Azərbaycanın idman şöhrətini yüksəldən idmançılar

2022-04-11 Baxış: 290
img

Hansı sahəni təmsil etməsindən asılı olmayaraq, bir Azərbaycan vətəndaşının qazandığı uğur, əldə etdiyi nəaliyyət bütöv xalqın uğuru sayılır, onun sevinci hər birimizi sevindirir.  Elə son günlər, ardıcıl olaraq idman sahəsində əldə etdiyimiz nəaliyyətlər kimi.

Güləş üzrə milli komandalarımız mart və aprel aylarında iki Avropa çempionatında ölkəmizi layiqincə təmsil ediblər. İlk olaraq Bolqarıstanda keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatında, daha sonra  Macarıstanda keçirilən böyüklərin Avropa çempionatında yüksək nəticələr qazanılıb. Millimiz 3 qızıl, 6 gümüş və 7 bürünc olmaqla ümumilikdə 16 medal qazanaraq həm sərbəst, həm də yunan-Roma güləşi üzrə komanda hesabında Avropa çempionu olub.

Bu münasibətlə Azərbaycan millisinin üzvlərini qəbul edən Prezident İlham Əliyev qeyd edib ki, “İdmançılarımız yarışa çıxanda unutmamalıdırlar ki, müzəffər ölkəni və qalib xalqı təmsil edirlər. Cəmi 44 gün ərzində böyük tarixi Qələbə qazanmış xalqı təmsil etmək həm böyük qürurdur, həm də böyük məsuliyyətdir. İdmanın inkişafı və idman nailiyyətləri təkcə ölkəmizi dünyada təbliğ etmir, gücümüzü göstərmir, eyni zamanda, cəmiyyətdə vətənpərvərlik hisslərini gücləndirir. Məhz vətənpərvərlik, Vətənə olan sədaqət, fədakarlıq bizi Qarabağın azad olunması uğrunda müharibədə irəliyə aparırdı”.

Əgər idmançılarımızın güc mənbəyindən biri müharibədə ləyaqətli qələbəmizdirsə digər əsas faktorlardan biri də Cənab Prezidentimizin idmana və idmançılara göstərdiyi diqqət və qayğı, onlarla mütəmadi görüşlər keçirməsidir ki, nəticə etibarı ilə, bu onları gələcək yarışlara daha da həvəsləndirir.

Biz əminik ki, bu gün medalları ilə birinciliyə imza atan idmançılarımız 5-6 noyabr tarixində Bakıda keçiriləcək yunan-Roma güləşi üzrə dünya kubokunda və 2 il sonra Parisdə keçirilməsi nəzərdə tutulan Yay Olimpiya Oyunlarında, eləcə də digər mötəbər yarışlarda eyni güc və əzmlə yarışaraq rekordlarını yeniləyəcəklər.


Ceyhun Fərəcov,

Gənclər və İdman İdarəsi Ərazi Partiya təşkilatının üzvü, idman ustası