Heydər Əliyev öz müdrik rəhbərliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınmış, Azərbaycan xalqının Ümummilli Liderinə çevrilmişdir

2022-05-09 Baxış: 322
img
Bu gün hər bir ölkə vətəndaşına bəlli olan bir həqiqət var ki, bütün tariximizə nəzər saldıqda əminliklə deyə bilərik ki, Heydər Əliyev xalqımızın ən böyük dövlət xadimlərindən biridir və Azərbaycan xalqının əbədi sərvətidir. Özünün dediyi kimi, hələ gənc vaxtlarından onun həyatı Azərbaycan xalqının taleyi ilə bağlı olmuşdur. Ümummili lider Heydər Əliyev haqqında danışarkən bir məqamı qeyd etməmək mümkün deyil. Onun böyüklüyü bir tərəfdən onun Azərbaycana xidmət etdiyi illərdə gördüyü işlərin, həyata keçirdiklərinin əhatəsi və təsiri ilə ölçülürsə, digər tərəfdən bu fəaliyyətin tarixdə əks-sədasıyla, uzun illər, dövrlər müddətində hadisələrin gedişatını yönəltməsi ilə müəyyənləşir. Hər iki meyarla Heydər Əliyev - tarixi şəxsiyyətdir. Bu gün dünya miqyasında tanınmış siyasi xadim olan Heydər Əliyev Azərbaycanın geniş siyasi meydanına 1969-cu ildə çıxdı. Sovet dövründə Heydər Əliyev Azərbaycanda böyük quruculuq işləri həyata keçirdi, respbulikamızın siması əhəmiyyətli dərəcədə dəyişdi. O, rəhbər seçilənə qədər Azərbaycan keçmiş ittifaq respublikaları arasında ən geridə qalanlardan biri idi. Amma Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan hərtərəfli inkişaf etdi. Onun hakimiyyəti illərində xalqın özünüdərki, milli şüurun oyanışı baxımından da mühüm nəticələr əldə olundu.
1993-cü ilin iyun ayında xalqın istəyi ilə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev Azərbaycanı daxili çəkişmələrdən xilas etdi. Heydər Əliyev yeni Azərbaycanın əsasını qoydu. Bu gün müstəqil dövlətimiz möhkəm təməllər üzərində qurulub. Yəni müasir müstəqil Azərbaycan dövləti Ulu öndər Heydər Əliyevin zəhmətinin bəhrəsidir.
Ümummilli liderimizin xalqımız və dövlətimiz qarşısındakı ən böyük xidmətlərindən biri də möhkəm təməllər üzərində qurulan dövlət siyasətinin davam etdirilməsi ilə bağlı siyasi varis yetişdirmək oldu.
Heydər Əliyev bütün fəaliyyəti boyu dəfələrlə dövrün və mövcud sistemin ağır sınaqlarından uğurla çıxan müzəffər siyasətçi idi. Ulu öndər Heydər Əliyevin öz rəqiblərindən və müasiri olduğu digər siyasətçilərdən, ilk növbədə, üstün keyfiyyətləri ilə seçilirdi. Məhz bu keyfiyyətlərinə, öz daxili tarazlığını hər zaman qoruduğuna görə Heydər Əliyevin siyasi və rəhbərlik karyerası sonadək uğurlu olmuşdur. Bu baxımdan Heydər Əliyev neçə-neçə siyasətçi nəsli, gələcəyin dövlət adamları üçün örnək sayılır və sayılacaq. Çağdaş Azərbaycan, doğrudan da, Heydər Əliyevin əsəridir. Bizim borcumuz bu əsəri yaşatmaq, qorumaq, cilalamaq və gələcək nəsillərə yetirməkdir. Heydər Əliyev, eyni zamanda, min bir zəhməti bahasına qurduğu dövlətin qorunub saxlanması və gələcəkdə daha da qüdrətli olması üçün siyasi varis yetişdirməyi də unutmamışdı. 2003-cü ildən keçən zaman ərzində cərəyan edən proseslər, Azərbaycanın Heydər Əliyev yolu ilə gedərək yeni-yeni uğurlar əldə etməsi dahi şəxsiyyətin bütün digər məsələlər kimi, siyasi varislik məsələsində də yanılmadığını sübuta yetirdi.
Həsəd aparılacaq bir zəngin, mənalı və şərəfli ömür yaşamış Ulu öndər Heydər Əliyev qısa zaman kəsiyində xalqımızın uzun əsrlər boyu uğrunda usanmadan çarpışdığı ən ümdə haqqını reallığa çevirmişdir. Azərbaycanı hər bir dövlət və millət üçün ən yüksək məqama – müstəqilliyə qovuşdurmuş, dövlətimizin dünya birliyində layiqli yerini bütün bəşəriyyətə nümayiş etdirmişdir.
Heydər Əliyev öz xalqının problemləri ilə yaşayan milli rəhbər idi. Məhz onun idarəetmə səriştəsi, liderlik ustalığı nəticəsində ardıcıl məqsədyönlü addımlar atıldı. Atəşkəsin əldə olunması, ölkədə ictimai siyasi-sabitliyin yaranması, tarixi neft kontraktlarının imzalanması, ilk növbədə, Azərbaycanın dövlət müstəqilliyi təhlükələrini aradan qaldırdı. Bunun ardınca Ulu Öndərin tarixi xilaskarlıq missiyası tənəzzüldən inkişafa doğru dönüşün əsasını qoydu. Eyni zamanda bu missiya sabitlikdən sosial rifaha sürətli keçidi təmin etdi.
Hər bir qələbəni, hər bir uğuru tarix və şərait yetişdirir. Bu baxımdan İkinci Qarabağ savaşında istər hərbi, istər diplomatik cəbhələrdə qələbəyə gedən yolun təməli hələ Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə qoyulmuşdu. Fəxrlə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ölkəmizdə başlanan dövlət quruculuğunun ən şərəfli və parlaq səhifələrindən biri bu gün gücü ilə qürurlandığımız, suverenliyimizin və ərazi bütövlüyümüzün yeganə təminatçısı olan Azərbaycan Ordusudur.
Ümummilli Lider Azərbaycan xalqına son müraciətində İlham Əliyevi özünün siyasi varisi olduğunu bəyan edərək demişdir: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Ömrün vəfa etmədiyi Ümummilli Liderin axıra çatdıra bilmədiyi işlərin biri və birincisi isə torpaqlarımızı düşmən tapdağından azad etmək, məcburi köçkünlərin öz doğma yurd-yuvasına qayıtmasını təmin etmək olmuşdur.
Əminik ki, bu gün daim azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ruhu şaddır- xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini davam etdirən, yarımçıq qalmış arzuları ilə bağlı vəsiyyətlərini gerçəkləşdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bərpa edilmiş, 30 ildən bəri düşmən əsarətində olan Qarabağ əbədi azadlığına qovuşmuşdir. Heydər Əliyevin böyük siyasəti qalib gəlməklə onun ölməzliyini bir daha təsdiqləmişdir. Bütün bunlara görə qədirbilən xalqımız ümummilli lider Heydər Əliyevin əziz xatirəsini daim yüksək tutur, onun müqəddəs ruhu qarşısında baş əyir və uca Yaradandan unudulmaz öndərinə qəni-qəni rəhmət diləyir!

Könül Məmmədova,

YAP Neftçala rayon təşkilatı Heydər Əliyev Mərkəzi Ərazi Partiya təşkilatının sədri