Neftçalada "15 May - Beynəlxalq Ailə Günü " münasibətilə 52 il birgə nikahda olan nümunəvi ailə ilə görüş keçirilib.

2022-05-15 Baxış: 581
img
15 may 2022-ci il tarixində Beynəlxalq Ailə Günü münasibətilə Neftçala rayonunun Boyat kəndində yaşayan Səmədovlar ailəsi ziyarət olundu.
Görüşdə YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, Neftçala Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vasif Əliyev, rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Əhmədov, Gündoğar qəzetinin redaktoru Bədirə Niftaliyeva, Boyat kənd Ərazi partiya təşkilatının sədri Asif Qəfərov və partiyanın fəalları iştirak etmişdir . 
Ailə başçısı Almirzə Səmədov ilk öncə qonaqlara keçdiyi həyat yolundan , ailə həyatından, əmək fəaliyyətindən, qazandığı uğurlardan danışdı. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü olan Almirzə Səmədov 1979-cu ildə Ulu Öndər Heydər Əliyevin Neftçalaya səfəri zamanı onun rəhbərlik etdiyi pambıq briqadasının işçiləri ilə görüşündən xatirələrini bölüşdü. İki nəvəsinin Vətən Müharibəsində iştirakından və onların qəhrəmanlıqlarından bəhs edən Almirzə Səmədov özünün də könüllü olaraq cəbhəyə yollanmaq istədiyini , hər gün Ali Baş Komandanın qələbə xəbərlərini səbirsizliklə gözlədiyini bildirdi. Daha sonra gələcək nəslə nümunə olan Səmədovlar ailəsi uzunömürlü nikahlarının sirrlərini bölüşərək sağlam ailənin təməlinin qarşılıqlı hörmət , sevgi və səmimi münasibətlərə əsaslandığını qeyd etdilər . Ailə dəyərlərinin qorunub saxlanılmasının cəmiyyətin hər bir üzvünün müqəddəs borcu olmasını xüsusi vurğuladılar. 
Sonda qonaqların Səmədovlar ailəsi üçün aldığı hədiyyə təqdim olundu və xatirə şəkli çəkdirildi.