İşğaldan azad edilmiş hər bir qarış torpağımızda həyat yenidən canlanır!

2021-07-17 Baxış: 386
img
Bu gün əminiklə deyə bilərik ki, Azərbaycan xalqı öz tarixinin ən yaddaqalan və şanlı dönəmini yaşayır. Ermənistan üzərindəki qələbədən cəmi 6 gün sonra dövlətimizin başçısı cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş ərazilərə səfər etdi və erməni faşistlərinin qəddarlığı ilə yerində tanış oldular. İlk səfər ötən il noyabrın 16-da işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına oldu. Səfər zamanı Prezident İlham Əliyevin Zəfər yolu adlandırdığı Füzuli-Şuşa avtomobil yolunun təməli qoyuldu. Bununla da azad edilmiş ərazilərimizdə tarixi bərpa və yenidənqurma işlərinə start verildi. İşğaldan azad edilmiş ərazilərdə dəmir yollarının da yenidən qurulmasına başlanılıb. Belə ki, hazırda Bərdə-Ağdam dəmir yolu xəttinin Bərdədən başlayaraq Ağdama qədər olan hissəsinin bərpası davam etdirilir.  Eyni zamanda işğaldan azad olunmuş bölgələrimizdə Horadiz-Füzuli və Füzuli-Şuşa dəmir yolu xəttlərinin inşası aparılacaqdır. Həmçinin Horadiz-Ağbənd dəmir yolu da yenidən tikiləcək və bu yol Ermənistan ərazisindən keçməklə Naxçıvana gedən nəqliyyat dəhlizinin əsas komponentlərindən biri olacaqdır. İşğaldan azad edilmiş ərazilərimizdə pilot layihələr qismində bəzi yerlərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqinə start verilib. Cənab Prezident İlham Əliyevin işğaldan azad olunan torpaqların  yaşıl enerji zonasına çevrilməsi ilə bağlı qarşıya qoyduğu məqsədlərə çatmaq üçün müvafiq qurumlar tərəfindən işlərə başlanılmışdır. Xüsusilə əraziləmizdə ilk növbədə su elektrik stansiyalarının tikilməsi və yenidən qurulması istiqamətində sürətli işlər həyata keçirilməkdədir. Bundan başqa Beynəlxalq Enerji Agentliyi ilə bölgədə Günəş və Külək enerjisi potensialını nəzərə alıb yaşıl enerji layihələrinə xüsusi investorların cəlb edilməsi üzərində ciddi iş aparılmaqdadır. Cənab Prezident İlham Əliyevin sərəncamı ilə 2021-ci ilin yanvar ayının 4-də “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxs yaradılmışdır. Qarabağ Dirçəliş Fondunun yaradılması qalib ölkəmizin vətəndaşlarının qəlbində qürurverici tarix kimi qalacaqdır. Çünki bu fondun həyata keçirəcəyi tədbirlər nəticəsində Müzəffər Ordumuz tərəfindən işğaldan azad edilmiş bütün torpaqlarımızda yeni kəndlər, qəsəbələr, şəhərlər salınacaq, vətəndaşlarımız öz doğma, dədə-baba torpaqlarına qayıdacaqdır. Bəli 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımız artıq işğaldan azad edilib, öz sahibinə qaytarılıb. Hər bir qəlbi Azərbaycanla döyünən vətəndaşımız inanır ki, əsirlikdən azad olmuş həmin bölgələr yenidən qurulacaq, əvvəlki şöhrətini bərpa edəcəkdir. Prezident İlham Əliyevin siyasi iradəsi ilə işğaldan azad olunmuş şəhər və kəndlərimizdə həyat yenidən canlanacaq və bütün Qarabağ cənnətə çevriləcəkdir!.

 Əli Məmmədzadə
 Neftçala rayon sakini