Zəngəzur dəhlizinin açılması tarixi əhəmiyyətə malikdir!

2022-05-31 Baxış: 290
img
Tarix unudanları bağışlamır. O xalq ki, öz kökünə bağlıdır, zaman onun qəlbindəki yurd sevdasını söndürə bilmir. Və bir gün yenidən qayıdır zorla əlindən alınan, ilhaq edilən torpaqlarına... Bu gün bizim üçün yurdumuzda həyata keçirilən quruculuq işlərindən danışmaq böyük qürurdur. İllərlə həsrətlə gözlədiyimiz gün gəldi, Azərbaycan əsir ellərinə qovuşdu. Mənfur düşmən xain məkrində məhv edildi. Bir də dönməsin, baxmasın qonşu torpağına. Xəyanətkar niyyəti artıq heç bir “pərdələnmiş” siyasətlə yol tapmayacaqdır yurdumuza. 2020-ci ilin sentyabrın 27- dən başlanan, Azərbaycan xalqının haqq savaşı kimi tarixə düşən, bütün dünyanın gözləri qarşısında Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi, əhatəli, düşünülmüş siyasəti, həmçının xalq birliyi, mərd vətən övladlarının cəsarəti, fədakarlığı ilə qazandığımız qələbə - ən parlaq Zəfərdir! Biz torpağı necə sevməyin, dağıdılmış ocaqların harayına yetməyin lövhəsini göstərdik bütün bəşəriyyətə. Bu bizim xalqımızın səsi idi. Vətən sevgisinin təzahürü idi. Səbr edərək göstərdiyi humanistliyin sonda belə bir mübarizə yolunun da olduğunun sübutu idi. Bu gün işğaldan azad edilmiş torpaqlarımızda geniş quruculuq işləri həyata keçirilir. Görülən, həyata keçirilən bütün işlər hər birimizi sevindirir. Bu günə şükür edirik, fəxr edirik ki, qalib ölkəmizin iqtisadi gücü heç kəsə boyun əymədən görülən işləri davam etdirməyə imkan verir. Bu bizim Ali Baş Komandanımız cənab İlham Əliyevin həyata keçirdiyi Ulu Öndər yolunun uğurlu nəticəsidir. Bu Azərbaycan xalqının iqtidar-xalq birliyinin nailiyyətidir. Quruculuq işləri ilə yanaşı beynəlxalq miqyaslı, əhəmiyyətli layihələr də icra edilir ki, onlardan biri də Zəngəzur dəhlizinin açılmasıdır. Zəngəzur tarixi Azərbaycan torpağıdır. İllərlə xalqımızın sərvətini talayan yadelli düşmənlər nə qədər bəhanəli qərarlar qəbul edərək torpaqlarımızı ayırsalar da, o torpaqların nəfəsində yaşayır Azərbaycanın səsi, sözü. Və biz bu gün o nəfəsə dönürük, düşmənlərimiz bunu istəsə də, istəməsə də... Zəngəzur dəhlizinin açılması böyük əhəmiyyətə malikdir. Bu ərazinin inkişaf etdirilməsi bütün region üçün əhəmiyyətli olacaqdır. Elə istər Vətən Müharıbəsinin son günü imzalanan 2020-ci ilin 10 noyabr tarixli üçtərəfli bəyanatın 9 –cu bəndində göstərildiyi kimii, istərsə də 2021-ci ilin 11 yanvar tarixində Moskvada imzalanmış 4 bəndlik bəyanat Zəngəzur dəhlizinin reallaşması üçün hüquqi zəmin yaratmışdır. Dəhlizin lokal müstəvidəki əhəmiyyəti yeni nəqliyyat yolunun keçdiyi hər bir ölkədə yerli inkişafı stimullaşdırıcı faktor kimi çıxış etməsidir. Dəhliz qeyd etdiyim kimi region dövlətləri üçün xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə Türkiyə və Mərkəzi Asiya ilə bağlantının qurulması, eyni zamanda region ölkələri arasında münasibətlərin qarşılıqlı anlaşma, sabitlik və sülh şəraitində olmasını şərtləndirəcəkdir. Həmçinin yeni dəhliz türk dünyası dövlətlərinin birliyini daha da möhkəmləndirərək Türkiyə dövlətinin əhatəsində olmasına, dostluq, birlik bağlantılarının möhkəmlənməsinə kömək edəcəkdir. Zəngəzur dəhlizinin reallaşması Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə əlaqələrini möhkəmləndirəcək, tarixi və hüquqi ərazimizin təminatını asanlaşdıracaqdır. Bu dəhliz Çin iqtisadiyyatının Türkiyə vasitəsilə Avropaya axın etməsini də yeni bir tərtibdə genişləndirəcəkdir. Bir sözlə Zəngəzur dəhlizinin əhəmiyyəti çox böyükdür. Bu dəhlizin icrası Avropa və Asiya qitələri arasında tiarət yollarının daha asan, daha əlverişli, keyfiyyətli şəkildə həyata keçirilməsinə vasitəçi olacaqdır.
                 Bədirə Niftaliyeva;
        YAP Neftçala rayon təşkilatının fəal üzvü, ziyalı, ədib