Azərbaycan dünyada etibarlı tərəfdaş olduğunu sübut edib

2021-12-23 Baxış: 697
img
Böyük siyasi iradəyə və diplomatik bacarığa malik lider olan Ölkə başçımız cənab İlham Əliyev sayəsində Azərbaycan beynəlxalq aləmdə güvənilir siyasi tərəfdaşlıq əlaqələrinə malik, Qafqazda söz sahibi bir dövlətə çevrilmişdir. İnkişaf etmiş Azərbaycanın diplomatik münasibətlərdə, yürüdülən xarici siyasət və dövlətlərarası iqtisadi əlaqələrdə yerləşdiyi regionun nüfuz sahibinə malik olduğunu aydın görmək olar. Ölkəmiz həm də illərdir sadiq strateji tərəfdaş bir dövlət olduğunu da sübuta yetirmişdir. Bunu bir çox dövlətlərarası münasibətlərdə, o cümlədən, İtaliya və Azərbaycan əlaqələrində də aydın görmək olar. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev, İtaliyanın nüfuzlu “İl Sole 24 Ore” qəzetinə müsahibəsi zamanı da iki ölkə arasında dostluq münasibətlərindən, strateji tərəfdaşlıq əlaqələrindən söz açmış, bu əlaqələrin əsrlərin sınağından keçdiyini xüsusi vurğulamışdır. Qeyd edək ki, İtaliyanın ölkəmizə uzun əsrlərə dayanan diqqət və marağını, isti münasibətini, xalqımız öz həssas tarixi dönəmində belə “dost dar gündə tanınar” el ifadəsi ilə bir daha sınaqdan keçirmiş oldu. 44 günlük, şərəfli tariximizin yazıldığı günlər İtaliyanın dövlət miqyasında dostluq münasibətini, tərəfdaşlıq bəyanatlarını xalqımız unutmur, hörmətlə xatırlayır. Tarixə nəzər salsaq, İtaliyanın Azərbaycana böyük iqtisadi marağını hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründən və daha əvvəlki əsrlərdə ticari əlaqələrdə rast gəlmək olar. O zaman İtaliya bir dövlət olaraq, Azərbaycana xammal mənbəyi kimi diqqət göstərirdi. Bu gün isə Azərbaycan İtaliya münasibətlərində çoxşaxəli əlaqələri görmək mümkündür. İki ölkə arasında iqtisadi əlaqələrlə yanaşı, mədəni, təhsil, texnoloji, müdafiə sənayesi sahəsində əməkdaşlıqla bağlı yüksələn əlaqələr inkişaf etməkdədir. Hətta, ötən 2020-ci ildə İtaliyada “Azərbaycan ili” də elan olunmuşdur ki, bu da ölkələr arasında münasibətlərin, dostluq və əməkdaşlığın daha sıx, daha möhkəm tellərlə bağlanmasına, artmasına zəmin yaratmışdır. Azərbaycanla İtaliya arasında əlaqələr dedikdə, ilk olaraq, uğurla davam edən enerji layihələrini qeyd etmək lazımdır. Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP-ın həyata keçməsində İtaliyanın böyük rolu olmuşdur. Belə ki, TAP kəməri qardaş ölkə Türkiyə ərazisindən Yunanıstan sərhəddinə qədər uzanaraq, TANAP-la birləşir. Bu kəmər vasitəsilə Azərbaycan təbii qazı Yunanıstan, Albaniya ərazilərindən, həmçinin, Adriatik dənizindən keçirərək, Cənubi İtaliyaya çatdırılır. Bəli, Azərbaycan və İtaliya bu gün hər iki dövlətin maraqları çərçivəsində əhəmiyyətli layihələrin reallaşmasında uğurlu işlər həyata keçirir, qlobal və regional enerji təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayır. Azərbaycan ona dost ölkələrə onların dövlətimizlə üst-üstə düşən maraqlarına hər zaman hörmətlə yanaşır. Belə ki, neft-qaz sektoru ilə yanaşı, turizm, infrastruktur, sənaye, kənd təsərrüfatı, nəqliyyat-logistika və s. sahələrdə İtaliyanın bir sıra şirkətləri ilə dövlətimiz arasında anlaşmalar imzalanmış, Qarbağın infrasturukturunda və önəmli layihələrində onların da iştirakının təmin edilməsinə şərait yaradılmışdır. Bütün dünya gördü ki, Azərbaycan torpaqlarını 30 ilin işğalından hərbi yolla xilas etdi, məcbur edildiyi müharibədən Qalib çıxaraq ərazilərini bərpa etdi. İndi Ölkəmiz artıq sülh-əminamanlıq, sabitlik yolunda addımlamaqdadır. Bütün dünyaya və onu eşitməkdə güclük çəkən qarşı tərəfə dönə-dönə duyurduğu “səhifəni çevirmək” və gələcəyə baxmaq mövqeyini də dəfələrlə bəyan etmişdir. Bu yolda Ölkəmiz tərəfindən real addımlar atılaraq, yeni-yeni layihələr üzrə hərəkət mexanizmi də işə salınmış, xalqımızın Qarabağa, Şərqi Zəngəzura böyük qayıdışını təmin etmək üçün böyük işlər həyata keçirilməkdədir. Lakin, qarşı tərəfin sülh, normal qonşuluq münasibətlərinə o qədər də müsbət yanaşmaması, hətta düşmənçilik mövqeyi sərgiləməsi bu işlərin ləngiməsinə səbəb olmaqdadır. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə infrasturukturun təşkilində problem yaradan digər ciddi səbəb minalanmış ərazilərin olmasıdır ki, bu da nə qədər dinc insanın canına və ya sağlamlığına mail olmuşdur. Çətin relyefə malik bu ərazilərin minalardan təmizlənməsi isə məlumdur ki, son dərəcə vaxt aparan və böyük xərc tələb edən məsələdir. Bu məsənin həllində isə qonşu ölkə və siyasi güclərin birbaşa iradəsi, dəstəyi, əməli fəaliyyəti olduqca vacibdir. Bununla yanaşı, qarşı tərəflə sərhədlərin dəqiqləşdirilməsi, kommunikasiyaların açılması, Qarabağın yenidən bərpa edilərək tikilməsi və s. bu kimi məsələlərin həllinin reallaşması üçün, ermənilərin qonşuluq əlaqələrinə dəstək verməsi, terrorçuluq və düşmənçilik mövqeyindən əl çəkməsi zəruri şərt olaraq qalmaqdadır. Bu məqsədlə, onlar üzərlərinə düşən məsələləri həll etməli, qoyulan şərt və təkliflərlə razılaşmalı, real addımlar atmalıdırlar. Bu razılaşma, əlbəttə ki, bir dövlət olaraq onları məhv olmaq təhlükəsindən qurtara, Azərbaycanın birbaşa dəstəyi ilə onların milli erməni xəstəliyindən xilas edə, həmçinin ,iflic bir ölkədən inkişafa doğru irəliləməsinə kömək edə bilər. Həmin inkişaf yolunun ilkin forması isə Azərbaycanla Naxçıvanı, Türkiyəni bağlayan Zəngəzur dəhlizi dəmir yolu xəttinin açılmasıdır. Həmin layihə reallaşdıqdan sonra region dövlətlərinin iqtisadi inkişafına təkan verəcəkdir. Müsahibədə bir çox məsələlərlə yanaşı, ATƏT-in Minsk qrupunun nəticəsiz fəaliyyətindən də danışılmışdır. 28 illik mövcudluğu dövründə Azərbaycan üçün heç bir xeyri olmayan, insanlarda qıcıq yaradan, gərəksiz səfərlərilə xalqımız arasında öz inam və etibarını itirmiş “siyasi qrup”, sanki qarşı tərəfin mənafelərinə xidmət etməyə səy göstərirdi. Lakin, xalqımız və dövlətimiz səbrlə gözələyərək, ədaləti bərpa etməyə nail oldu. Haqq davamızda gücümüzlə torpaqlarımızı işğaldan azad edərək, öz ərazi bütövlüyümüzü bərpa etdik, Minsk qrupunun 28 ildə edə bilmədiyini 44 günə bacardıq. Artıq dünya qəbul edir ki, daim sülh və dinc yaşama önəm verən xalqımız humanist, Ölkəmiz isə sadiq tərəfdaşlıq və mehriban münasibətlərə üstünlük verən bir dövlətdir. Azərbaycan dostluğu, qardaşlığı, həm də qonşuluğu yaxşı bacarır, dövlətlərarası münasibətlərində olduğu kimi. Ümüd edirik ki, qonşu dövlət də düşmənçilik xislətindən əl çəkib Azərbaycanın dövlətlərarası əlaqələrindən özünə dərs götürəcək və regionda sülhün, əmin-amanlığın bərqərar olmasına töhfəsini verəcəkdir.
Nəzakət Məmmədova
Neftçala rayon sakini, fəal