Dövlətimizin strateji fəaliyyət istiqamətlərini müəyyən edən sənəd

2022-11-11 Baxış: 196
img

Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunmasının 27 ili tamam olur. Hüquqi, demokratik və dünyəvi dövlətin əsaslarını yaratmaq məqsədilə ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycanın ilk Konstitusiyası hazırlanmış və 1995-ci il noyabrın 12-də referendumda xalqımız tərəfindən qəbul edilmişdir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin qarşısında bu müstəqilliyi qoruyub saxlamaq, dövlətçiliyimizi inkişaf etdirmək, demokratik islahatlar aparmaq kimi mühüm vəzifələr dururdu. Lakin respublikamız müstəqilliyini bərpa etsə də, ölkədə hökm sürən ictimai-siyasi qeyri-sabitlik, xaos və anarxiya yeni konstitusiyanın qəbul edilməsini mümkünsüz edirdi. Azərbaycan vətəndaş qarşıdurması astanasına sürüklənmiş, milli dövlətçiliyimiz isə məhv olmaq təhlükəsi altında idi. Mövcud olan hüquq sistemi və qanunlar hüquqi və demokratik cəmiyyət quruculuğuna, qanunun aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının müdafiəsinə təminat vermirdi. Cəmiyyətin gələcək inkişafı hüquq sahəsində islahatların həyata keçirilməsini, tamamilə yeni mütərəqqi və demokratik dəyərlərə əsaslanan hüquq və məhkəmə sisteminin, qanunvericilik bazasının formalaşdırılmasını tələb edirdi. Məhz belə bir çətin məqamda, ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə xalqın təkidli tələbi ilə qayıdışı müstəqil Azərbaycan dövlətçiliyinin əsasını qoydu. Ulu Öndər xalqı müstəqil Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdirməklə özünün tarixi missiyasını yerinə yetirdi və dövlətçiliyimizin tarixi səhifələrini yazdı. Ümummilli Liderin dərin zəkası sayəsində, ilk növbədə, dövlət idarəçiliyinin bütün sahələrinin mütərəqqi standartlara uyğunlaşdırılmasına, insan hüquq və azadlıqlarının qorunması ilə bağlı davamlı demokratik islahatların həyata keçirilməsinə başlanılmışdır. Ölkədə ictimai-siyasi sabitlik bərqərar olunandan sonra, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində qanunçuluq və hüquq qaydası bərpa edildi. Bütün bunlar isə Azərbaycan xalqının və dövlətinin tarixində ilk milli Konstitusiyanın qəbul edilməsi üçün lazımi ictimai-siyasi şəraitin yaradılması ilə nəticələndi. Müdrik şəxsiyyətin rəhbərliyi altında hazırlanaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. Yeni qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası humanizm və demokratiya prinsipləri ilə ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, dövlətçiliyimizin tərəqqisi naminə hərtərəfli zəmin yaratdı. Məhz Heydər Əliyevin gərgin əməyinin bəhrəsi olan bu böyük tarixi və hüquqi sənəd Azərbaycanın müstəqillik yolunda daha da inamla addımlamasına, milli, mənəvi dəyərlərimizin qorunması və əhalinin rifahının təmin edilməsi üçün geniş imkan yaratdı. Konstitusiyada demokratik təsisatlar, hüquqi dövlətin atributları, hakimiyyət bölgüsü, insan hüquq və azadlıqları və onların təminatı kimi mütərəqqi müddəalar öz əksini tapmışdı. Dövlət müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq qalaraq digər xalqlarla dostluq, sülh, əmin-amanlıq şəraitində yaşamaq kimi ülvi niyyətlərin bəyan edilməsi Konstitusiyanın demokratik dəyərlərini əks etdirir. Bu tarixi hadisə dövlətçilik tariximizdə şanlı bir səhifə yazdı və dövlətimizin hüquqi, siyasi və iqtisadi inkişafının gələcək istiqamətlərini müəyyənləşdirdi. Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirilən islahatlar ölkəmizdə siyasi, iqtisadi və hüquqi sistemin köklü dəyişdirilməsindən ibarət olmaqla, dövlət və cəmiyyətin həyatının bütün sahələrini əhatə etmişdir. 27 il öncə qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyası ölkə ərazisində birbaşa ali hüquqi qüvvəyə malik olan, həyatımızın bütün sahələrinə təsir göstərən canlı bir sənəddir. Konstitusiya hüquq sisteminin təməlini təşkil edir. Hüquq sisteminin nüvəsini, bünövrəsini təşkil etməklə, konstitusiya bu sistemdən təcrid olunmuş şəkildə deyil, həmin sistem daxilində fəaliyyət göstərir. Konstitusiya hüquq sisteminin başlıca yaradıcı elementi, onun əsas hüquqi mənbəyidir. Konstitusiya qəbul edildikdən sonra ölkəmizdə dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılmış, beynəlxalq təcrübə və tövsiyələr nəzərə alınmaqla məhkəmə-hüquq islahatları həyata keçirilmiş, bir sıra yeni institutlar - Konstitusiya Məhkəməsi, İnsan hüquqları üzrə müvəkkil (Ombudsman), yerli özünüidarəetmə orqanları olan bələdiyyələr yaradılmış və fəaliyyətə başlamış, xüsusi mülkiyyət institutunun inkişafı və ümumiyyətlə, mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı mükəmməl təminat sistemi formalaşmışdır. Ulu öndər Heydər Əliyevin işğal altındakı torpaqlarımızın azad olunması üçün göstərdiyi səylər təkcə diplomatiya ilə məhdudlaşmırdı. Ümummilli Lider danışıqların aparılması ilə yanaşı, Azərbaycan Ordusunun formalaşması və gücləndirilməsinə xüsusi diqqət yetirirdi. 1993-cü ilin sonlarından başlayaraq həyata keçirilmiş xüsusi tədbirlər nəticəsində Azərbaycanda milli ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Yeni ordu quruculuğu prosesi daha sonra ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildi və qısa müddət ərzində müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan qüdrətli Azərbaycan Ordusu yaradılmışdır. Bu, həmin rəşadətli ordudur ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində Qarabağda Zəfər bayrağımızı qaldırdı. 2020-ci il sentyabrın 27-də başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Torpaqlarımızın işğaldan azad olunması ilə tarixə qızıl hərflərlə həkk olunmuş 44 günlük zəfər yürüşümüz alınmaz qala, mədəniyyət paytaxtımız Şuşanın noyabrın 8-də düşmən tapdağından qurtulması ilə başa çatmışdır. Bu il Konstitusiyanın qəbul edilməsinin 27-ci ilində qürur və fəxrlə deyə bilirik ki, Konstitusiyanın müddəaları bütöv Azərbaycanın ərazisində ali qüvvəyə malikdir və 30 ilə yaxın müddətdən sonra vətəndaşlarımız pozulmuş hüquqlarını bərpa edərək öz yurdlarına geri dönmək prosesinə hazırlaşırlar. Böyük Qələbəni Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandan cənab İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” deyən Ulu Öndərin arzusunu reallaşdırdı. Bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda törədilmiş terror aktları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi. Bu Qələbəni, Zəfəri bizlərə yaşadan isə ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, siyasi iradəsi və Rəşadətli Ordumuzdur.

Elşad Əhmədov,

YAP Neftçala rayon təşkilatı

Ərazi Partiya təşkilatının sədri