Azərbaycan Özbəkistan ikitərəfli münasibətlərinə daim xüsusi diqqət ayrılır

2022-06-28 Baxış: 234
img

Eyni soya, ortaq tarixə və mədəniyyətə, milli adət-ənənələrə malik olan Azərbaycan və özbək xalqları arasındakı dostluq və qardaşlığın kökləri tarixin dərin qatlarına gedib çıxır. Özbəklər hər zaman Azərbaycan ədəbiyyatına, mədəniyyətinə böyük maraq göstərmiş, azərbaycanlı ədiblərin əsərlərindən bəhrələnmişlər. Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi kimi mütəfəkkirlər hər zaman özbək ədəbi-mədəni mühitində, ictimai fikrində öyrənilmiş, təbliğ olunmuşdur. Hələ orta əsrlərdən başlayaraq böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin əsərləri özbək dilinə tərcümə edilmiş, özbək ədəbiyyatında və əbəbiyyatşünaslığında Nizami ənənələri xüsusi rol oynamışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin  Özbəkistana 21 iyun dövlət səfəri bir çox aspektlərdən xüsusi əhəmiyyət daşıyır. Səfər zamanı Daşkənddə Heydər Əliyev Meydanının açılması, 20-dək sənədin imzalanması, Prezident İlham Əliyevin ən yüksək səviyyədə qarşılanması, Özbəkistan Prezidentinin Azərbaycan və Ulu Öndər haqqında söylədiyi fikirlər bu səfərin ikitərəfli münasibətlərin inkişafı baxımından tarixi əhəmiyyət daşıdığını göstərir.

Səfərin əhəmiyyətini artıran digər bir məsələ isə Prezident İlham Əliyevi Özbəkistana dövlət səfərinin ümummilli lider Heydər Əliyevin Özbəkistana səfərinin 25 illiyinə təsadüf etməsidir. Hələ 1997-ci ildə ulu öndər Heydər Əliyev Özbəkistana səfər etmiş, bir sıra mühüm sənədlərin imzalanmasına nail olmuşdu. Heç şübhəsiz ki, Daşkənddə Heydər Əliyev Meydanının açılışı, Özbəkistan Prezidentinin ulu öndər Heydər Əliyev barədə fikirləri qardaş ölkədə Azərbaycan xalqının ümummilli liderinə dərin rəğbət və böyük hörmətin olduğunu nümayiş etdirir.

Prezident İlham Əliyevin Özbəkistana rəsmi səfəri ilə əlaqədar bəyanatında bu məsələ xüsusi vurğulanır və qeyd edilir ki, Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinə daim xüsusi diqqət ayrılır. 21 iyun tarixli səfər, aparılmış danışıqlar və imzalanmış sənədlər bunun əyani təsdiqidir. Müzakirə olunmuş mövzular və əldə olunmuş razılaşmalar münasibətlərimizin gələcək inkişafı üçün əsas olacaq.

Sona Haxıyeva,

YAP Neftçala rayon təşkilatının fəal üzvü