşələrimizin işğal altında qalması ilə heç vaxt barışmırdı. Arzusu əmisinin və minlərlə şəhidimizin qanını erməni qəsbkarlarından almaq idi. Hərbi xidmətə yollananda da bu arzusunun ardınca gedib. Xüsusi Təyinatlı Qüvvələrdə xidmətini davam etdirən Pəncalı ötən ilin avqustunda türkiyəli hərbçilərlə birgə keçirilən təlimdə sərrast snayperçi kimi iştirak edib.

O da bütün igidlərimiz kimi Qarabağı düşməndən azad etmək arzusu ilə sentyabrın 27-də Vətən müharibəsinə yollanıb. Murov-Kəlbəcər istiqamətində vuruşan qəhrəman döyüşçümüz sentyabrın 28-i yaralı silahdaşlarını döyüş meydanından çıxararkən düşmənin atdığı minamyot yanına düşüb və qəhrəmancasına şəhid olub. Ölümündən sonra Ali Baş Komandan İlham Əliyev tərəfindən “Kəlbəcərin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

Şəhidin atası Bəhmən Hüseynov deyir ki, Pəncalı cəldliyi, mərdliyi ilə seçilirdi. “Hər işdə bizə kömək olurdu. Uşaqlıqdan əziyyətə öyrəşərək böyüdü. Mən fəxr edirəm oğlumla. Yağı düşmənləri torpağımızdan qovdu. Mənim oğlum həmişə deyərdi ki, əmim şəhid olsa da, onun qanını yerdə qoymayacağam. Ən böyük arzusu o idi ki, torpaqlarımız azad olsun. Qanı bahasına da olsa, Kəlbəcərdən Murova kimi gedib torpaqlarımızı qorudu. Murovda çox çətinliklə də olsa öz şücaəti ilə əmisinin qisasını aldı və bayrağımızı Murovda sancaraq şəhid oldu. Allah ona rəhmət eləsin”, - deyə o bildirib.

Pəncalı Hüseynovlar ailəsinin altı övladından biridir. O, bacılarını çox sevər, həmişə onların qulluğunda dayanar, köməyini əsirgəməzdi.

Şəhidin bacısı Şərafət Hüseynova deyib: “Qardaşım həmişə bizə dəstək olurdu. Baxmayaraq ki, yaşı az idi, evimizə dəstək olurdu. Çox zəhmətkeş qardaş olub. Həmişə qardaşımın sinəsində XTQ hərflərini görəndə fəxr edirdim. Bu gün də fəxr edirəm, qardaşım adını tarixə yazdı”.

Qorxu duymadan, ürəklərində böyük Vətən sevgisi ilə qəhrəmancasına döyüşüb şəhid olan Pəncalı kimi bütün şəhidlərimiz sübut etdilər ki, bu xalqın qəhrəmanları yüzlərlə, minlərlədir. Onların ömür yolu gənclərimizə nümunədir. İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər.