Cənubi Qafqazda əbədi sülhü təmin etmək üçün regional iqtisadi inteqrasiya vacib şərtlərdəndir.

2021-10-02 Baxış: 367
img

Bu gün Azərbaycan öz ərazi bütövlüyünü tam təmin edib. Ölkə başçısı cənab İlham Əliyevin 28 sentyabr 2021-ci il tarixində “France-24” televiziya kanalına müsahibəsi zamanı bir daha Ermənistana və havadarlarına ciddi mesajlar verərək, anlara xəbərdarlıq etdi. İstiqaməti bizə aydın olan bəzi qüvvələr bu gün regionda münaqişənin tam başa çatmadığını düşünərək, mənasız xülyalarla yaşayırlar. Onlar əbəs yerə artıq arxivə göndərilmiş Qarabağ probleminin danışıqlar yolu ilə həll edilməsi variantini ortalığa atmağa çalışırlar. Münaqişənin sonunda kapitulyasiya aktına yalvararaq imza atmağa məcbur olan düşmənin  son günlər təxribat xarakterli addımlarının şahidi oluruq. Qarşı tərəf anlamalıdır ki, bu gün Azərbaycan regionda nə qədər sülh tərəfdarı olsa da, hər an istənilən təxribatın, ərazilərimizə ediləcək istənilən həmlənin qarşısını almağa hazırdır. Ancaq Azərbaycan istər düşmənin, istərsə də onların havadarlarının təxribatlarına baxmayaraq, açıq şəkildə regionda əbədi sülhün bərqərar olması üçün əməkdaşlıq niyyətini ortaya qoyub. Azərbaycan savaşdan qalib ayrılan dövlət olaraq məğlub olan tərəfə öz sülh əlini uzadıb. Ermənistan bu təklifi dəyərləndirsə regionda əbədi sülhün, sabitliyin bərqərar olmasından danışmaq olar. Şübhə yoxdur ki, bu gün sadə erməni xalqı bu münaqişənin əbədi sülh razılaşması ilə yekunlaşmasınının tərəfdarıdır. Amma Ermənistanda hakimiyyətdə olan və onlara havadarlıq edən bəzi xarici dairələr yenidən müxtəlif vasitələrlə təxribata əl atmağa cəhd edirlər. İstənilən halda Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa, Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur olacaqdır. Ermənistanın 10 noyabr və 11 yanvar bəyanatlarına hörmətsizlik edib revanşist düşüncələrə düşməsi onlar üçün heç də yaxşı sonluqla nəticələnməyəcək. Rəsmi Bakı rəsmi İrəvanın inadkarlığına sonsuz təmkin göstərmək fikrində deyil. Ölkə başçısı cənab İlham Əliyevin “France-24” telekanalına verdiyi müsahibə zamanı verdiyi bəyanatlar düşmənə və onun arxa dayaqlarına ismarıc rolunu oynayır. Əgər Ermənistan və onun havadarları həqiqətən də Cənubi Qafqazda əbədi sülhə nail olmaq, inkişaf və tərəqqi, eləcə də xalqların inteqrasiyasını istəyirlərsə, tələb olunan qaydaları pozmamalı, onlara dürüstlüklə əməl etməlidirlər.  Qeyd etmək lazımdır ki, sözügedən telekanala müsahibəsi zamanı cənab Prezident Zəngəzur dəhlizinin açılması və həmin dəhlizin iqtisadi faydalılığlından söz açmışdır. Bu gün Zəngəzur dəhlizinin açılması Azərbaycanla yanaşı Ermənistan üçün də əlverişli iqtisadi mühüt yaradacaq, ölkələrinin ticari dövriyyəsində kəskin artım hiss olunacaq və onların beynəlxalq mühitə inteqrasiya etmələri üçün şərait yaranacaqdır. Bir sözlə Zəngəzur dəhlizinin açılması region dövlətlərinin beynəlxalq iqtisadi əlaqələrinin qurulmasına böyük töhfə verəcəkdir. Siyasi, iqtisadi təsir baxımından görünən odur ki, bu gün regionda Türkiyə aparıcı gücə çevrilib. Artıq tam məmnunluqla qeyd etməliyik ki, Türkiyə-Azərbaycan münasibətləri tamamilə yeni bir mərhələyə qədəm qoyub. Hər zaman, istər ağır istərsə də şad günlərində Azərbaycanın yanında olan Türkiyə 44 günlük Vətən Müharibəsində də və postmüharibə zamanında da qardaş Azərbaycana hər mənada dəstək olmaqdadır. Bu dostluğa, əməkdaşlığa qarşı çıxanlar anlamalıdırlar ki, Türkiyə-Azərbacan birliyi əbədidir, dönməzdir.

 

 

    Fərid Əhmədov

    Neftçala rayon sakini