Yeni Azərbaycan Partiyasının inkişafında yeni mərhələ

2022-11-15 Baxış: 294
img

Şərəfli inkişaf yolu keçən Yeni Azərbaycan Partiyası Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, inkişafa, sabitliyə, tərəqqiyə xidmət edən milli məqsədlərin reallaşdırılmasında misilsiz xidmətlər göstərib. YAP bu cür ali məramlı fəaliyyəti və müstəsna əhəmiyyətə malik olan misilsiz xidmətləri ilə ümumxalq partiyasına çevrilib. Yeni Azərbaycan Partiyası dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq ölkəmizdə yaşayan bütün insanların, eləcə də bütün xalqların partiyasıdır. YAP, həmçinin öz sıralarında cəmiyyətin bütün təbəqələrindən olan insanları birləşdirən avanqard siyasi qüvvədir.

Yeni Azərbaycan Partiyasının yaradılması müstəqil Azərbaycanın siyasi sisteminin əsasının qoyulması idi. Partiyamız sivil siyasi mübarizə qaydalarını müəyyənləşdirməklə yanaşı, çoxpartiyalılığın əsasını qoydu, siyasi plüralizm və  demokratiyanın bərqərar olmasını təmin etdi. Ölkəmizdə sabitliyin və təhlükəsizliyin təmin olunmasında Yeni Azərbaycan Partiyasının tarixi əhəmiyyət kəsb edən misilsiz xidmətləri həlledici rol oynadı.

YAP Azərbaycanın aparıcı siyasi qüvvəsi, Cənubi Qafqazın ən böyük partiyasıdır. Partiyamızın beynəlxalq əlaqələri də yüksələn xətt üzrə inkişaf edir, əməkdaşlığın coğrafiyası və məzmunu genişlənərək keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. YAP-ın beynəlxalq əlaqələri, hər şeydən əvvəl, Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən balanslaşdırılmış və məqsədyönlü xarici siyasət kursuna əsaslanır. Partiyamız dünya ölkələrinin aparıcı siyasi partiyaları ilə çoxşaxəli və səmərəli əlaqələrə malikdir.

Yeni Azərbaycan Partiyasının gücləndirilməsi və inkişafı istiqamətində atılan addımlar davamlı xarakter daşıyır.Xüsusilə, partiyamızın 2021-ci il martın 5-də keçirilmiş VII qurultayında dövlət başçısının qarşıya qoyduğu vəzifələrin icrasına nail olunması siyasi sistemin və ictimai-siyasi münasibətlərin inkişafına, demokratik dəyərlər və ənənələrin gücləndirilməsinə, bütövlükdə isə, ölkəmizin tərəqqisinə yeni təkan və töhfə olacaq. Ümumiyyətlə, Yeni Azərbaycan Partiyasının VII qurultayının əhəmiyyətindən bəhs edəsrkən onu da qeyd etmək lazımdır ki, YAP daxili struktur etibarilə yeni keyfiyyət dəyişikliyinə nail oldu və siyasi təşkilat olaraq daha da gücləndi. Eyni zamanda, partiyamız ölkənin gələcəyi baxımından yeni prioritet məqsəd və vəzifələri müəyyənləşdirmiş oldu, monolit siyasi güc kimi ölkənin perspektiv inkişafında mühüm rol oynayacağını nümayiş etdirdi. Bütövlükdə həm Yeni Azərbaycan Partiyasının fəaliyyətində, həm də ölkəmizin gələcək inkişafı baxımından yeni mərhələsinin əsası qoyuldu.

Bu gün Yeni Azərbaycan Partiyası Ümummilli lider Heydər Əliyevin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin sədrliyi ilə öz fəaliyyətini uğurla və müvəffəqiyyətlə davam etdirir, qatıldığı bütün seçkilərdə parlaq qələbələr qazanır. Təsadüfi deyil ki, YAP qələbələr partiyası kimi səciyyələndirilir. Bu gün Azərbaycanda Yeni Azərbaycan Partiyasına rəqib ola biləcək siyasi qüvvə yoxdur və partiyamız öz sıralarını mütəmadi olaraq genişləndirir. Ümummilli liderimiz Heydər Əliyevin qeyd etdiyi kimi, "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır".

 

Sona Haxıyeva

YAP Neftçala rayon təşkilatının təşkilati işlər üzrə məsləhətçisi