Bitib-tükənməyən erməni cinayətləri

2021-10-02 Baxış: 421
img
Bu faktdır ki, dünyada baş verən müharibələr zamanı itkin düşmüş şəxslərin dəqiq sayını obyektiv səbəblərlə əlaqədar dəqiq göstərmək mümkün deyildir. Lakin tam əminliklə qeyd etmək olar ki, hazırda bu qəbildən olan insanların sayı yüz minlərlə, bəlkə də milyonlarladır. Təəssüflə qeyd etmək istərdim ki, Ermənistanın əsassız ərazi iddiaları ilə Azərbaycana qarşı 30 ilə yaxın davam etmiş hərbi təcavüzü nəticəsində bizim də itkin düşmüş çoxsaylı soydaşlarımız vardır. Onlar erməni cinayətkarlarının insanlığa sığmayan vəhşilikləri ilə qarşılaşmışlar. Yüzlərlə azərbaycanlıya, əsir və girovluqda dözülməz fiziki və mənəvi-psixoloji işgəncələrlə aldığı ağır xəsarətlər nəticəsində sağlamlıqlarını itirməsi səbəbindən ömürlük əlillik dərəcəsi təyin olunmuşdur. Bu gün də onlar fiziki və ya psixi sağlamlıqla bağlı problemlərdən əziyyət çəkirlər. Ermənistan siyasi və hərbi rəhbərliyi yalnız Birinci Qarabağ müharibəsi dövründə deyil, tərəflər arasında atəşkəs elan olunduğu sonrakı illərdə də qeyri-qanuni olaraq azərbaycanlı mülki şəxsləri girov götürərək həbs etmişlər. Əlbəttə ki, bu da açıq-aşkar dinc azərbaycanlılara qarşı nifrət siyasətinin həyata keçirildiyini sübut edir. Müharibə dövründə Ermənistan tərəfinin azərbaycanlı hərbi əsirlərə qarşı nümayiş etdirdiyi münasibətdən fərqli olaraq, Azərbaycanda erməni əsilli hərbi əsirlərin müharibə zonasından təxliyə edilməsi, yaralı hərbçilərin müalicə üçün xəstəxanalara yerləşdirilməsi və sağlamlıq vəziyyətinin yaxşılaşdırılması kimi addımlar humanizm prinsipinə əsaslanmışdır. Beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozan Ermənistan bu gün də istər mülki, istərsə də hərbi mükəlləfiyyətli şəxslərin zorla yoxa çıxarılması sahəsində əməllərindən geri çəkilmir. İtkin düşmüş şəxslər barədə ailə üzvlərinə məlumatların verilməməsi, həmin ailə insanların beynəlxalq insan hüquqları və beynəlxalq humanitar hüquqla təsbit edilmiş “ailə həyatına hörmət” prinsipinin kobudcasına pozulmasıdır. Buraya əlbəttə ki, ölmüş şəxslər barəsində məlumatlar da daxildir. Sonda dünya ictimaiyyətini, beynəlxalq təşkilatları Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə əlaqədar ötən illər ərzində əsir və itkin düşmüş, girov götürülmüş soydaşlarımızın taleyi barədə düzgün məlumatların verilməsinə, hələ də sağ qalanların qaytarılmasına, həlak olanların cəsədlərinin qalıqlarının verilməsinə yardımçı olmağa çağırıram.
           Mədinə Şəmsiyeva
           Neftçala rayon sakini