Bütün dünyaya verilən aydın mesaj!

2022-06-01 Baxış: 264
img
Ötən əsrin əvvəllərində, 1918-ci ildə öz müstəqilliyini əldə etmiş Azərbaycan Xalq Cümhuriyyəti günəş kimi dünyaya doğdu. Lakin şərqdə ilk Demokratik Respublika olan AXC cəmi 23 ay müstəqil ola bildi. Yetmiş il sovetlər birliyində yaşayan Azərbaycan mücadilə göstərərək, azadlıq mübarizəsi apararaq yanlız 1991-ci ildə öz müstəqilliyini bərpa etdi. Bu gün artıq 30 ildir ki, qəhrəman Azərbaycan xalqı suveren dövlətində azad, firavan, Qalib xalq kimi yaşayır. Hələ Cümhuriyyət dövründə səsimizə səs verən, Azərbaycanı heç vaxt tək buraxmayan qardaş ölkə Türkiyə müstəqillliyimizi bərpa etdikdən sonra da daim Azərbaycanın yanında oldu. Dili bir, dini bir, əqidəsi bir Türkiyə zaman-zaman sevincimizə şərik, hüznümüzə həmdəm oldu. Bu qardaşlıq münasibətlərini isə məhz Ulu Öndərin ölkəmizə ikinci dəfə rəhbərlik etdiyi dövrdən etibarən daha yaxından hiss etməyə başladıq. Məhz onun uzaqgörən, səmimi, siyasəti nəticəsində Türkiyə Azərbaycana daha çox bağlanmağa başladı. Artıq iyirmi ilə yaxındır əminliklə demək olar ki, ölkələrimiz və xalqlarımız arasındakı münasibətlər hər daim özünün ən yüksək nöqtəsinə ucalır. Bu gün iki ölkənin əvəzedilməz liderləri- cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın düzgün siyasətləri nəticəsində münasibətlərimiz müttəfiqlik zirvəsinə çatmışdır. Nəinki bizlər, həm də bütün dünya xüsusilə Azərbaycanın 44 günlük haqq savaşında Türkiyə-Azərbaycan qardaşlığının bir daha sözdə deyil, əməldə şahidi oldular. Türkiyə Prezidentinin “Azərbaycan tək deyil,Türkiyə onun yanındadır” deməsi Azərbaycana əlavə güc, ruh və inam verdi. Bu gün ölkələrimiz arasında dostluq, qardaşlıq özünü hər sahədə - siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyət, təhsil, ordu quruculuğu istiqamətində özünü göstərir. 2021-ci il iyun ayının 15 də imzalanan tarixi “Şuşa bəyannaməsi” Türkiyə və Azərbaycanı rəsmən müttəfiqlik zirvəsinə ucaltdı. Azərbaycan və Türkiyənin növbəti dünyaya mesajlarından biri isə bu günlərdə - 28 may tarixində Bakıda təşkil olunan “TEKNOFEST Azərbaycan” aerokosmik və texnologiya festivalı oldu. Bakıda ilk dəfə keçirilən bu festivalda hər iki qardaş ölkənin Prezidentləri, onların xanımları, həmçinin dünya şöhrətli alim, Nobel mükafatı laureatı Əziz Səncər və “TEKNOFEST”-in təşkilatçısı Səlçuk Bayraktar da iştirak etmişdir. Bu mötəbər tədbirdə ölkələrimizin ayrı-ayrı və birlikdə qazandığı uğurlar bir daha dünyaya nümayiş etdirilmişdir. Bu gün əminliklə deyirik ki, möhkəm və sarsılmaz əsaslara dayanan Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı bundan sonra da hər bir sahədə uğurla inkişaf edəcək və bu qardaşlıq bütün dünyaya nümunə olacaqdır!
              Şəbnəm Səlimova;
              Neftçala rayon sakini