Qalib Ölkənin Müzəffər Lideri İlham Əliyev!

2021-12-24 Baxış: 697
img

Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən Müasir Azərbaycanın Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında öz xalqına Tarixi Qələbəni yaşadan Müzəffər Orduya çevrilmişdir. Bəli məhz 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə ordu quruculuğu məsələləri dövlət siyasətinin əsas prioriteti kimi müəyyən olundu. Əlbəttə ki, bu məsələ əbəs yerə prioritet sahə hesab edilmədi. Məlum məsələ idi ki, Azərbaycan müstəqilliyini yenicə bərpa etdikdən sonra mənfur qonşularının əsassız ərazi iddiaları ilə üzləşdi. Havadarlarından dəstək alan məkrli ölkə torpaqlarımıza silahlı hücumlar təşkil etdi. Həmin vaxt hakimiyyətə olan qüvvələrin səriştəsizliyi və xəyanəti nəticəsində düşmənə layiqli cavab verilmədi. O zaman siyasi gediş edib silahlı qüvvələri formalaşdırmaq əvəzinə, düşmənin əlinə fürsət verildi. Bu səbəbdən torpaqlarımızın əhəmiyyətli hissəsi işğal olundu. Belə bir çətin dövrdə xalqımızın təkidli istəyi və tələbi ilə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev dərin siyasi təcrübəsindən məharətlə istifadə edərək, Ölkəmizi daha böyük bəlalardan xilas edə bildi. Əldə edilmiş atəşkəs ordu quruculuğu üçün fürsət qazandırdı. Ancaq düşmənə layiqli cavab vermək üçün zaman və şərait tələb olunurdu. Bu tarixi missiyanı isə həyata keçirmək, reallaşdırmaq üçün xalqımız 23 il gözləməli oldu. Azərbaycan xalqının əksəriyyət səsi və etimadı ilə hakimiyyətə gələn Ulu Öndərin layiqli varisi cənab İlham Əliyev idarəçiliyə başladığı andan Ölkənin prioritet probleminin həllini həyata keçirəcəyinə and içdi. 17 il dalana dirənmiş, süni maneələrlə həll edilməyən problemin həlli istiqamətində yorulmadan, usanmadan mübarizə apardı. Bütün beynəlxalq kürsülərdən haqq işimizi dünyaya bəyan etdi. Bu müddətdə təkcə hərbi-siyasi sahədə deyil, həm də iqtisadi sahədə tərəqqiyə nail olan Dövlət başçımız hər bir addımı ilə qələbəni anbaan yaxınlaşdırdı. Cənab Prezident mahir siyasət yeridərək ölkəmizə dost, qardaş olan dövlətlərlə, onların liderləri ilə strateji münasibətlər qurdu. Əlbəttə ki, bu siyasətin ən mərkəzində qardaş ölkə Türkiyə ilə can bir bağlılığın, müttəfiqliyin pik nöqtəsi quruldu. Möhtərəm Prezidentimizlə qardaş Türkiyə Respublikasının lideri Rəcəb Tayyib Ərdoğan arasındakı əsl qardaşlıq münasibətləri sözün həqiqi mənasında iki dövlətin bir millətini bir-birinə daha sıx birləşdirdi. Ali Baş Komandan Zəfərə aparan yolda Azərbaycan insanının ictimai fikrini, istəyini ən uca tutdu. Xalqına arxalanaraq, inanaraq birlikdə vəhdət halında atıldı bütün addımlar. Bu gün Ölkəmizdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Məhz Azərbaycan müasir dünya silahları ilə yanaşı öz zavodlarında istehsal etdiyi və hərbi təyinatlı məhsullardan da Vətən Müharibəsində istifadə etdi. Cəmi ay yarıma düşmən təxribatına cavab olaraq başladılmış əks-hücum əməliyyatları ilə sözdə və əməldə düşmənin başı əzildi. Azərbaycan xalqı məhz Müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə məqsədinə çatdı, tarixi ədaləti bərpa etdi. Bəli zaman İlham Əliyevin timsalında Vətənimizə Müzəffər Lider yetişdirdi. Bu gün xalqımız fəxarətlə öz Prezidentinə dayaqdır, arxadır. Bu birlik, bu vəhdət heç şübhə yoxdur ki, əbədidir, dönməzdir!

 

          Əliheydər Qarayev

          Neftçala rayon sakini