Neftçalada "Zəfər Kuboku" intellektual yarışı keçirilib.

2022-11-07 Baxış: 263
img
Neftçala Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Neftçala nümayəndəliyinin, Neftçala Rayon Gənclər və İdman İdarəsinin və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə "8 Noyabr - Zəfər Günü"nə həsr olunan və Nə? Harada? Nə zaman? formatında baş tutan "Zəfər Kuboku" intellektual yarışı keçirilib. İki seçim turu və bir final mərhələsindən ibarət olan yarışda şəhər və qəsəbə məktəblərini təmsil edən ümumilikdə 8 komanda iştirak edib.
Gərgin mübarizə şəraitində keçən yarışın finalında şəhər məktəblərini təmsil edən "İstiqlal" komandası l yerdə, "Muğan" komandası ll yerdə, "İrəli" komandası isə lll yerdə qərarlaşıb.
Final mərhələsinə yüksələn və müvafiq yerləri tutan komandaların təltif olunması məqsədilə mükafatlandırma mərasimi keçirilib. Təşkilatçı qurum əməkdaşlarının, Vətən müharibəsi qazilərinin və gənclərin iştirak etdiyi tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin davamında "Zəfər Kuboku" intellektual yarışının əhəmiyyəti və nəticələri barədə məlumat verilib, eyni zamanda qazilərin təbrik çıxışları dinlənilib. Daha sonra müharibə və ötən iki ili özündə birləşdirən Zəfər xronikası izlənilib. Mərasimdə final mərhələsinə yüksələn bütün komandalar müvafiq diplomlarla mükafatlandırılıb. Əlavə olaraq, birinci yerin sahibinə rəmzi kubok təqdim edilib.