Neftçalada yerləşən Kür çayındakı adada çətənə kolları aşkarlanıb.

2021-09-30 Baxış: 680
img

Daxili İşlər Nazirliyi (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyatlar zamanı xidməti ərazidə baş verən bir neçə hüquqazidd əməlin qarşısı alınıb.

Nazirliyin mətbuat xidmətindən MAYAKİNFO-ya verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi Xidmətinin əməkdaşları ilə birgə keçirdikləri tədbir zamanı isə Neftçala rayonunun Kür çayında yerləşən adalardan birində narkotik tərkibli çətənə kolları aşkarlanıb. Adaya baxış zamanı ümumi çəkisi 7 kiloqram olan 41 ədəd yabanı halda bitən çətənə kolu aşkarlanaraq götürülüb və məhv edilib.

Su polisləri tərəfindən Xəzər dənizi vasitəsilə qaçaqmalçılıqla ölkəyə müxtəlif təyinatlı məhsulların, həmçinin narkotik vasitələrin gətirilməsini həyata keçirməyə çalışan, eləcə də adı “Qırmızı kitab”a düşən quşların ovlanması və digər ekoloji cinayətlər törədən şəxslərin müəyyənləşdirilərək saxlanılması istiqamətində tədbirlər davam etdirilir. Neftçala, Lənkəran, Xaçmaz rayonlarında idarənin inzibati ərazisinə daxil olan ərazilərdə, həmçinin Qızılağac Dövlət Qoruğu, Abşeron, Ağgöl, Şirvan Milli Parklarında, Sarısu, “Şahdağ” Milli Qoruğu ərazisindəki su hövzələrində, qanunsuz olaraq balıqçılıq və ovçuluqla məşğul olan, adı “Qırmızı kitab”a düşən quşları ovlayan şəxslərə qarşı da mübarizə tədbirləri mütəmadi olaraq davam etdiriləcək.

DİN mətbuat xidmətindən bildirilib ki, vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.