Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin dil siyasətini müəyyənləşdirdi

2022-07-26 Baxış: 365
img

Dil insanın həyatda qazandığı ən dəyərli mənəvi sərvətlərdəndir. O, hər bir fərdi məxsus olduğu cəmiyyətə, xalqa, millətə bağlayan bütün bağların ən mühümüdür. Dil cəmiyyətin varlığı, onun təşəkkülü və inkişafı üçün çox zəruri vasitədir. Xalqımızın tarixi kimi, dilimizin tarixi də çox qədimdir. Milli mənəviyyatımız, milli varlığımız olan dilimizi xalqımız həmişə müqəddəs bilmiş və bugünədək qoruyub saxlamış, inkişaf etdirmişdir. Zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, qüdrətlidir, ölməzdir.

Təəssüflər olsun ki, keçmiş SSRİ dövründə bir sıra obyektiv və subyektiv səbəblər ucbatından dilimizin işlənmə dairəsi xeyli daralmışdı. Bu vəziyyət yalnız Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərlik etməyə başlamasından sonra tamamilə dəyişmişdir. Ulu Öndər rəhbərliyə gəldiyi 1969-cu ilin ilk günlərindən dilimizin inkişafı naminə fədakar fəaliyyətə başlamışdır. O, Azərbaycan əhalisinin etnik-genetik tərkibini, respublikanın milli ictimai marağını nəzərə alaraq elə bir “dil siyasəti” yürüdürdü ki, həmin siyasətin ana məqsədi ana dilini daha da inkişaf etdirmək, cilalamaq, müstəqil dövlət dilinə çevirmək, bunun üçün tələb olunan funksional-üslubi imkanlara yiyələndirmək, müəyyən təcrübə qazandırmaq idi. Ədəbi və xalq danışıq dilini dərindən bilən, bu dilin zəngin lüğət tərkibinə yaxşı bələd olan və qrammatik imkanlarından fitri istedadı sayəsində səmərəli istifadə etməyi bacaran Ümummilli Lider Heydər Əliyev yüksək səviyyəli yığıncaqlarda, müşavirələrdə ana dilində etdiyi çıxışlarla həm özünə, həm də Azərbaycan dilinə böyük hörmət və məhəbbət qazandırmışdı.

Ümummilli Lider doğma xalqının, dilinin mənşəyi, formalaşması, sabitləşməsi kimi məsələlərə böyük həssaslıqla yanaşır, bütün bunları elmi faktlarla əsaslandırır, Azərbaycan dilinə xalqımızın əvəzsiz sərvəti, tarixi, mədəniyyəti kimi yanaşırdı. Xüsusilə gənclərlə görüşlərində bu məsələləri ön plana çəkməsi Ulu Öndərin gələcəyin bünövrəsinin sağlam olması istəyindən irəli gəlirdi.

Ulu Öndərin Azərbaycan dili tarixinə töhfələrindən danışarkən bir mühüm faktı qeyd etməliyik. Bu 2001-ci il avqustun 9-da imzalanan “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi” haqqında fərmandır. Fərmana uyğun olaraq hər il avqust ayının 1-i Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.

Azərbaycan dili öz mahiyyətinə görə dünyanın ən zəngin milli dillərindən biridir. Ümummili Liderimizin ölkəmizdə hər zaman diqqətdə saxladığı “dil siyasəti” bugündə Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və dilimizin qorunmasına, inkişafına töhfələr verilir.

 

Sona Haxıyeva,

YAP Neftçala rayon təşkilatının fəal gənci