Yeni Azərbaycan Partiyasının VII Qurultayının keçirilməsi Prezident İlham Əliyevin islahatlar siyasətinin davamıdır.
2018-ci il Prezident və 2020-ci il Parlament seçkilərindən, xüsusən də 2020-ci ildə II Qarabağ müharibəsində əldə olunmuş tarixi zəfərdən sonra yeni reallıqlar siyasi islahatların dərinləşməsi üçün zəmin yaratmışdır. Yaranmış yeni reallıqlar hakim partiyada islahatların aparılması və yeni fəaliyyət prioritetlərinin müəyyən olunmasının zəruriliyini müəyyən etmişdir. Yeni Azərbaycan Partiyasının 2021-ci il 5 mart tarixində keçirilmiş VII Qurultayında qəbul olunmuş qərarlar partiyanın fəaliyyətində yeni inkişaf mərhələsinin başlandığını göstərir və keyfiyyətcə əhəmiyyətli dəyişikliklərə səbəb oldu.
VII Qurultayda YAP-ın yeni, müasir dövrün tələblərinə və çağırışlarına cavab verən Nizamnaməsi təsdiq olunmuşdur. Yeni Nizamnaməyə əsasən Qurultay, partiyanın sədri, İdarə Heyəti və Təftiş komissiyası partiyanın orqanları qismində müəyyən edilmişdir. Partiya sədrinin birinci müavini vəzifəsi təsis edilmiş və bu postun ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həvalə olunması idarəetmə prosesinin təkmilləşdirilməsinə xidmət etmişdir. Partiyanın strukturuna Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatının, yerli təşkilatların və onların aparatlarının daxil olduğu təsbit edilmişdir. Qurultayda İdarə Heyəti, Təftiş komissiyası və Veteranlar Şurasının say tərkibi müəyyən edilmiş, üzvləri, sədri və sədr müavini seçilmişdir. Qurultayda partiyanın yeni Proqramının hazırlanması və qəbulu barədə qərar qəbul edilmişdir.
YAP-da həyata keçirilən yeni kadr siyasətinin əsas meyarları peşəkarlıq, dövlətçilik və vətənpərvərlikdir.2021-ci il sentyabrın 10-da və 2022-ci ilin yanvarın 28-də Yeni Azərbaycan Partiyasının İdarə heyətinin iclaslarında YAP-ın 76 yerli təşkilatının sədrləri vəzifəyə təyin edilmişdir. Bununla da 76 yerli təşkilatın 48-də yeni sədrlər təyin olunmuşdur.
YAP-ın yeni Proqramı demokratik dəyərlərə və milli maraqlara əsaslanır, habelə özündə müasir yanaşma və metodları ehtiva edir. Partiyanın Proqramı YAP İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixli iclasında təsdiq edilmişdir. Proqramda Yeni Azərbaycan Partiyasının siyasi dəyərlər və prinsiplər sistemində 10 strateji istiqamət müəyyən olunub: Heydər Əliyev yolu, müstəqillik, azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, varislik və təkamül, konstruktiv əməkdaşlıq və dialoq, sosial ədalət və insan amili, multikultural cəmiyyət və demokratik ənənələrin inkişafı.
Mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması, vətədaş həmrəyliyinin təminatı, milli maraqlar və xarici siyasət, ordu quruculuğu, işğaldan azad olunmuş ərazilərə qayıdış, şəffaflığın artırılması, vətəndaş cəmiyyətinin inkişafı partiya fəaliyyətinin növbəti strateji hədəflərindəndir. Siyasi, iqtisadi, mədəni və ictimai münasibətlərin bütün digər sahələrini əhatə edən YAP-ın fəaliyyətinin hədəfləri milli maraqların qorunması, Azərbaycan dövlətinin Beynəlxalq münasibətlər sistemində nüfuzunun daha da artırılmasına xidmət edir.
Dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikasının Prezidenti, YAP-ın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafına və cəmiyyətin tərəqqisinə xidmət edərək öz hədəflərinə çatacaqdır.
Aytəkin Gözəlova,
YAP Neftçala rayon təşkilatının əməkdaşı
Digər xəbərlər