Azərbaycan dünyada ən böyük ədalətsizliklə üzləşmiş ölkələrdən biri idi

2022-07-06 Baxış: 267
img

Azərbaycan dünyada ən böyük ədalətsizliklə üzləşmiş ölkələrdən biri idi. Ərazimizin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi etnik təmizləmə ilə nəticələndi. Bunu Prezident İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışı zamanı deyib.

Dövlətimizin başçısı bildirib ki, bizim tarixi və dini irsimiz erməni işğalçıları tərəfindən yer üzündən silinib. Bu gün azad olunmuş ərazilərə səfər edənlər bu barbarlığın və vandalizmin şahidi ola bilərlər.

“Məscidlərimizin təhqiri, mədəni və dini abidələrimizin dağıdılması – bunlar faktlardır və bunu heç kəs görməzdən gələ bilməz. Ermənipərəst qüvvələr nə qədər də bunu görməzdən gəlməyə çalışsalar da, buna müvəffəq ola bilmirlər. Çünki artıq minlərlə, bəlkə on minlərlə insan, o cümlədən xarici qonaqlar, siyasətçilər, parlament sədrləri və üzvləri, jurnalistlər, ekspertlər və sıravi insanlar azad edilmiş ərazilərə səfər ediblər.”- deyə Prezident İlham Əliyev vurğulayıb.

Heydər Əliyev Mərkəzində keçirilən Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransı beynəlxalq müstəvidə böyük önəm daşıyıb. Qeyd edək ki, üç gün davam edən konfransa 40-dan çox ölkənin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatının təmsilçiləri qatılıblar.

Məlumdur ki, dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı beynəlxalq aləmdə öz prinsiplərinə bağlılıq nümayiş etdirən mühüm təşkilatdır.

Qürurvericidir ki, 120 ölkənin yekdil qərarı ilə 2023-cü ilin sonuna kimi Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uzadılması ölkəmizə böyük hörmət və fəaliyyətimizin qiymətləndirilməsi əlamətidir. Prezident İlham Əliyevin iştirakı ilə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının keçirilməsi Azərbaycan tərəfinin təşkilatın inkişafına növbəti töhfəsi kimi tarixə düşdü.

İlkin Məmmədov,

YAP Neftçala rayon təşkilatının üzvü