Neftçalada "GƏNC SHOW" layihəsinin qalibləri mükafatlandırılıb

2022-06-02 Baxış: 369
img

Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Neftçala nümayəndəliyinin, Neftçala Rayon Gənclər və İdman İdarəsinin, Neftçala Təhsil Şöbəsinin, Biləsuvar Regional Mədəniyyət İdarəsinin Neftçala nümayəndəliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “GƏNC SHOW” layihəsinin mükafatlandırma mərasimi həyata keçirilib.

Mükafatlandırma mərasimində Neftçala RİH-in başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, idarə, müəssisə və təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri, müsabiqədə iştirak edən komandaların şagirdləri, onların müəllim və valideynləri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ulu öndər Heydər Əliyevin, müqəddəs şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Mərasimdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala Təhsil Şöbəsinin müdiri Vüqar Dadaşov və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Neftçala nümayəndəliyinin direktoru Fərhad Baxışov çıxış edərək layihənin əhəmiyyətindən danışıblar. Daha sonra müsabiqənin final mərhələsində ilk üçlüyə yüksələn komandaların “Komandaların təqdimatı”, “Musiqi və rəqs ifası”, “TrendSƏN”, “Reklamlar” və “Tamaşa” nömrələri üzrə ən yaxşı səhnələri nümayiş olunub.

“GƏNC SHOW - şən və hazırcavablar klubu” Neftçala rayon liqasında iştirak edən bütün komandalar müxtəlif nominasiyalar üzrə təşəkkürnamə və diplomlarla təltif olunublar. Final mərhələsində ilk üçlüyə yüksələn komandalara medallar və xatirə hədiyyəsi də təqdim olunub. Liqanın birincisi, həmçinin kubokla mükafatlandırılıb. Qeyd edək ki, ümumilikdə 27 komanda arasında təşkil olunan 5 seçim turundan ən yüksək xal toplayan 7 komanda arasında final mərhələsi mayın 24-də keçirilib. Final turunda Samid İmanov adına Neftçala şəhər 1 saylı tam orta məktəbi təmsil edən "Ulduzlar" komandası, S.Kərimov adına Qədimkənd kənd tam orta məktəbini təmsil edən "Tufan" komandası, T.İsmayılov adına Mirqurbanlı kənd tam orta məktəbini təmsil edən "3-G" komandası, N.Gəncəvi adına Neftçala şəhər 3 saylı tam orta məktəbi təmsil edən "Səkkizdə səkkiz" komandası, B.Həşimov adına Boyat kənd tam orta məktəbini təmsil edən "Boyat" komandası, Ə.Cəfərov adına Bankə qəsəbə 1 saylı tam orta məktəbi təmsil edən "Cıdır düzü" komandası və R.Əliyev adına Yuxarı Qaramanlı kənd tam orta məktəbi təmsil edən "Gənc hazırcavablar" komandası birincilik uğrunda mübarizə aparıblar. Gərgin keçən mübarizənin yekununda peşəkar münsiflər heyətinin qiymətləndirmələrinə əsasən Neftçala şəhər Samid İmanov adına 1 saylı tam orta məktəbin "Ulduzlar" komandası 283 xalla I, Sakit Kərimov adına Qədimkənd kənd tam orta məktəbinin "Tufan" komandası 278 xalla II, Əbülfəz Cəfərov adına Bankə qəsəbə 1 saylı tam orta məktəbin "Cıdır düzü" komandası isə 273 xalla III yerə layiq görülüblər.