Müzəffər Ali Baş Komandan İlham Əliyevin düşünülmüş siyasəti və qəti səyləri sayəsində Zəngəzur dəhlizi ifadəsi artıq reallığa çevrilir

2022-01-18 Baxış: 369
img
Vətən Müharibəsində qazandığımız tarixi qələbə ölkəmiz üçün yeni inkişaf perspektivləri açmaqla yanaşı, həm də onun dünyadakı siyasi çəkisini daha da artırdı. Məsələn, nəqliyyat sahəsində əldə edəcəyimiz yeni Zəngəzur dəhlizi ölkəmizə böyük imkanlar qazandıracaq. Zəngəzur dəhlizi anlayışı Azərbaycanın növbəti siyasi və iqdisadi uğuru olduğu halda, sözün əsl mənasında ermənilərin kabusuna çevrilib. Çünki ermənilər bu dəhlizin türk dünyası üçün əhəmiyyətini çox gözəl dərk edir. Azərbaycandan Naxçıvana dəmir yolu əlaqəsinin bərpası həm də “Şərq-Qərb”, “Şimal-Cənub” dəhlizləri ilə bağlı yeni imkanlar yaradır. Müzəffər Prezident cənab İlham Əliyevin bu siyasi gedişi gələcəyə hesablanmış nəhəng geosiyasi və iqtisadi layihə kimi mühüm əhəmiyyət daşıyır. Çünki marşrutun fəaliyyətə başlaması Azərbaycanın mövcud nəqliyyat ötürücü imkanlarını daha da artıracaq. Buradan həm dəmir yolu, həm də avtomobil yolu keçəcəkdir. Ali məqsədlərin içərisində gələcəkdə buradan Naxçıvana veriləcək elektrik xətlərinin çəkilməsi planlaşdırılır. Əlbəttə ki, hadisələrin gedişatından asılı olaraq buradan qaz xətlərinin də çəkilməsi nəzərdə tutula bilər. Dəhliz eyni zamanda Azərbaycanın Türkiyə ilə əlaqələrini gücləndirəcək və ölkəmizin geoiqtisadi əhəmiyyətini daha da artıracaqdır. Türkiyə bu dəhlizdən istifadə edərək əsas iqtisadi tərəfdaşlarından biri olan Azərbaycanın bütün ərazilərinə birbaşa quru yolu reallaşdıracaq. Şübhəsiz ki, bu da, öz növbəsində, ikitərəfli iqtisadi və turizm əlaqələrinin daha sürətli inkişafına şərait yaradacaqdır. Digər tərəfdən, Zəngəzur dəhlizi həm də Türkiyə üçün Orta Asiyaya bir ticarət qapısı rolunu oynayacaq və bu ölkənin türk dünyası ilə iqtisadi əlaqələrini gücləndirməsinə imkan verəcək. Heç şübhəsiz onsuz da tranzit yolların mərkəzində yerləşən Ölkəmizin bu dəhliz vasitəsilə də imkanları xeyli artacaqdır. Etibarlı tərəfdaş kimi dünyada ad çıxarmış Azərbaycanın yaxın gələcəkdə sürətli inkişafı, iqtisadi tərəqqisi qaçılmazdır. Cənab Prezident İlham Əliyevin bu gün qarşıya qoyduğu ən ali məqsədlərdən biri məhz budur. Zəngəzur dəhlizin açılması həm də uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın 101 ildən sonra tarixi ərazisi olan qədim Zəngəzura yenidən qayıdışını təmin edəcəkdir. Əlbəttə ki, bütün ali məqsədlərinə zamanla nail olan Azərbaycan bu tarixi hadisəni reallaşdırmaqla növbəti uğuruna nail olacaqdır. Heç şübhə yoxdur ki, həmin tarixi gün çox yaxındadır.
         Rəmziyyə Nəcəfova
         Neftçala rayon sakini