Hər hansı yoluxucu xəstəliklə mübarizədə həm tibbi, həm də iqtisadi baxımdan ən əlverişli metod vaksinasiyadı

2021-06-03 Baxış: 696
img

2019-cu ilin sonundan başlayaraq bütün dünyanı öz əsarətinə almış koronavirus pandemiyasının dünya əhalisinə vurduğu zərərli təsirlər ölkəmizdən də yan keçməmişdir. Pandemiya başlayan gündən Azərbaycan hökuməti ölkə iqtisadiyyatına dəyə biləcək mənfi təsirləri azaltmaq məqsədilə 2 milyard dollar həcmində sosial-iqtisadi təşviq paketi hazırlamışdır. Bəli hər hansı yoluxucu xəstəliklə mübarizədə həm tibbi, həm də iqtisadi baxımdan ən əlverişli metod vaksinasiyadır. Vaksinasiya zamanı törədici agentə qarşı orqanizmdə hazır antitellər yaranır. Bunun nəticəsində ya xəstəlik baş vermir, ya da çox yüngül kliniki əlamətlərlə təzahür edir. COVİD-19 xəstəliyinə qarşı vaksin hazırlandıqdan sonra əksər inkişaf etmiş dövlətlər peyvəndlərin ədalətsiz bölgüsünə start verdi. Onlardan fərqli olaraq cənab Prezident İlham Əliyev “peyvənd millətçiliyi” nin yolverilməz olduğunu və dünyada peyvəndlərin ədalətli şəkildə bölünməsinin vacibliyini ilk dəfə gündəmə gətirdi. Təsadüfi deyildir ki, Azərbaycan dünyada BMT-dən sonra ən böyük təşkilat olan Qoşulmama Hərəkatının hazırki sədri kimi peyvəndlərin dünya ölkələri arasında bərabər şəkildə bölünməsini dəstəkləyən və bunu açıq şəkildə bildirən nadir ölkələrdən biridir. Prezident İlham Əliyevin birbaşa nəzarəti altında Azərbaycan dünyada vaksin alan və vaksinasiya aparan ölkələr arasında ön sıralardadır. Ölkəmiz həmçinin vaksinasiya göstəricilərinə görə hətta vaksin istehsal edən Rusiyadan da irəlidədir. Bütün bunlar Ölkə başçısının həmişə olduğu kimi hər bir vətəndaşının yanında olduğunu və onların hər birinin sağlamlığının qayğısına qalmasının sübutudur. Koronavirusun öhdəsindən gəlmək üçün Azərbaycan həmişə dünyada həmrəyliyin nümayiş etdirilməsini əhəmiyyətli dərəcədə təbliğ etmişdir. Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlıq etməklə Azərbaycan bu təşkilata 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı etmişdir. Azərbaycan həmçinin 30-dan artıq kasıb ölkəyə koronavirusla əlaqədar humanitar və maliyyə yardımları göstərmişdir. Qeyd edək ki, bu ilin yanvar ayından Azərbaycanda Koronavirus əleyhinə peyvənd kampaniyasına start verilmişdir. Artıq ölkə əhalisinin 20 faizindən çoxu könüllülük prinsipi əsasında vaksinasiya olunmuşdur. Vaksinasiya işinin təşkili ilə əlaqədar “Neftçala Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində də bütün şərait yaradılmış və bu iş uğurla davam etdirilməkdədir. Vaksin olunmaqla öz sağlamlığını qoruyan hər bir vətəndaş Respublikamızın Vaksinasiya strategiyasına da dəstək olmuş olurlar. Hər bir vətəndaşı peyvənd olunmağın mahiyyətini dərk etməyə, könüllü olaraq bu aksiyada iştirak etməyə dəvət edirəm. Unutmayaq, özümüzün, sevdiklərimizin, dövlətimizin var olması üçün peyvənd olunaq!

Nəcibə Abdullayeva

Neftçala rayon sakini, həkim