Qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması Prezident İlham Əliyevin prioritet hesab etdiyi sahələrdəndir.
Müstəqil dövlətlər üçün dövlətlərarası münasibətlər qarşlıqlı etimada, inama əsaslananda inkişaf hər ikisi üçün müxtəlif sahələrdə təmin edilir. Azərbaycanla Rusiya arasında hazırkı münasibətlər bu baxımdan xüsusi diqqət çəkir. 2022-ci il 22 fevral tarixində Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin birgə imzaladıqları “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamə iki ölkə arasında formalaşmış münasibətlərin möhkəmləndirilməsi və yeni müstəviyə çıxarılması baxımından müasir tariximizdə xüsusi əhəmiyyət daşıyır. Cənab Prezident İlham Əliyev səfər çərçivəsində fevralın ayının 23-də TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşündə diqqətləri bir daha iki ölkə arasında olan və yüksək etimada əsaslanan münasibətlərə çəkərək demişdir; “Rusiya ilə Azərbaycan arasında münasibətlərin xarakteri uzun illər boyu müttəfiqlərin münasibətlərinin bütün parametrlərinə cavab verirdi. Rusiya ilə Azərbaycan arasında 200-dən artıq sənəd imzalanıb.Dövlətlərarası münasibətlərin qurulmasından 30 il keçdikdən sonra onlar müttəfiqlik səviyyəsinə çatıb.Uzun illər boyu Rusiya ilə Azərbaycan arasında olan münasibətlər strateji tərəfdaşların münasibətləri kimi xarakterizə olunub. Münasibətlərin indiki formatı ali formatdır. Yəni bundan yüksək format praktiki olaraq yoxdur. İmzalanmış Bəyannamə uzun illər boyu aparılmış çox ciddi işin nəticəsidir” Bəyannaməyə əsasən hər iki ölkə öz münasibətlərini müttəfiqlik, qarşılıqlı fəaliyyət, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar. Bəyannamədə qeyd olunduğu kimi, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası öz milli maraqlarının müdafiəsinə yönəlmiş müstəqil xarici siyasət yürüdürlər. Onlar həm qlobal, həm də regional miqyasda sülhün möhkəmləndirilməsi, sabitliyin və təhlükəsizliyin artırılması məqsədilə qarşılıqlı fəaliyyət göstərirlər. Münaqişələrin qarşısının alınması və nizamlanmasında və regional və qlobal təhlükəsizlik və sabitlik problemlərinin həllində BMT-nin və BMT-nin Təhlükəsizlik Şurasının mərkəzi rolunun daha da gücləndirilməsinə, ATƏT-in konsensusla qəbul edilmiş sənədlərində təsbit edilmiş məqsəd və prinsiplərin reallaşdırılmasına xüsusi önəm verirlər. Bəyannamənin 43 bəndi var və qarşılıqlı fəaliyyətin ən mühüm sahələrini əhatə edir. Bəyannamə ilə müəyyən olunmuş əməkdaşlığın əsas prinsipləri və strateji sahələri aşağıdakılardır: Qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq; Güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik; Milli maraqların aliliyi; Beynəlxalq münasibətlərin qəbul olunmuş norma və qaydalarına riayət; Qarşılıqlı fəaliyyət; Qafqaz və Xəzər regionlarında sabitlik naminə əməkdaşlıq; Tərəflərin təhlükəsizlik maraqlarının qorunması; Məsləhətləşmələr mexanizminin yaradılması; Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşdırılması və Rusiya Federasiyasının vasitəçilik rolu; Uzunmüddətli sülh naminə əməkdaşlıq; Ölkələrin ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətin qarşısının alınması; Hərbi-texniki və siyasi əməkdaşlıq; Maliyyə institutlarının əməkdaşlığı; Tranzit-nəqliyyat fəaliyyətinin potensialının inkişafı; Atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsində qarşılıqlı faydalı əməkdaşlıq; İnformasiya-kommunikasiya texnologiyaları sahəsində birgə layihələrin inkişafı; Aqrar-sənaye kompleksi sahəsində əməkdaşlıq; Səhiyyə sahəsində əməkdaşlıq; Parlamentlərarası əməkdaşlıq; Humanitar sahəsində əməkdaşlıq. Bəyannamənin Azərbaycan üçün xüsusi siyasi əhəmiyyəti vardır. Belə ki, Bəyannamə tərəflər arasında bərabərhüquqlu münasibətləri yüksək səviyyədə tənzimləyən bir sənəddir,
hər iki tərəfin, o cümlədən də Rusiyanın üzərinə ciddi öhdəliklər qoyur. Bu öhdəlik Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, separatizmə qarşı mübarizə, bir birinin daxili işlərinə qarışmamaq və digər məsələləri əhatə edir. Türkiyə ilə imzalanmış Şuşa bəyannaməsi və Rusiya ilə imzalanmış Moskva bəyannaməsi arasında deyərdim ciddi fərq var. Türkiyə ilə imzalanmış sənəddə bir çox məsələlər Rusiya ilə imzalanmış sənəddə əksini tapmayıb. Şuşa bəyannaməsinə görə Azərbaycan və Türkiyə xarici siyasət məsələlərini koordinasiya edirlər, bir birinə yardım göstərirlər (hərbi yardım da daxil olmaqla). Rusiya ilə imzalanmış bəyannamədə bu cür müddəalar yoxdur. Türkiyə ilə imzalanmış Şuşa bəyannamasi kimi, Rusiya ilə Moskva bəyannaməsi də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir. Azərbaycan öz müstəqil siyasətinə, təhlükəsizliyinə əlavə zəmanət qazanır. Şuşa Bəyannaməsindən sonra Moskva Bəyannaməsinin imzalanması Azərbaycanın milli maraqlarını tam əks etdirir. Azərbaycanı daha da gücləndirir. Sürətlə dəyişən, təhdidlərin durmadan artdığı bir dünyada bütün güc mərkəzləri ilə münasibətləri ən yüksək səviyyəyə çatdırmaq ölkəmizin milli təhlükəsizliyinin qorunmasını təmin edir.
Rəhim İmanov
YAP Neftçala rayon təşkilatı Xıllı 2 Ərazi partiya təşkilatının sədri
Digər xəbərlər