Neftçala gəncləri üçün "Düşərgə adamı" layihəsi keçirilib.

2022-08-11 Baxış: 443
img
Neftçala rayon Gənclər və İdman İdarəsinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Neftçala nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Düşərgə adamı" layihəsi həyata keçirilib. 

Neftçala rayonunun Xolqaraqaşlı kəndində yeniyetmə və gənclər üçün təşkil olunan günərzi yay düşərgəsində ümumilikdə 70-dən artıq gənc iştirak edib. Üç hissədə keçirilən düşərgənin ilk hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə öz işinə başlayıb. Daha sonra Neftçala rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Əhmədov və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Neftçala nümayəndəliyinin direktoru Fərhad Baxışov çıxış edərək rayonda gənclərlə iş sahəsində görülən işlər, eyni zamanda günərzi düşərgə və onun proqramı haqqında məlumat veriblər.

Düşərgənin birinci hissəsində gənclərin dünyagörüşünü və intellektual səviyyəsini inkişaf etdirmək, onların istedadını üzə çıxarmaq və nümayiş etdirmək məqsədilə “İntellekt”, “İstedad”, “Cəsarət” və s. müxtəlif rubrikalar təşkil olunub. Düşərgənin növbəti hissəsində gənclərin araşdırma və mülahizə qabiliyyətinin inkişaf etdirilməsi, onlarda təqdimat bacarıqlarının formalaşdırılması məqsədilə müxtəlif mövzular üzrə qrup işləri həyata keçirilib. Günərzi yay düşərgəsinin maraqlı və əyləncəli anlarla yadda qalan üçüncü hissəsində isə gənclər müxtəlif fərdi və komanda oyunlarında öz güclərini sınayıblar. Düşərgənin davamında gənc atletlərin nümunəvi çıxışları baş tutub. Daha sonra isə gənclər çadır qurma təlimlərində iştirak ediblər. Onlara düzgün məkan və istiqamətin seçilməsi, dəyişkən hava şəraiti və təhlükəsizlik tədbirləri izah olunub.