Bugün Azərbaycan dünyaya günəş kimi doğur!

2021-06-18 Baxış: 399
img
1993- cü ilin 15-iyun tarixi Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuşdur. Əminliklə deyə bilərik ki, bu tarixdən etibarən dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas olub. Bu o gündür ki, xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib.Ulu Öndər böyük risklərə baxmayaraq xalqın qurtuluş missiyasını cəsarətlə öz üzərinə götürüb. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngimiş, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas olmuşdur. Bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olunub.1993-cü ilin yayında Ümumilli Lider Heydər Əliyevin Vətəni sevən hər bir azərbaycanlının ürəyində ümid çırağı yandıran "Bir Azərbaycanı bu vəziyyətdən çıxarmağa qadirik" sözlərini bütün xalq bir çağırış kimi qəbul etdi.
1993- cü il iyunun 15- də yenidən respublikada siyasi rəhbərliyə qayıdan Ulu Öndər Heydər Əliyev yeni tarixi şəraitdə iki mühüm vəzifənin, Azərbaycan dövlətçiliyinin məhv olmaq təhlükəsinin aradan qaldırılması, dövlət müstəqilliyimizin qorunub saxlanılması dönməz və əbədi edilməsi habelə dünyəvi, demokratik dövlət quruculuğunun həyata keçirilməsi vəzifələrinin həlli istiqamətində tarixi əhəmiyyət kəsb edən işlərə başladı. Müdrik rəhbərimiz gərgin əməyi, səriştəsi, böyük təşkilatçılıq qabiliyyəti, uzaqgörən daxili və xarici siyasəti nəticəsində, qısa zaman kəsiyində dövlət müstəqilliyimizin dönməz xarakter alması təmin olundu, demokratik hüquqi dövlət quruculuğunun möhkəm təməli qoyuldu. Milli Qurtuluş Günündən sonra Ümummilli Lider Heydər Əliyev ümumxalq dəstəyinə arxalanaraq, özünün yenilməz siyasəti, iradəsi, rəhbəri qətiyyəti və zəngin idarəetmə təcrübəsi sayəsində Azərbaycanda vətəndaş müharibəsi ocaqlarını sözün həqiqi mənasında söndürdü, baş qaldırmaqda olan separatçılıq meyillərinin kökünü kəsdi və dövləti keçmiş zamanlarda olduğu kimi xanlıqlara parçalanmaq təhlükəsindən xilas etdi.Ulu Öndər qısa zaman ərzində nizami ordu quruculuğuna başladı və 1994-cü ildə atəşkəsin əldə edilməsinə nail oldu. Böhran və tənəzzül içərisində olan milli iqtisadiyyatın maddi bünövrəsini yaratmaq üçün Azərbaycanın yeni neft strategiyasını formalaşdırdı və böyük maneələrə baxmayaraq 1994- cü il sentyabrın 20-də "Əsrin müqaviləsi" nin imzalanmasına nail oldu. Saymaqla bitməz Ulu Öndərin Azərbaycan üçün etdiklərini. Bəli bu günə hesablanmış bütün addımlar hazırda öz nəticəsini ən yüksək səviyyədə verməkdədir. Bu gün əmin əllərdə olan dövlətimizin zamanla böyüməsi, inkişaf etməsi hər birimizin gözləri önündə baş vermişdir. Təsadüfi deyil ki, Ümummilli Liderin praktik fəaliyyəti nəticəsində Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda dünya siyasətinin başlıca geostrateji maraq mərkəzinə, iqtisadi cəhətdən daim yüksəlişdə olan bir diyara çevrilmişdir. Bəli Azərbaycan bu günki müstəqilliyinə görə Ulu Öndərə borcludur.

Əzizə Bəxşəliyeva
Neftçala rayon sakini