Güclü ordunun olması dövlət siyasətinin illər boyu əsas prioriteti olub

2022-05-02 Baxış: 356
img

Ordu dövlətin suverenliyini və ərazi bütövlüyünü təmin etmək üçün əsas qüvvə olaraq dövlət quruculuğunun tərkib hissələrindən biridir. Azərbaycanın zəngin dövlətçilik tarixində güclü ordunun yaradılması hər zaman prioritet məsələlərdən olmuşdur. Azərbaycanda nizami ordunun yaranması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdırsa, möhkəmləndirilməsi, güclənməsi Prezident İlham Əliyevin fəaliyyətinin nəticəsidir.

Qarabağ meydanında düşmən qarşısına ən müasir silahı, güclü psixoloji keyfiyyəti ilə çıxardığımız ordu uzun illərin hazırlığı, bu sahəyə verilən öncəliyin nəticəsidir.

Müasir dövrdə Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuz zəngin maddi texniki bazaya, ən yeni silahlara malikdir. 44 günlük Vətən müharibəsində müzəffər Azərbaycan ordusu qarşısında duran vəzifənin öhdəsindən məharətlə gəlməyi bacardı. 30 ilə qədər işğal altında qalan torpaqlarımızı canları, qanları hesabına 44 gün ərzində geri qaytarmağı bacardı. Hədəf ərazi bütövlüyümüzün bərpası idi. Və Azərbaycan ordusu hədəfinə çatdı, hərbi qələbəni əldə etdi. Döyüşərək, qan tökərək, Şəhidlər verərək ədalət bərpa edildi. Xocalıda qətlə yetirilən uşaqlarımızın, qadınlarımızın qanını yerdə qoymadı, onların intiqamını almağı bacardı bu ordu. Azərbaycan əsgərlərinin qəhrəmanlığı onu təsdiq etdi ki, Vətən, torpaq, şücaət kimi tarixən xalqımıza məxsus olan anlayışlar daim yaddaşlardadır. Azərbaycan var olduqca onun qəhrəman oğulları da var olacaq. Elə buna görədir ki, indi Azərbaycan ordusunun adı çəkiləndə hər bir azərbaycanlı qürur duyur. Azərbaycan gənci orduda qulluq etməsini özünə şərəf sayır.

“Bugün böyük qürur hissi ilə deyə bilirik ki, Azərbaycan Ordusu Vətənimizin qəhrəmanlıq tarixini yazdı” ifadəsi reallığın tam ifadəsidir. Qeyrətli, dəyanətli və cəsur oğulların rəşadətli yürüşünə yüksək səviyyədə rəhbərlik edən Prezidentimizin sayəsində biz dünyaya güclü ordu, güclü dövlət, güclü lider şüarlarını fəxr və iftixarla sərgiləyə bilirik.

Ülvi Nəhmədzadə,

YAP Neftçala rayon təşkilatı, Qaçaqkənd Ərazi Partiya təşkilatının sədri