Nəqliyyat - logistika infrastrukturunun inkişafı ilə bağlı böyük planlar var

2022-08-26 Baxış: 105
img
Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün də Ölkə Başçısı cənab İlham Əliyev tərəfindən uğurla icra olunan uğurlu xarici siyasət Azərbaycanı regionun süper güc dövlətinə çevirmişdir. 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan regionun iqtisadi-siyasi müstəvisində yeni bir səhifə açdı. Artıq əminliklə deyə bilərik ki, Azərbaycanın münasibəti və rəyi alınmadan regionda heç bir beynəlxalq layihə reallaşdırıla bilməz. Bu gün dünyanın bir çox dövlətlərinin Azərbaycana olan iqtisadi marağı hər ötən gün artmaqdadır. Erməni işğalçılarının ayaqları əzəli torpaqlarımızdan kəsildikdən sonra həmin ərazilərdə sürətli və keyfiyyətli şəkildə quruculuq işləri davam etdirilir. Həmin ərazilərdə aparılan quruculuq işlərində yerli şirkətlərlə yanaşı Azərbaycanın dostu və müttəfiqi olan ölkələrin də tikinti şirkətləri yaxından iştirak etməkdədir. Qazaxıstanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən yenidənqurma işlərində yaxından iştirak etməsi üçün hər iki ölkə başçısı arasında əldə olunan razılaşma Qazaxıstan Prezidentinin Azərbaycana etdiyi səfəri zamanı əldə olunan ən mühüm razılaşmalardan biri sayıla bilər. Bəli bu faktdır ki, Azərbaycanla Qazaxıstanı tarixi dostluq-qardaşlıq telləri bağlayır. Burada eyni soykök, eyni mədəni və mənəvi amillər mühüm önəm kəsb edir. Eyni zamanda vurğulamalıyıq ki, hər iki ölkə strateji tərəfdaşdırlar. Bu münasibətlər, istər sovetlər dönəmində, istərsə də müstəqillik bərpa edildikdən sonra hər iki ölkə arasında diplomatik əməkdaşlığın qurulduğu 30 ilə yaxın bir dövrdə bütün sahələr üzrə dinamik inkişaf yolu keçib. Qazaxıstan daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan ədalətli mövqe nümayiş etdirib. Bizlər bu münasibəti 44 günlük Vətən Müharibəsi zamanı da açıq-aşkar müşahidə etdik. Bu gün iki ölkə arasında yanacaq-energetika, nəqliyyat, logistika, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı və qida təhlükəsizliyi, miqrasiya, səhiyyə, mədəniyyət, turizm, təhsil, ətraf mühitin mühafizəsi, gənclər siyasəti və digər sahələrdə əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verilir. Azərbaycan şirkətlərinin Qazaxıstanda həyata keçirilən infrastruktur layihələrində və digər istehsal sahələrində iştirakının təmin edilməsi üçün qarşılıqlı məlumat mübadiləsi aparılır. Azərbaycanın sənaye parklarının məhsullarının Qazaxıstan bazarına çıxarılması, həmçinin qazax şirkətlərinin ölkəmizdə birgə müəssisələrin yaradılmasına cəlb edilməsi, neft və neft məhsullarının ticarətinin genişləndirilməsi məsələləri də daim diqqət mərkəzində saxlanılır. Qardaş və dost dövlətlərin bu addımı və isti münasibətləri əlbəttə, ikitərəfli əlaqələrin inkişafına da töhfədir. Eyni zamanda bu dostluğa, qardaşlığa qısqanlıq edən tərəflərə də ciddi mesajdır. Bu münasibətlərin, əməkdaşlığın içində ən vacibi və siyasi əhəmiyyətlisi Qazaxıstanın işğaldan azad olunan ərazilərin bərpa və yenidənqurma işlərinə qoşulması sayıla bilər. Bu gün biz vurğulamalıyıq ki, istər paytaxt Bakı, istərsə də Nursultan şəhərinin Türk Dövlətləri Təşkilatına (TDT) daxil olması, türk dövlətləri arasında həm siyasi, həm də iqtisadi əlaqələrin möhkəm bağlar üzrərində qurulmasında mühüm töhfə vermiş olacaqdır.
Vidadi İsmayılov;
YAP Neftçala rayon təşkilatının üzvü, şəhid atası