Hərtərəfli əlaqələr türk qardaşlığının əsl simasını nümayiş etdirən amildir!

2022-04-25 Baxış: 274
img

Bu gün dünyada müstəqil siyasət yürüdən Azərbaycan regionun lider dövləti olaraq, həm də tarixi köklərlə bağlı olduğu bütün Türk respublikaları ilə ikitərəfli və çoxvektorlu əlaqələr qurub. Ölkəmizin yerləşdiyi coğrafi ərazi, iqtisadi inkişaf səviyyəsi, o cümlədən münbit investisiya mühiti imkan verir ki, həm region, həm də dünyanın yaxın və uzaq ölkələri ilə milli maraqlarımıza cavab verən əlaqələr yaradaq. Bu baxımdan Azərbaycan-Qırğızıstan münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə çatması da bununla bağlıdır. Bu günlərdə Qırğızıstan Prezidentinin Azərbaycana rəsmi səfəri ölkəmiz üçün çox önəmli idi. Azərbaycan özünə dost və tərəfdaş ölkə hesab etdiyi Qırğız respublikası ilə on sənəd imzaladı. Sənədlər arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum xüsusi əhəmiyyətə malikdirlər. Belə ki, beynəlxalq münasibətlərdə tərəflər arasında nəzərdə tutulan strateji əməkdaşlıq gələcəyə yönəlmiş, qlobal və regional anlamda bütün situasiyalarda tərəflər arasında sıx əməkdaşlığı, qlobal və regional proseslərə və problemlərə ümumi baxış və tərəflərin mövcud olduğu və həmçinin maraq və nüfuz dairəsinə düşən bölgələrdə sülh, sabitlik və rifahı inkişaf etdirmək üçün ortaq bir hədəfə istiqamətlənən əməkdaşlıqdır. Bu mənada sənədin əhəmiyyəti özünü bariz nümayiş etdirir. Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda əməkdaşlıq edir və milli maraqlardan çıxış edərək həmişə bir-birini dəstəkləyirlər. Hazırda hər iki ölkə Azərbaycanın hazırda sədrlik etdiyi Ölkələrimiz Qoşulmama Hərəkatında, BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi və siyasi əlaqələr qurur və bundan bəhrələnirlər. Bu gün Azərbaycan Qırğızıstanla nəqliyyat, və kənd təsərrüfatı sektorunda əlaqələrini genişləndirməyi düşünür. Qırğız Respublikasının Prezident Sadır Japarovun ölkəmizə rəsmi səfəri iki ölkə arasında gələcək prespektivləri bir daha daha gözdən keçirməyi şərtləndirir. Bu gün Avropanın əhəmiyyətli enerji təminatçılarından biri hesab edilən Azərbaycanın böyük təcrübəsindən Qırğızıstan bəhrələnməkdə çox maraqlıdır. Eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malik olan Azərbaycan və Qırğızıstan arasında hər zaman yüksək diplomatik əlaqələrə və keyfiyyətli münasibətlərə şahidlik etmişik. Qarşılıqlı fəaliyyətin yüksək səviyyəsi olan strateji tərəfdaşlıq iki ölkəni məhz strateji xarakterli əməkdaşlığa kökləyir. Dövlətlərarası Şura çərçivəsində həm ikitərəfli gündəliyə aid məsələlərin, həm də regional və beynəlxalq problemlərin daha effektli və fəal surətdə müntəzəm müzakirə olunması əməkdaşlığın səmərəliliyini artıran amil kimi qiymətləndirilir. Bu gün Qırğızıstan həm də böyük iqtisadi-siyasi yüksəlişə nail olmuş Azərbaycanın müasir nəqliyyat infrastrukturundan yararlanmaqda, iqtisadi-ticari əlaqələrinin genişləndirilməsində maraqlıdır. Əlbəttə ki, əməkdaşlığa daim açıq olan Azərbaycanın genişşəbəkəli nəqliyyat infrastrukturunun imkanları digər dost ölkələr kimi Qırğızıstan üçün də açıqdır. Şuşa şəhərinin gələn il türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsünü Qırğızıstanın dəstəkləməsi bir daha onu sübüt edir ki, ölkələrin əməkdaşlıq və qardaşlıq əlaqələri təkcə iqtisadi səviyyədə deyil həm də siyasi, mədəni çərçivədə əhəmiyyətlidir.

 

              Mübariz Tağıyev;

              Neftçala rayon sakini, müəllim