Qardaşlığımızın rəmzi

2022-06-24 Baxış: 301
img

Tarixi araşdırmalara əsaslansaq Özbəkistan və Azərbaycan dövlətləri arasında mövcud əlaqələrin, hər iki xalqlar arasında olan etnik eyniliyin tarixin dərin qatlarına gedib çıxdığının şahidi olacağıq. Bizlər bu bağlılığı, əməkdaşlığı, hər iki dost dövlət arasında olan iqtisadi-ticari əlaqələrin güclü zəmin üzərində bərqərar olmasını hələ orta əsrlər dövründə Azərbaycan ədəbiyyatının görkəmli mütəfəkkirlərindən olan Məhəmməd Fizulinin, Nizami Gəncəvinin əsərlərini oxuyarkan şahidi oluruq. Qardaş türk xalqları arasında mövcud olan bağlılıq zaman-zaman müxtəlif təzyiqlərə məruz qalsa da heç bir qüvvə bu zəncirvari əbədiliyi poza bilməmişdir. Hələ Azərbaycan və Özbəkistan Sovet hakimiyyəti illərində belə bu əməkdaşlığı, qardaşlığı qoruyub saxlamağa nail olmuşdur. Mən deyərdim ki, bu bağlılıq hələ Ulu Öndər Hedər Əliyevin Sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə daha da irəli gedərək qardaşlıq səviyyəsinə gəlib çatmışdır. Çox sevindirici haldır ki, bu bağlılıq, iqtisadi və siyasi tərəfdaşlıq Sovet imperiyası dağıldıqdan sonra, hər iki dövlətin müstəqillik qazandığı illərdə belə qorunub saxlanıldı, münasibətlər daha da inkişaf etdirildi. Müstəqillik illərində də bu münasibətlərin möhkəmlənməsində Ulu Öndər  Heydər Əliyevin rolu əvəzsizdir. Belə ki, mərhum Heydər Əliyevin Özbəkistanın sabiq liderləri ilə olan isti, dostluq münasibətləri qardaş dost dövlətlər arasında olan münasibətlərin tellərini daha da möhkəmləndirmiş olmuşdur. Bu gün ölkə başçısı cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü xarici siyasi kurs sayəsində digər istiqamətlərdə olduğu kimi Azərbaycan və Özbəkistan arasında da mövcud olan münasibətlər müxtəlif sahələrdə inkişaf etməkdədir. Bizlər qardaş Özbəkistan dövlətinin Azərbaycana qarşı isti münasibətini cənab Prezident İlham Əliyevin Özbəkistana olan rəsmi səfəri zamanı da şahidi olduq. Dili bir, dini bir, etnik tərkibi eyni soy olan xalqların, dövlətlərin qardaşlığını, müttəfiqliyini heç bir qüvvə poza bilməz. Azərbaycan kimi, Özbəkistan da hər zaman yerləşdiyi regionda əbədi sülhün  bərqərar olmasının tərəfdarı olub. Özbəkistan 44 günlük Vətən Müharibəsi zamanı Azərbaycanın haqq savaşını müdafiə etdi, Azərbaycanın əzəli ərazi bütövlüyünü tanıdı. Bax budur Özbəkistanın bizlərə, Azərbaycan xalqına, dövlətinə göstərdiyi ədalətli münasibət. Bu gün Azərbaycan-Özbəkistan münasibətləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Bu gün Azərbaycan bütün türk dövlətləri, o cümlədən Özbəkistanla ən yüksək səviyyədə diplomatik əlaqələrin qurulmasında və inkişaf etdirilməsində bölgənin lider dövləti kimi mühüm təşəbbüslər göstərir, türk birliyinin inkişafına böyük töhfələr verir. Azərbaycan–Özbəkistan əlaqələri TÜRKSOY, TÜRKPA, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Biznes Şurası və digər qurumlar çərçivəsində günbəgün inkişaf etdirilir. Eyni zamanda, Özbəkistanda yüksək səviyyədə təşkilatlanmış Azərbaycan diasporu bu əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Əminik ki, azad Qarabağda aparılan bərpa-quruculuq işlərinə qardaş özbək xalqı və Özbəkistan dövləti daha böyük töhfələr verəcək, iki ölkə arasındakı qarşılıqlı etimada söykənən və əsrlərdir davam edən dostluq və qardaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək, xalqlarımızın rifahının yaxşılaşmasına xidmət göstərəcəkdir.

 

Fərid Əhmədov


YAP Neftçala rayon təşkilatının fəal üzvü