Azərbaycan və Litva Respublikaları arasında əməkdaşlıq Avropa ölkələri ilə strateji tərəfdaşlıq deməkdir

2022-05-22 Baxış: 306
img
Azərbaycan və Baltikyanı dövlətlər arasında, xüsusən də Litva ilə dostluq və tərəfdaşlıq münasibətləri uzun illərdən bəri mövcud olmuşdur. Dövlət müstəqilliyimizi ilk tanıyan respublikalardan biri olmuş, I və II Qarabağ müharibələri zamanı Azərbaycanın haqq işini dəstəkləmiş Litva Respublikası, ölkəmizin ərazi bütövlüyünə hər zaman hörmətlə yanaşmışdır. İki ölkə arasında dostluq münasibətləri və əlaqələrin təməli, Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi və güclü diplomatiyası sayəsində Azərbaycan öz müstəqilliyinə qovuşduqdan bir-neçə il sonra, 1995-ci ildə qoyulmuşdur. Azərbaycan və Litva arasındakı dövlətlərarası möhkəm əməkdaşlıq münasibətləri isə möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu siyasəti nəticəsində əhəmiyyətli dərəcədə yüksəlmiş, iki ölkə arasındakı qarşılıqlı əlaqələr daha da genişlənmişdir. Müxtəlif sahələrdə birgə uğurlu layihələr həyata keçirən Avropa və Şərq ölkəsi Azərbaycan-Litva, iqtisadi, enerji, ticarət, turizm, kənd təsərrüfatı və digər sahələrdə bir sıra uğurlu nəticələrə nail olmuşlar. Bu baxımdan da, iki ölkə arasındakı müsbət qarşılıqlı münasibətlər və əməkdaşlığın hazırki durumu böyük əhəmiyyət kəsb etməklə yanaşı, gələcəkdə də mühüm perspektivlər vəd edir. Dünya artıq yeni geosiyasi dəyişimini yaşamaqda, bu müstəvidə yeni mərhələyə doğru addımlamaqdadır. Azərbaycan isə bu dəyişimdə müsbət nəticələr əldə edən, uğurlu gedişlərlə irəliləyən, Qafqazda siyasi və iqtisadi gücə malik əhəmiyyətli ölkə kimi önə çıxır. Qürurla deyə bilirik ki, möhtərəm Prezidentimiz İlham Əliyevin zərgər dəqiqliyi ilə hesablanmış xarici siyasəti Azərbaycanın iqtisadi cəhətdən yüksəlməsinə, güclü dövlətə çevrilməsinə gətirib çıxarmış, diplomatik uğurlarımız isə ölkəmizi regionda lider dövlətə çevirmişdir. Xalq və ordu burliyinin təcəssümü, qazandığımız Böyük tarixi Zəfərimiz, Azərbaycanın regionda sülh və təhlükəsizliyin təminatçısı kimi tanınması, qardaş Türkiyə dövləti ilə birlik və müttəfiqliyimiz Avropa ölkələrinin ölkəmizə maraq və meylinin daha da artmasına səbəb olmuşdur. Litva Avropa ölkələrindən biri olmaqla yanaşı, həm də dünyaya dənizlə çıxışı olan, kifayət qədər inkişaf etmiş ölkələrdən biridir. Azərbaycan isə Avropanın Şərqə qapısı, Qafqazın gözüdür. Bu baxımdan Avropa ölkələrinin ölkəmizlə sıx strateji tərəfdaşlığı müsbət nəticələrlə dəyərlərləndirilir. Bu baxımdan Litva Respublikasının Prezidenti Gitanas Nausedanın may ayının 17-18-də Azərbaycana 2 günlük rəsmi səfəri olduqca maraqlı və vacib məsələrlə yadda qalmışdır. Səfər çərçivəsində, may ayının 18-də Bakıda möhtəşəm Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan-Litva V Qlobal Bakı Forumu mühüm tarixi əhəmiyyəti ilə seçilir. “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusunda keçirilən Forumda 56 ölkədən 300 nəfərədək nümayəndə-nüfuzlu dövlət xadimləri, siyasətçilər, elm adamları, siyasi ekspertlər iştirak etmişdir. Burada bir sıra əhəmiyyətli sənədlər-“Beynəlxalq yol nəqliyyatı Sazişi”, “Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası ilə Litva Respublikasının Ticarət, Sənaye və Sənətkarlıq Palataları Assosiasiyası arasında Əməkdaşlıq Sazişi”, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Litva Respublikasının Ticarət, Sənaye və Sənətkarlıq Palataları Assosiasiyası arasında Əməkdaşlıq Memorandumu”, “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi-AZPROMO ilə Litva İnnovasiya Agentliyi arasında Əməkdaşlıq Memorandumu”, “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi-AZPROMO ilə Litva Respublikası Sənayeçilər Konfederasiyası arasında Əməkdaşlıq Memorandumu” və “Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Litva Respublikası Sənayeçilər Konfederasiyası arasında Əməkdaşlıq Müqaviləsi” bu kimi imzalanmış mühüm sazişlər ölkəmizin Avropa İttifaqı ölkələri ilə möhkəm əməkdaşlığına gərəkli töhfənin imzası olaraq dəyərləndirilir. Belə ki, Azərbaycan-Litva Bakı Forumu Azərbaycanla Avropa İttifaqı arasındakı əlaqələrin uğurla inkişafının sübutu kimi qiymətləndirilir. Möhtərəm Prezidentimiz İlham Əliyev çıxışında da qeyd etdiyi kimi: “Biz artıq strateji tərəfdaşlarıq və Prezident Gitanas Nausedanın hazırkı səfəri fəal siyasi dialoqun olduğunu bir daha nümayiş etdirir. Avropa istehlakçılarına əlavə enerji resurslari mənbəyi lazımdır. Avropa istehlakçıları üçün bərpaolunan enerji mənbələri hesabına istehsal edilmiş enerji daha çox cəlbedici ola bilər. Azərbaycan donor ölkəsinə çevrilib. Bu, yaxşı iqtisadi vəziyyətdən xəbər verir”. Litva Prezidenti Gitanas Nauseda isə Forumda çıxış edərək vurğulamışdır ki: “Asiya ilə Avropanın kəsişdiyi məkanda yerləşən Azərbaycan qlobal ticarətdə ən mühüm rollardan birini oynayır və oynayacaqdır”. Bəli, Avropa ölkələri Azərbaycanın dayanıqlı inkişafını görür, yüksək dəyər verir, ölkəmizi enerji təhlükəsizliyinin təminatçısı hesab edir. Möhtərəm Prezidentimiz: “Enerji potensialı ölkəmizi 100 % təmin edir, təbii sərvətlərimizə əsaslanır və Azərbaycan xalqının, dost və qonşularımızın rifahına xidmət edir” fikirləri Avropa İttifaqı və Azərbaycanın əməkdaşlıqda birgə marağından xəbər verir. Bu da onu göstərir ki, Azərbaycan nəinki regionda, həmçinin dünya miqyasında əsas iqtsadi mərkəzlərdən birinə çevrilmişdir. Avropa bu gün öz enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycanı yeganə etibarlı tərəfdaş olaraq dəyərləndirir. Bu da ölkəmizin həm siyasi, həm də iqtisadi qüdrətinin bariz nümunəsidir. Azərbaycanımızın uğurları ilə qürurlanan xalqımız, Avropa İttifaqı ölkələri ilə dostluq və əməkdaşlıq münasibətlərinin dövlətimizin yüksəlişində böyük qatqılar qatacağına inanır və Müzəffər ölkə başçısı möhtərəm İlham Əliyevin verdiyi qərarların arxasında bir yumruq olaraq birləşmişdir.
             Nəzakət Məmmədova;
             YAP Neftçala rayon təşkilatının üzvü, ictimai fəal, yazar