Azərbaycan və Qırğızıstan arasındakı qarşılıqlı əlaqələr və Azərbaycanın liman infrastrukturu imkanlarının Qırğızıstan üçün əhəmiyyəti

2022-04-26 Baxış: 359
img

Qırğızıstan və Azərbaycan arasındakı qarşılıqlı əlaqələr və münasibətlərin  tarixi qədim köklərə dayanır. Eyni türkdilli xalqlar qrupuna malik olan hər iki dövlətin  dil, mədəniyyət  və tarix baxımdan da ortaq və  yaxınlıq əlaqələri  mövcuddur. Onu da vurğulamaq yerinə düşər ki, Qırğızıstanda çox böyük ölçüdə soydaşlarımız yaşayır, bunun da  əsas səbəbi sovet dönəmində şovonist rus siyasətindən irəli gələn tərkibindəki türk millətlərinə qarşı etnik təmizləmə siyasətinin bəhrəsidir.

Azərbaycan və Qırğızıstan həm dövlət , həm də xalq olaraq, hər zaman və tarixən bir-birinə münasibətdə  dost və yaxın olmuş, həm regional, həm də beynəlxalq çərçivədə sıx əməkdaşlıq etmişlər. Qeyd edək ki, hazırda hər iki dövlət Qoşulmama Hərəkatı, ECO, BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatının üzvüdür və  bütün beynəlxalq təşkilatlarda daim bir-birini dəstəkləyir, qarşılıqlı dost ölkə olduğunu təsdiqləyirlər.

Azərbaycan və Qırğızıstan dövlətləri arasındakı rəsmi əməkdaşlıq Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Hələ sovet dönəmində qardaş respublika kimi münasibətləri olan hər iki dövlət, müstəqillik qazandıqdan sonra, Ulu Öndərin hakimiyyətə gəlişi ilə, Ümummilli  liderin  diplomatik səyləri və görüşləri sayəsində, iki dövlət arasındakı əməkdaşlıq yenidən bərpa olunmuşdur. Həmin dövrdə qurulmuş ticari və siyasi əlaqələr, möhtərəm Prezidentimiz İlham Əliyevin Prezidentliyi dövründə yüksələn xətt üzrə yol almış, Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri, aprelin 20-də Azərbaycan və Qırğızıstan Respublikaları arasında Strateji Tərəfdaşlıq  haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandumun imzalanması ilə bu əlaqələrin inkişaf prosesi öz əhəmiyyətli təsdiqinə yüksəlmişdir.

Əlbəttə ki, Strateji Tərəfdaşlıq Bəyənnaməsi və Dövlətlərarası Şuranın yaradılması hər iki dövlət üçün çox əhəmiyyətli  və yüksək dəyərlərə malikdir.  Ona görə ki, dünyada baş verən mürəkkəb siyasi, iqtisadi proseslər, yeni qurulan dünya dönəmi  bu tərəfdaşlığın, həm Azərbaycan və Qırğızıstan üçün, onların  qarşılıqlı münasibətlərinin gələcək inkişafı, həm də türk dünyası üçün çox əhəmiyyətlidir. Bu həm də türk dövlətləri birliyinin möhkəmliyi, türk xalqları arasında qardaşlığın təcəssümü kimi də xarakterizə edilə bilər. Qırğızıstan Prezidentinin də dediyi kimi: “Bu gün dünyada baş verən dərin dəyişikliklər bizə yeni tipli münasibətlər qurmaq üçün tarixi şans verir. Bu münasibətlərin əsası ləyaqət və şərəf kimi əzəli türk dəyərləridir”.

Qeyd etmək lazımdır ki, Qırğızıstan Respublikasının Prezidentinin Azərbaycana rəsmi səfəri, Qırğız Respublikası ilə Azərbaycan arasındakı qurulan diplomatik münasibətlərin 30 illiyi ərəfəsində baş tutması, özü də xüsusi bir əhəmiyyət  daşıyır ki, Azərbaycan Prezidenti İlham Əliyev bunu tarixi hadisə kimi qiymətləndirmişdir. Azərbaycan və qırğız xalqlarının tarixi dostluq və qardaşlıq əlaqələrindən söz açan möhtərəm Prezidentimiz İlham Əliyev demişdir: “Bizi birləşdirən ortaq tarix və mədəni dəyərlər var. Azərbaycanla Qırğızıstan Türk Dövlətləri Təşkilatında da fəal əməkdaşlıq edirlər, türk xalqlarının birliyinə töhfələr verirlər. Azərbaycanın qədim Şuşa şəhərinin gələn il türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsünü Qırğızıstan da dəstəkləyib. Bu kimi faktlar münasibətlərimizin yüksək səviyyədə olmasının göstəricisidir”.

Qırğız Prezidentinin Bakıya rəsmi səfərində bir çox sahələr üzrə 10 əhəmiyyətli sənəd imzalanmışdır. Nəqliyyat infrastrukturu, enerji sektoru, kənd təsərrüfatı, yük daşınması,  turizm və digər sahələr üzrə imzalanmış sənədlər, fəal əməkdaşlıq əlaqələrində iki ölkə arasında yeni imkanların əldə olunacağından və  real müstəvidə yüksək nəticələrə yol açacağından xəbər verir.

Həmin  əhəmiyyətli əlaqələrdən biri də liman infrastrukturudur ki, bu da “Şərq-Qərb nəqliyyat dəhlizi”nin səmərəli fəaliyyətinə yeni töhfələr bəxş edəcəkdir. Belə ki, hazırda Azərbaycan ərazisində bir çox  istiqamətlərə-şimal, cənub və qərbə müasir standartlara uyğun nəqliyyat dəhlizi mövcuddur ki,  iki ölkənin birgə səyləri ilə bu sahədə daha nöyük uğurlar əldə etmək olar. Beləcə, Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli, daha yüksək fəaliyyət göstərməsi mümkün olacaqdır.

Qeyd etmək lazımdır ki, liman infrastrukturu, Azərbaycanın nəqliyyat imkanları  ölkəmizə qardaş, dost, tərəfdaş olan ölkələr üçün  yeni imkanlar bəxş etməklə son dərəcə  əhəmiyyətlidir və bundan sonra  daha da  dəyərli olacaqdır. Çünki, 44 günlük II Qarabağ müharibəsində qazandığımız tarixi Zəfər, Zəngəzur dəhlizinin açılacağına inam yaradır və ölkəmiz, Azərbaycan xalqı üçün son dərəcə  tarixi əhəmiyyət daşıyan, ən əsası isə nəqliyyat infrastrukturu üçün yeni, əlverişli imkanlar yaradacaq bu dəhlizin işə düşməsi bu sahədə yeni dönəmin başlanğıcına əsas verir. Bu dönəm,  Orta Asiya ölkələri, ümumilikdə türk birliyinin,  bütün qardaş, dost və tərəfdaş ölkələrin iqtisadiyyatı, enerji, kənd təsərrüfatı, turizm sahəsinin daha da inkişaf etməsinə yol açacaqdır.  

Azərbaycan və Qırğızıstan dövlətləri   arasındakı möhkəm əlaqələrin daha da inkişaf edəcəyinə, hər iki dövlət arasındakı tərəfdaşlığın  bundan sonra da  yüksək nəticələr verəcəyinə  inanırıq.

 

 

YAP Neftçala rayon təşkilatının fəal üzvü,

5 saylı Neftçala şəhər kitabxana filialının müdiri Nəzakət Məmmədova