Şuşa bəyannaməsi dünyaya mesajdır

2022-05-01 Baxış: 320
img
Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin Azərbaycan Türkiyə qardaşlığı haqqında “Bir millət İki dövlət” kəlamı, eyni zamanda Türkiyə dövlətinin tarixi şəxsiyyəti Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci isə sevincimizdir” kəlamı iki qardaş ölkə arasındakı əlaqələrin möhkəm, sarsılmaz və dərin köklərə malik olmasının təcəssümüdür.
Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksək səviyyəsi ümumilikdə regionun tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. 44 günlük Vətən müharibəsi zamanı dünya bir daha bunun şahidi oldu. Müharibənin ilk günlərindən qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirdi. Bu gücümüzə güc qatdı, Qarabağ zəfərimizdə mühüm rol oynadı. Xüsusən Rəcəb Tayyib Ərdoğanın Bakıda azadlıq meydanında keçirilən Zəfər paradında Prezident İlham Əliyevlə yan-yana dayanması ölkəmizin birliyini, xalqlarımızın qardaşlığını bir daha bütün dünyaya nümayiş etdirdi.
Xalqımızın şahidlik etdiyi ən unudulmaz tarixi hadisələrdən biri də, Azərbaycanımızın əzəli cənnət yurdu, Qarabağımızda Şuşa şəhərində dövlət başçımız cənab İlham Əliyevlə qardaş ölkənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında imzalanan müttəfiqlik münasibətləri haqqında Şuşa bəyannaməsi oldu. Bu sənəd Türkiyə Azərbaycan birliyinin və qardaşlığının əbədi olduğunu bir daha dünyaya bəyan etdi. Dövlət başçıları bu tarixi sənədi münasibətlərin yeni mərhələsi üçün yol xəritəsi kimi qiymətləndirdilər. Bəyannamədə göstərilən bütün müddəalar keyfiyyətcə daha yüksək iş birliyinin təminatıdır. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri hər birimizin gözləri önündə hər an möhkəmlənməkdədir.
Bir neçə il əvvəl beynəlxalq tədbirlərin birində Prezident İlham Əliyevin “Türkiyə yoxdur, mən burdayam” deməsi və qardaş ölkənij mövqeyini ən yüksək səviyyədə müdafiə etməsi dünyaya qardaşlığımızın nümunəsini sərgiləmişdir. Bəli zaman göstərdi ki, bu qardaşlıq sözdə deyil, əməldə də öz təsdiqini tapır.
İmzalanan müqavilə ümumilikdə regionun tərəqqisinə, sabitliyin bərqərar olmasına, əbədi sülhün təminatına mühüm töhfələr verəcəkdir. Tarixi qələbəmiz, iki tərəfli əməkdaşlığın bütün sahələrini əhatə edən Şuşa bəyannaməsi Türk dünyasının qələbəsidir. Dövlətlərimiz arasındakı münasibətlər hazırda hər iki ölkə rəhbəri tərəfindən aparılan düşünülmüş siyasətin məntiqi nəticəsi olaraq, demək olar ki, bugün ən yüksək səviyyəyə çatmışdır. Bu səviyyənin qorunub saxlanması onun keyfiyyətcə daha da inkişaf etdirilməsi ölkəmizin prioritet istiqaməti hesab edilir.

Sona Haxıyeva,
YAP Neftçala rayon təşkilatının fəal üzvü