Azad olunmuş ərazilərimiz cənnətə çevrilir!

2021-05-26 Baxış: 454
img
Vətən torpaqlarının işğaldan azad edilməsi xalqımızın hər bir nəfərinin qəlbində qürur və iftixar hissi yaratmışdır. Gözlərimizdə, ürəyimizdə Şəhidlərimizin Vətən üçün fəda ömrü ağrılı xatirəyə çevrilərək, əbədiyyən zəfərimizin parlaq  tarixində xatırlanacaqdır. Ulu Tanrı Vətənimizə bütün gözəllikləri vermişdir. Təbii sərvətlərlə zəngin yurdumuz əsrlərlə yadelli  qəsbkarların işğalına məruz qalmışdır. Qan yaddaşımızın əsrlərdən soraq verən faciələri xalqımızın bütövlük, birlik amalını daha da artırmışdır. Elə bu amal da bu gün parlaq zəfərimizin qazanılmasına zəmin yaratmışdır. İşğal faktı ilə heç zaman barışmayan Azərbaycan xalqı öz tarixi torpaqlarına ədalətin bərpası, xalqımızın milli birliyi, vətən övladlarının fədakarlığı, Ali Baş Komandanımız cənab İlham Əliyevin düşünülmuş, dərin daxili və xarici siyasəti nəticəsində nail ola bilmişdir. Otuz ildən artıq bir müddətdə torpaqlarımızı istismar edən, maddi və mənəvi xəzinəmizə külli  miqdarda ziyan vuran, işğal ərazilərində vandallıqla talan aktları törədən mənfur düşmən xalqımızın sarsılmaz və bitməz iradəsi önündə diz çökmüşdür. Və bu gün o ərazilərdə aparılan yeni quruculuq işləri erməni vandalizminin dəhşətli görüntülərini dünya ictimaiyyətinin nümayəndələrinə  göstərməklə xalqımızın məruz qaldığı bu vəhşiliyin iç üzünü aydın göstərir. Ərazilərimizin minalanması göstərir ki, mənfur düşmən hələ uzun illər bu torpaqlarda heç bir fəaliyyət göstərməyərək, yeraltı sərvətlərimizin oğurlanmsı faktlarını həyata keçirmişdir. İqtisadiyyatı çökmüş, əhalisinin çox böyük hissəsi xarici ölkələrə sığınmış mənfur düşmən yurdlarımızı vəhşiliklə talan etmişdir. Amma, biz o torpaqları dirçəldəcəyik, Uca Allahın izni ilə. İllər öncə yurd nisgilimizi misralarda ifadə edərək bir gön o yerlərə mütləq qayıdacağımızı çox böyük ümid  hissi ilə qələmə almışdım: “...Kaş yenidən tapaq səni. Bəzək vurub dirəyinə, kaş yenidən quraq səni, Qarabağım!”- deyərək elə bu günümüzün arzusunun gerçəkliyini diləmişdim. Bu gün o gündür ki, Vətən torpaqları azaddır, yeni quruculuq işləri çox böyük sürətlə həyata keçməkdədir. Həsrətində olduğumuz torpaqlarımız talan edilsə də, ocaqlarımız  dağıdılsa da, onun hər qarışı bizə əzizdir, əvəzsizdir. Biz ərazilərimizdə yeni quruculuq işlərini çox böyük fəxrlə izləyirik. Vətən müharibəsində, 44 gün müddətində torpaqlarımız azad edildi, Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi, Ordumuzun qətiyyəti, mərd oğulların rəşadəti nəticəsində. Və bu gün o yerlərdə geniş şəkildə quruculuq işləri reallaşmaqdadır. İlk olaraq Füzuli rayonunda Horadiz-Ağbənd dəmir yolunun təməlinin qoyulması regionun gələcək inkişafı üçün önəmli  əhəmiyyət kəsb etmişdir. Bu yol Bakı-Tbilisi-Ceyhandan sonra Vətənimizi qardaş ölkə Türkiyə ilə birləşdirən 2-ci dəmir yolu olacaqdır. Həmçinin Naxçıvan Muxtar Respublikası ilə də əlaqələrin daha da yaxın olmasına şərait  yaradılacaqdır. Cənab prezident İlham Əliyevin quruculuq işləri ilə daha yaxından maraqlanması, ərazilərə olan ardıcıl səfərləri bu layihələrin daha tez reallaşdırılmasına stimul yaratmış olur. Diqqət çəkən məqamlardan biri də odur ki, işğaldan azad edilmiş bütün ərazilərimizdə eyni vaxtda quruculuq layihələri reallaşır. Zəngilan rayonunun Ağalı kəndində birinci “ağıllı kənd” layihəsi də əhəmiyyətli layihə olaraq diqqət çəkir. Belə ki, bu ərazidə 200-ə yaxın evin enerji təlabatı yalnız alternativ enerji mənbələrindən əldə ediləcəkdir. Belə layihələrdə çox zaman günəş enerjisindən istifadə edilir. Kəndin fəaliyyəti smart cihazlardan əldə olunan məlumatlar üzərində qurulur. Bu gün Azərbaycan-Çin münasibətlərində də real əməkdaşlıq diqqət çəkməkdədir. İki dövlət arasında siyasət, ticarət, sərmayə qoyuluşu sahələrində çoxsaylı sənədlər imzalanıb. “İpək yolu” layihəsində Azərbaycan üzərinə düşən vəzifələri yüksək səviyyədə reallaşdırıb. Türkiyə və Gürcüstan kimi etibarlı tərəfdaşlarla birlikdə dəmir yolu şəbəkələri birləşdirilib və mövcud əlaqələri daha da gücləndirmək üçün Xəzər dənizində müasir liman inşa edilib. Azərbaycanın işğaldan azad edilən bütün ərazilərində -Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər və Laçın rayonlarında da nəqliyyat infrastrukturu yenidən bərpa edilməkdədir. Düşmənin dağıtdığı bütün sosial obyektlərin bərpa edilməsi, yenidən qurulması əsas vəzifə kimi qarşıya qoyulmuşdur. Ölkəmizin uğurlu daxili və xarici siyasətini izlədikcə görürük ki, Azərbaycan son 18 il ərzində beynəlxalq maliyyə institutları ilə fəal əməkdaşlığa mühüm önəm verib. Və bu mənada Azərbaycan Cənub Qaz Dəhlizi layihəsini gerçəkləşdirən dövrdə bütün əsas beynəlxalq maliyyə institutları tərəfindən ölkəmizin tərəfdaşlıq münasibətlərinə müsbət cavablar verilib. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və Çin tərəfindən təsis olunmuş İnfrastruktur və İnvestisiya Bankı bu məsələni xüsusi diqqətdə saxlayıblar. Bu faktlar göstərir ki, ölkəmizə qarşı etimad və inam yüksəkdir. Və bu münasibətlər də gələcək layihələrin məhz uğurla gerçəkləşməsi amili kimi diqqət çəkir. Azad olunmuş ərazilərimizdə həyata keçirilən yeni layihələr, həqiqətən çox uğurlu və sürətlə reallaşmaqdadır. Bu quruculuq işlərini izləmək hər bir Azərbaycan övladını sevindirir. Bu bizim əsirlikdə qalan yurdlarımıza həsrətimizin, intizarımızın sevincə çevrilmiş uğur izləridir. Bu işlərin uğurla həyata keçirilməsi qururvericidir. Həyata keçirilən layihələrdən məlum olur ki, düşməndən təmizlənən ərazilər cari ilin sonunadək 100 faiz elektrik enerjisi ilə təmin ediləcək. Magistral yolların inşası yüksək səviyyədə gerçəkləşdirilməkdə davam edir. Azad olunmuş bütün ərazilər “yaşıl enerji” zonası elan edilib və o torpaqlarda əsasən bərpa olunan enerji mənbələrindən – su, günəş və külək enerjisindən istifadə nəzərdə tutulub. Allah xalqımızı, dövlətimizi qorusun. Xalqımızın gələcəyi hər daim xoş günlərlə tarixə yazılsın.

            Bədirə  Niftaliyeva 
            Neftçala  rayon ziyalısı