Ölkənin hərbi qüdrətini artıran dövlət siyasəti

2022-06-23 Baxış: 60
img

    

1918-ci ilin 28 mayında qəbul edilmiş Azərbaycan Demokratik Respublikasının İstiqlal Bəyannaməsində qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxildəki düşmən qüvvələri zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Bu zərurətlə bağlı 1918-ci ilin 28 mayında yaradılan ilk kabinədə hökumətin müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edildi. Cəmi 23 ay ömür sürən Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayandı və yalnız Ulu öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi geniş vüsət aldı. İkinci Dünya müharibəsindən sonrakı dövrdən 1969-cu ilədək Azərbaycanda hərbi kadr hazırlığına İttifaq rəhbərliyi qısqanc münasibət bəsləyirdi. Ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə ordu quruculuğu, milli zabit kadrlarının hazırlığı məsələləri önə çəkilməyə başlandı. Heydər Əliyev 1971-ci ildə böyük səylər nəticəsində Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. 1991-ci ilin sonlarında SSRİ-nin dağılması nəticəsində öz müstəqilliyini yenidən bərpa edən Azərbaycan mürəkkəb ictimai-siyasi durumla üzləşmişdi. 1991-ci il sentyabrın 5-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaradılması barədə qərar və həmin il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti tərəfindən Silahlı Qüvvələrin yaradılması haqqında qanun qəbul edilsə də, respublika rəhbərliyi bu qərarların həyata keçirilməsi üçün ciddi səy göstərmirdi. Ordu quruculuğu sahəsində də, digər sahələrdə olduğu kimi, anarxiya hökm sürürdü. 1993-cü ilin yayında Ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı, 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycanda Milli Ordunun formalaşması daha da sürətləndi, həyata keçirilən siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı. Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Ordumuz ən müasir silahlarla, texnika ilə təchiz edilmişdir. O cümlədən Azərbaycanda istehsal olunan bir çox hərbi təyinatlı məhsullar ordumuzun potensialını gücləndirir. Prezidentin Fərmanı ilə son illər ərzində 20-dən çox hərbi zavod yaradılmışdır. Bu zavodlarda 1200 adda hərbi təyinatlı müxtəlif məhsullar istehsal olunur, ordumuz təchiz edilir. Eyni zamanda, Azərbaycan artıq hərbi məhsulları ixrac etməyə də başlamışdır. Həmçinin Azərbaycan bir çox ölkələrdən ən müasir silah və texnika alır. Onların arasında yüzlərlə zirehli texnika, bir çox gözətçi gəmiləri, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, ən müasir standartlara cavab verən sistemlər, onlarla döyüş təyyarəsi, yüzdən çox döyüş, hərbi nəqliyyat, nəqliyyat helikopteri, ən müasir kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları, ən müasir artilleriya qurğuları, uzaqmənzilli raketlər, yaylım atəşli raket sistemləri, əməliyyat-taktiki raket kompleksləri –  deyə bilərəm ki, ordunun maddi-texniki təchizatı baxımından Azərbaycan dünya miqyasında nadir ölkələrdən biridir. Prezident İlham Əliyev, eyni zamanda, ölkəmizin milli gücünün artırılmasına hesablanan ardıcıl siyasət həyata keçirirdi. Bu siyasət, ilk növbədə, müharibə vəziyyətində olan respublikamızın iqtisadi gücünün və maliyyə imkanlarının artırılmasına hesablanmışdı. Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi əsasında reallaşdırılan islahatlar sayəsində Azərbaycan bütün dünya üzrə ən dinamik templərlə inkişaf edən ölkələr sırasına yüksəldi. Özünün iqtisadi müstəqilliyinə nail olan Azərbaycan, həmçinin istənilən xarici təhdidi dəf etməyə və düşmənin başını əzməyə qadir olan güclü ordu qurmağa nail oldu. Qürurverici haldır ki, nüfuzlu reytinq agentliklərinin dəyərləndirmələrinə görə, Azərbaycanın Silahlı Qüvvələri dünyanın 50 ən güclü ordusu sırasında yer alır. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı. Vətənpərvər oğullarımızın erməni təcavüzünü qəhrəmancasına dəf etməsi və əks-hücuma keçərək düşmənə sarsıdıcı zərbələr endirməsi xalqımızın qələbə əzminin nümayişi oldu. Bu günlər ərzində ordumuzun işğalçı erməni ordusuna qarşı apardığı müharibə milli şüurun, xalq və ordu birliyinin təcəssümünə çevrildi. Hər kəs Vətən fədaisi oldu o gün. İllərlə yaşadığımız ağrı-acılar bir andaca sevincə çevrildi. Ordumuzun bu qalibiyyəti bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan xalqı qarşısına qoyduğu hər bir vəzifəni yerinə yetirə bilmək qüdrətindədir.Noyabrın 8-də Şuşanın, ertəsi gün isə daha 70-dən artıq yaşayış məntəqəsinin işğaldan azad edilməsindən sonra düşmən onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı.Qırx dörd günlük Vətən müharibəsində şanlı Zəfərimizdən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyev, eyni zamanda, üç rayonumuzun düşməndən döyüşsüz azad edilməsinə nail olmaqla minlərlə insanın həyatını xilas edən, ölkəsinin vətəndaşlarının həyatının dəyərini hər şeydən uca tutan humanist Xilaskar Sərkərdə kimi də adını tarixə qızıl hərflərlə yazdı və bir sərkərdə olaraq son 200 ilin ən möhtəşəm, ən parlaq Qələbəsinə, şanlı Zəfərə imza atdı. Bu da Azərbaycan xalqının həyatında ən qürurverici və əbədiyyən unudulmayacaq tarixi hadisədir.Azərbaycan torpaqları qarış-qarış, kənd-kənd işğaldan azad edildi. Uzun illərdən sonra doğma torpaqlarımızda yenidən üçrəngli şanlı bayrağımız ucaldıldı. Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, ordumuzun şücaəti hesabına qazandıq. Ona görə 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq.

Cavad Mirzəyev

YAP Neftçala rayon təşkilatının əməkdaşı