Türkiyə-Azərbaycan diplomatik əlaqələri yüksələn xətt üzərindədir

2022-06-03 Baxış: 440
img

Türkiyə  9 noyabr 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətdir. İki ölkə arasında diplomatik münasibətlər 14 yanvar 1992-ci ildə qurulub. Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Ümümmilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi ilə əsaslı təmələ sahib olan ölkələrimizin əlaqələri daha inkişaf etdirilməkdədir. Müasir dövrdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi Azərbaycan dövlətinin xarici siyasətinin çox mühüm tərkib hissəsidir. Tarixi köklərə və qardaşlığa söykənən, hər zaman həmrəylik nümayiş etdirən Azərbaycan və Türkiyə arasında əlaqələr siyasi, iqtisadi-ticari, humanitar, hərbi və s. bütün sahələrdə çox uğurla inkişaf etməkdədir.

2022-ci il may ayının 26-29 tarixlərində, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə Teknofest Festivalına ilk dəfə olaraq Azərbaycan ev sahibliyi etdi. “Teknofest” Festivalı Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir. May ayının 28-də, Müstəqillik günündə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan “TEKNOFEST Azərbaycan” festivalına qatılıblar. Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir. Azərbaycan və Türkiyə daim bir-birinə dəstək göstərir. Bizim ölkələr yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birinin yanındadır. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır. Dünyaşöhrətli alim, Nobel mükafatı laureatı Əziz Səncər və “TEKNOFEST”in təşkilatçısı, İkinci Qarabağ savaşında öz sözünü demiş  məşhur “Bayraktar” PUA-ların ixtiraçısı Selçuk Bayraktarın Azərbaycana bir arada təşrif buyurmaları əlamətdar hadisədir. Əziz Səncər kimi insanlar gənclər üçün örnəkdir, nümunədir – həm alim, həm vətəndaş, həm türkçü, həm vətənpərvər insan. Selçuk Bayraktar da gənclər üçün gözəl örnəkdir, nümunədir. Azərbaycan və Türkiyə birliyi təzyiqlə, təhdidlə qorxudulanlardan olmayıb və əsla olmayacaq. İşğala və haqsızlığa qarşı hər şəraitdə doğru olanı söyləməkdən, haqlı mübarizəmizi müdafiə etməkdən geri durmadıq və durmayacağıq. Hər iki dövlətin xalqları tarixi, mədəniyyəti və mədəni dəyərləri ilə seçilən böyük bir millətin övladlarıdır. Harada zülm, haqsızlıq, ədalətsizlik varsa səsini ucaldan, bütün gücü ilə mübarizəyə qalxan ürəkli bir millətin nümayəndələriyik.  30 il ərzində qardaş Türkiyə daim Azərbaycanın yanında olub. Biz 30 il ərzində bu dəstəyi, bu qardaşlıq dəstəyini hər zaman hiss etmişik, bu gün də hiss edirik və bu gün Türkiyə-Azərbaycan yenə də bir yerdədir. Bizim tariximiz parlaqdır və tariximizin ən önəmli anlarında biz bir yerdə idik. Tarixi Zəfərimizdən sonra yenə də cənab prezident İlham Əliyev ilə Rəcəb Tayyib Ərdoğan   Azadlıq meydanında Türkiyə və Azərbaycan ordularının hərbi paradını qəbul etdik. Bu, birliyimizin təntənəsi idi. Bu, bütün dünyaya verilən aydın mesaj idi ki, biz bir yerdəyik, bir yerdə olacağıq, gücümüz də gündən-günə artacaq. Vətən müharibəsinin ilk günlərindən, ilk saatlarından qardaş Türkiyənin dəstəyini hiss etdik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını sevindirdi. Prezident çıxışlarında deyirdi, Azərbaycan haqlıdır, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırdı, sevindirdi. Türkiyə bu gün dünya miqyasında güc mərkəzi kimi, bütün bölgələrdə, o cümlədən bizim ölkəmizdə də çox müsbət rol oynayır və bu, bölgə ölkələrinin sabitliyi üçün çox önəmlidir. Türkiyə ilə Azərbaycan daim hər sahədə çiyin-çiyinədir. Beynəlxalq platformalarda da iki ölkə  sanki bir ölkə kimi hərəkət edir və hər ikisi bir-birini daim gözübağlı dəstəkləyir və dəstəkləməkdə də davam edəcəkdir. Ulu Öndər Heydər Əliyevin də dediyi kimi “Bir millət, iki dövlət” kəlamı həyatın bütün sahələrində özünü təsdiq edir. Yaşasın Türkiyə-Azərbaycan birliyi, qardaşlığı! Qarabağ Azərbaycandır!

Anar Güllərli,

YAP Neftçala rayon təşkilatının fəal gənci, tələbə