Azərbaycanın vaksinasiya strategiyasının mərkəzində xalqımızın sağlamlığı dayanır

2021-07-30 Baxış: 367
img

Bildiyimiz kimi bugün dünyada COVID-19 pandemiyasına qarşı mübarizə ən aktual məsələ hesab edilir. Odur ki, planetimizin bəlasına çevrilmiş bu xəstəliyə qarşı ən əhəmiyyətli vasitə və yeganə xilas yolu məhz, dünya əhalisinin vaksinasiyasıdır. Dünyada hər il minlərlə insan müxtəlif xəstəliklərə qarşı peyvənd olunmadığı üçün həyatlarını itirirlər. Belə olan halda həmin şəxslər uşaqlarına, valideynlərinə və məsuliyyət daşıdığı insanlara qarşı öz öhdəliklərini yerinə yetirə bilmirlər. Elm sübüt edir ki, vaksinlər xəstəliyə yoluxma zamanı ağırlaşma və ölüm hallarının qarşısını alan təhlükəsiz vasitədir. Yoluxucu xəstəliklər zamanı bəşəriyyətin xilası məhz, vaksinlə mümkün olmuşdur. Son yüz ildə peyvəndlər bir çox xəstəliyin zərərlərinin və ölüm hallarının azalmasına köməklik göstərmişdir. 1960-cı illərdə qızılca xəstəliyinə qarşı peyvənd icad olunana qədər hər il bu xəstəlikdən təxminən 2,6 milyon adam həyatını itirirdi. ÜST-ın məlumatına görə 2000-2017-ci illər ərzində qızılca xəstəliyi ilə bağlı ölümlərin sayı 80% azalmışdır.Müasir peyvəndlər milyonlarla insanın həyatını xilas etmişdir. Peyvəndlər icad olunana qədər dünya bugünkündən daha çox təhlükədə idi. Cəmi bir neçə on il əvvəl milyonlarla insan poliomielit xəstəliyinin qurbanı olurdu – bu xəstəliyə yoluxanları ya iflic, ya da ölüm yaxalayırdı. Hazırda poliomielit tamamilə yox olmuşdur.Vaksinasiya cəmiyyətimiz və ölkəmiz üçün olduqca önəmlidir. Belə olduqda insanlar normal həyat tərzlərinə dönər, məhdudiyyətlər aradan qalxar, həyatın bütün sahələrində canlanma müşahidə olunar.Təsadüfi deyil ki, COVID-19 səbəbindən dünyanın hər yerində şagird və tələbələrin təhsili məhdudlaşdırılmışdır. Beləki, dünyada 1 milyarda yaxın şagird təhsilini davam etdirə bilməmişdir.Peyvənd olunmaqla iqtisadiyyata vurulan ziyanın qarşısı alına bilər. COVID-19 səbəbindən turizm, iaşə obyektləri, hava yolu, səyahət və s. sahələrdə böyük iqtisadi itkilər yaşanmış və dünyada milyonlarla insan iş yerini itirmişdir. Dünyada iqtisadi itkilərin bərpa olunması üçün vaksinasiya yeganə yoldur. Vaksinasiya ilə mədəni həyat canlanacaq, insanların gündəlik həyatında sosial aktivlik artacaqdır. Peyvənd milyonlarla insanın ölümünün qarşısını alacaqdır. Vaksinlənmə prosesinin yekunlaşmasından sonra səhiyyəyə düşən yükdə azalacaqdır. Həkimlər öz gücünü və səylərini digər xəstəliklərin müalicəsinə yönəldə biləcəklər. Nəticədə səhiyyə xidmətlərinin keyfiyyəti artmış olacaqdır. Azərbaycan dövləti xalqımzın sağlamlığının qorunmasını özünün ən əsas vəzifələrindən biri hesab edir. Belə ki, pandemiya təhlükəsi başlayanda dövlətimiz vacib addımlar atdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi əsasında Nazirlər Kabinetinin Sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edilmiş, 2020-ci il 27 fevral tarixində koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirə salınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət Operativ Qərargah yaradılmış və bütün bu tədbirlər pandemiya ilə mübarizədə öz müsbət təsirini  göstərmişdir. Cənab Prezident İlham Əliyevin pandemiya ilə mübarizədə həyata keçirdiyi dəqiq yol xəritəsi bu xəstəliklə mübarizədə əldə edilmiş uğurları şərtləndirir. Uzaqgörən və çevik qərarlar Azərbaycanın dünyada vaksinasiya prosesinə başlayan ölkələr sırasında ilk cərgədə qərarlaşmasına səbəb olmuşdur.Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” qəbul olunmuşdur. Bu gün ölkəmizdə artıq əhalinin 4 növ vaksin seçimi var. Onların hər biri effektiv, eyni zamanda tamamilə təhlükəsizdir. Azərbaycan xalqı pandemiya ilə mübarizədə də,Vətən müharibəsində olduğu kimi “Biz birlikdə güclüyük!” düşüncəsi ilə qalib olacaqdır. Əziz həmvətənlər sağlam və firavan gələcək öz əlimizdədir!

 

Elşən Ağalarov

Neftçala rayon sakini, müəllim