Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Birinci Dövlətlərarası Şuranın iclasının Qərarı

2022-10-15 Baxış: 234
img
Möhkəm təmələ əsaslanan Azərbaycan–Qırğızıstan münasibətlərinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və ötən müddətdə bu varislik sayəsində iki ölkə arasında əlaqələr uğurla inkişaf edib. Şübhəsiz ki, bu əməkdaşlığın möhkəmlənməsinə xalqlarımız arasında dərin tarixi və mənəvi köklərin mövcudluğu da mühüm təsir göstərib. Bu, iki ölkə arasında bütün dövrlərdə hər hansı bir siyasi ziddiyyətin yaranmamasında da özünü qabarıq büruzə verib. Bu gün Qırğız Respublikası Azərbaycanla geniş ticari-iqtisadi sahədə əməli əməkdaşlığın reallaşdırılması üçün geniş imkanlara malikdir. Ticarət əlaqələri iki ölkə münasibətlərinin əsas istiqamətlərindəndir. Bununla belə, respublikalar arasında ticarətin həcmi bu sahədə potensialı tam əks etdirmir. Ticarət, eləcə də investisiya sahəsində tərəfdaşlığın genişləndirilməsi üçün imkanlar daha böyükdür və bu istiqamətdə qarşılıqlı səylərin gücləndirilməsi mühüm önəm daşıyır. Prezident İlham Əliyevin və Qırğız Prezidenti Sadır Japarovun iştirakı ilə oktyabrın 11-də Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclasında tərəflər arasında ticarət-investisiya əməkdaşlığından danışılarkən, Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun mühüm rolu da nəzərdən keçirilib. İclasda bu Fondun Azərbaycan investisiyalarının Qırğızıstana cəlb edilməsində, qarşılıqlı faydalı biznes layihələrinin icrasında sürət katalizatoruna və fəaliyyət mexanizminə çevrilməsinə zərurət yarandığı diqqətə çatdırılıb. Azərbaycana investisiya qoyuluşuna marağın getdikcə artması, həm də ölkəmizin siyasi cəhətdən sabit olması, milli, dini və irqi tolerantlığı baxımından seçilməsi ilə bağlıdır. Eyni zamanda, Azərbaycan beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirir. Respublikamızın təşəbbüskarı olduğu transmilli layihələr hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. İclasda indiki mərhələdə nəqliyyat-tranzit sahəsində əməkdaşlığın vacibliyi də xüsusi vurğulanıb, artıq fəaliyyət göstərən, eləcə də tikintisi planlaşdırılan yeni nəqliyyat yolunun iki ölkəyə məxsus kommunikasiyalarının daha sıx birləşdirməsinə imkan verəcəyi diqqətə çatdırılıb. Prezident İlham Əliyevin Qırğız Respublikasına səfəri çərçivəsində keçirilən görüşlərdə nəqliyyat-tranzit sahəsində əməkdaşlıq məsələsi xüsusi diqqətdə saxlanılıb. Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclasında bu barədə ətraflı danışılıb. İlk növbədə, inşasına başlanılacaq dəmir yolundan gedir. Belə ki, hər iki ölkə Xəzərə çıxışı olan Çin–Qırğızıstan–Özbəkistan dəmir yolunun qurulması barədə qərarı dəstəkləyir. Bu cür mühüm əhəmiyyət daşıyan bir xəttin yaxın gələcəkdə Orta Dəhlizin bir hissəsi olacağı nəzərdə tutulur. Qırğızıstan və Azərbaycanın əhatələndiyi regionda və Qərbi Xəzər bölgəsində həyata keçirilən bu layihə həm liman imkanlarının artırılmasını, həm də genişləndirilməsini şərtləndirir. Hazırda ölkəmizin ərazisindən keçən Şərq–Qərb və Şimal– Cənub marşrutları üzrə yükdaşımaların hər il artması müşahidə olunur. Son statistik məlumatlara görə, Yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanından gələn tranzit yüklərin həcmi getdikcə yüksəlir. Mütəxəssislər tərəfindən bu limanın tikilməsi və istifadəyə verilməsi Xəzərdə nəqliyyat-logistika infrastrukturunun inkişafı işinə Azərbaycanın daha bir mühüm töhfəsi kimi qiymətləndirilir. Orta Dəhliz marşrutunun tərkib hissəsi olan Zəngəzur dəhlizinin açılması böyük perspektivlər vəd edir. Təhlillərə görə, Zəngəzur dəhlizi Azərbaycan və ona aid olan Naxçıvanı birləşdirməkdən savayı, Şimal–Cənub və Şərq–Qərb tranzit yolları arasında mühüm əlaqə yaradacağını da şərtləndirir.Gələcəkdə istifadəyə veriləcək Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu avtomobil və hava xətləri ilə birgə nəqliyyat infrastrukturu potensialını gücləndirəcək.Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclasında bütün bunlar barədə ətraflı məlumat verilib. Dövlətimizin başçısının dost ölkəyə səfəri strateji tərəfdaşlığın məntiqi davamı kimi dəyərləndirilib, eyni zamanda, gələcəkdə qarşılıqlı münasibətlərin istiqamətlərinin nəzərdən keçirilməsi, həmçinin fəaliyyət alqoritminin, eləcə də istiqamət parametrlərinin məzmun və xarakterini müəyyənləşdirmək baxımından mühüm önəm daşıdığı bildirilib.

Cavad Mirzəyev,
YAP Neftçala rayon təşkilatının ideoloji işlər üzrə məsləhətçisi