Azərbaycan dünyada etibarlı enerji təchizatçısına çevrilib.

2022-06-05 Baxış: 258
img
Hazırda Azərbaycan region və ümumilikdə Avrasiya məkanı üçün əhəmiyyətli tədbirlərin keçirildiyi mərkəzdir. Məhz bu günlərdə paytaxt Bakıda baş tutan və otuz müxtəlif ölkəni təmsil edən 249 şirkətin qatıldığı Bakı Enerji Həftəsi növbəti mötəbər tədbirlərdən biridir. Regionun ən böyük sənaye tədbiri, həm Azərbaycan, həm region, həm də dünya dövlətləri üçün böyük əhəmiyyət kəsb edir. Bu mənada Azərbaycanın enerji ölkəsi kimi əhəmiyyəti getdikcə artır. Xüsusilə, son illərdə Avrasiya məkanında baş verən bir sıra geosiyasi proseslər, enerji amilinin siyasi hadisələrə təsiri Avropa dövlətlərini yeni alternativ enerji mənbələrini təmin etməyə sövq edir. Alternativlər sırasına isə ölkəmiz xüsusilə daxildir və bu da Azərbaycanın qlobal məkanda rolunu daha da artıran faktordur. Bu baxımdan regionun əsas neft və qaz ölkələrindən biri kimi Azərbaycana diqqətin atması, həm də ölkəmizin etibarlı tərəfdaş imici qazanmasından irəli gəlir ki, bu da təbiidir. Bir məsələni də xüsusi vurğulamalıyıq ki, Azərbaycan son illər ərzində öz enerji təhlükəsizliyinə böyük sərmayə yatırıb, daxili bazarda tələbatları tam təmin edib. Hazırda zingin karbohidrogen ehtiyatlarından səmərəli istifadə etməklə ölkəmiz xarici bazarlara çıxır və əlavə dividentlər qazanır. Təsadüfi deyil ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden iki həftədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə iki məktub ünvanlayıb. Birinci məktub Müstəqillik günü ilə bağlı idisə, ikincisi Bakı Enerji Forumunun önəmi barədəydi. “Bakıda Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinə ev sahibliyi etdiyiniz vaxtda Sizi əmin etmək istəyirəm ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın sadiq tərəfdaşı olmaqda davam edir... Enerji təhlükəsizliyi ilə bağlı məqsədlərimizə çatmaq üçün şaxələndirmə heç vaxt olmadığı qədər əhəmiyyətlidir və Azərbaycan bu məqsədə nail olmaq üçün regional səylərdə əsas rol oynamışdır. Azərbaycan həm də regional və qlobal bazarların sabitləşdirilməsi baxımından trans-Xəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında mühüm əhəmiyyətə malikdir”- C.Bayden ölkəmizlə əlaqələrə nə qədər önəm verdiyini bu şəkildə qeyd etmişdir. Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi zamanı Möhtərəm Prezident cənab İlham Əliyev öz çıxışında şaxələndirmə məsələsi barədə xüsusilə qeyd edərək bildirdi ki, “Hər kəs anlayır ki, şaxələndirmə enerji təhlükəsizliyinin başlıca amillərindəndir. Biz isə enerji strategiyamızın həyata keçirilməsinin ilk günündən etibarən şaxələndirmə üzərində çalışmışıq”. Bu gün Azərbaycan öz Liderinin düzgün, düşünülmüş siyasəti nəticəsində müxtəlif istiqamətlərə uzanan 3 neft və 4 qaz boru kəmərinə sahibdir. Qüdrətli ölkəmiz 4 qonşu ölkəyə elektrik enerjisi ixrac edir və Avropaya elektrik enerjisi ixrac etməyi planlaşdırır. Göründüyü kimi, dünyada Azərbaycana göstərilən pozitiv münasibətin bir çox səbəbləri vardır ki, bunlardan ən vacibi etibarlılıqdır. Azərbaycan özünü etibarlı tərəfdaş və partnyor kimi artıq sübut edib, üzərinə götürdüyü bütün öhdəlikləri yüksək səviyyədə yerinə yetirib. Digər vacib məsələ isə Azərbaycanda olan siyasi və iqtisadi sabitlik, inkişaf və tərəqqidir. Bu gün Azərbaycan 30 ilə yaxın işğalda qalan, lakin tarixi Zəfərlə düşmən tapdağından təmizlənən tarixi ərazilərində nəhəng miqyaslı yenidənqurma işləri həyata keçirir. Müzəffər Prezidentimiz cənab İlham Əliyevin yürütdüyü balanslı siyasət, əsas hədəf və məqsədlərə nail olmaq üçün həyata keçirdiyi praqmatik və çevik strategiya ölkəmizi hər ötən gün zirvələrə daşıyır!
           Ülviyyə Abdullayeva;
           Neftçala rayon sakini, müəllim